Sədərək ticarət mərkəzi

Elektrik böhranı qiymət artımına da səbəb oldu

516
(Yenilənib 22:40 03.07.2018)
Fürsətçil tacirlər qiymətləri "şişirdib"

BAKI, 3 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, dünən gecə ölkə ərazisində elektrik enerjisinin ilə bağlı ciddi böhran yaşanıb. Elektrik enerjisinin kəsilməsi özü ilə bərabər bir çox sahələrdə də problemlər yaradıb. Paytaxtın, demək olar ki, əksər hissəsində hazırda elektriklə yanaşı su da yoxdur.

Qəribəsi odur ki, ölkədə yaşanan elektrik böhranı qiymət artımına da təsir edib. Artım daha çox "Sədərək" Ticarət Mərkəzində müşahidə olunur. Bu barədə Sputnik Azərbaycan-a "Sədərək"də fəaliyyət göstərən bir neçə mağaza əməkdaşı məlumat veriblər.

Onlar bildiriblər ki, Sədərək bazarında hazırda işıqlar yanmır: "Səhərdən bazara gəlmişik, ancaq işləyə bilmirik. İşıq yoxdur, mağazalar qaranlıqdır, həm də çox istidir deyə, oturub işləyə bilmirik". 

Həmçinin qeyd ediblər ki, bazardakı kafe və yeməkxanalar işığın olmamasından istifadə edib qiymətləri qaldırıblar: "Bu gün çox az sayda kafe və yeməkxana işləyir. İşləyənlər də fürsətdən istifadə edib qiymətləri ikiqat "şişirdiblər". Hər gün bir manata aldığımız çayı bu gün iki manata almağa məcbur olduq".

Mağaza əməkdaşları onu da vurğulayıblar ki, bazarda məişət avadanlıqlarının satışında da qiymət artımı müşahidə olunur. Ancaq bu artım bir neçə gündür ölkə ərazisində hökm sürtən anomal istilərlə əlaqədardır.

"Havalar normadan artıq isti keçdiyinə görə kondisionerlərin, sərinkeşlərin qiyməti son bir neçə gündə artıb. Məsələn, bir həftə əvvəl 1020 manata təklif olunan kondisioner hazırda 1100 manata satılır. Sərinkeşlərin qiymətində isə keyfiyyətinə və firmasına görə 2-20 manat arası artım var. Bu artım son günlərdə məişət texnikasına tələbatın artması ilə bağlıdır" – deyə qeyd ediblər.

Onu da öyrəndik ki, bazarda bu gün alış-veriş edənlərin sayı qiymətlərlə tərs mütənasibdir. Belə ki, bazara mal almağa gələnlərin sayında əvvəlki günlərlə müqayisədə azalma hiss olunur. 

Qeyd edək ki, bu gecə Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda baş vermiş partlayış və yanğın nəticəsində respublikanın əksər hissəsi qaranlığa qərq olub. Aparılan təcili və təxirəsalınmaz işlər nəticəsində bir neçə saat içərisində ölkə ərazisinin 80%-ində elektrik enerjisinin verilməsi bərpa olunub.

Hazırda isə elektrik enerjisinin kəsilməsi ilə bağlı digər sahələrdə yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər görülür. Artıq bir çox sahələrdə həyat normal məcrasına dönüb.

516
Kino lenti, arxiv şəkli

"Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatına kim layiq görüldü?

14
(Yenilənib 23:58 01.12.2020)
Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər.

BAKI, 1 dekabr — Sputnik. "Narimanfilm" kinostudiyasının direktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov 2020-ci il noyabrın 27-də 13-cü Global Film Festival Noida və "MARWAН STUDIOS" (Hindistan) tərəfindən kinematoqrafiyanın irəliləyişi işində göstərdiyi əməyinə görə "Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatı ilə təltif olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 13-cü Global Film Festival Noida 2020-ci il noyabr ayının 26-28 tarixlərində Hindistanda, Noida şəhərində yerləşən "MARWAН STUDIOS"-da keçirilmişdir. Bu, tələbələr, entuziastlar və kino professionalları daxil olmaqla, bütün dünya kinematoqrafiya cəmiyyəti ilə birlikdə kinonun gücünü tərənnüm edən ən böyük və tanınmış festivallardan biridir. Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər. Festivalın prezidenti məşhur Hindistan rejissoru, prodüseri, jurnalisti, həmçinin, Asiya Kino və Televiziyası Akademiyasının təsisçisi və prezidenti cənab Sandip Marvadır.

14
Teqlər:
tələbələr, rejissor, Hindistan, prodüser, mükafat
Quşlar

Quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirilib

7
(Yenilənib 23:48 01.12.2020)
Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub.

BAKI, 1 dekabr — Sputnik. Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümü epizootoloji monitorinqlərə başlanılıb. İlk monitorinq 2-6 noyabr 2020-ci il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların əməkdaşlarının iştirakı ilə keçirilib. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, çöl quşları arasında monitorinqlər Abşeron yarmadasını, Şirvan Milli Parklarının ərazisini, Ağzıbir ovçuluq təsərrüfatını və Qızılağac Milli Parkı ilə yanaşı, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edib. Eyni zamanda, Bakı şəhərindəki, Abşeron, Şabran, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarında müxtəlif növ quşdan, o cümlədən Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron, Salyan, Neftçala, Sabirabad, Lənkəran, Cəlilabad, Xızı və Siyəzən rayonlarında yerləşən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində ev quşundan diaqnostik materiallar götürülərək laboratoriya müayinələrinə cəlb edilib.

Monitorinqlər zamanı çöl quşlarından götürülmüş patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən quşlara və ya quş cəsədinə rast gəlinməyib.

7