Bakı şəhərinin görünüşü

Elektrik verilişi hər yerdə bərpa edilir, ölkə normal həyata qayıdır

221
(Yenilənib 09:57 03.07.2018)
Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhələli şəkildə elektrik enerjisinin təminatı bərpa edilməkdədir

BAKI, 3 iyul — Sputnik. Azərbaycanda elektrik enerjisinin kəsilməsi ilə bağlı yaranmış fəsadlar aradan qaldırılır. Sputnik Azərbaycan xəbər verir ki, artıq bir çox sahələrdə həyat normal məcrasına dönüb.

Energetika Nazirliyi və "Azərenerji" ASC-nin birgə operativ məlumatında qeyd olunur ki, həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib: "Qısa müddət ərzində ölkənin digər bölgələrində də enerjinin verilişi bərpa ediləcək. Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhələli şəkildə elektrik enerjisinin təminatı bərpa edilməkdədir".

Ölkədə dövlət xəstəxanaları fəaliyyətlərini ştatlı rejimdə davam etdirilər. Hüquq-mühafizə orqanları isə gücləndirilmiş iş rejiminə keçiriliblər. Xüsusən də paytaxtda bəzi ərazilərdə işıqforların bir müddət işləməməsi səbəbindən, yollarda nəqliyyatın hərəkəti Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən tənzimlənib. Hazırda bütün ərazilərdə işıqforların fəaliyyətinin bərpa edilməsinə baxmayaraq, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları əsas küçə və prospektlərdə gücləndirilmiş iş rejimində işləməkdə davam edirlər.

Bakı Nəqliyyat Agentlyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib ki, gecə saatlarından həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində paytaxt yollarında bütün işıqforların fəaliyyəti bərpa edilib. Onun sözlərinə görə, yarana biləcək hər hansı texniki nasazlığın dərhal aradan qaldırılması məqsədi ilə agentliyin şəhər ərazisində texniki heyətdən ibarət mobil qrupları fəaliyyət göstərir.

Bakı Metropolitenində səhər tezdən bəzi problemlər olub. Elektrik enerjisinin olmaması səbəbindən, bəzi stansiyalar işləməyib, metronun "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişin qəbul etməyib. Amma saat 8:32-dən etibarən bütün problemlər aradan qaldırılıb və hazırda bütün xətlərdə qatarların hərəkəti qrafikə uyğun davam edir.

Buna baxmayaraq, bəzi sahələrdə problemlər qalmaqdadır. Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

 "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün (iyulun 3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

Mingəçevir şəhərində məlum qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, gün ərzində suyun verilişi tam bərpa ediləcək: "Oğuz-Qəbələ-Bakı su kəməri də nasoslarla işləyən subarteziyan quyularla qidalandığı üçün, onun da fəaliyyətində fasilə yaranıb. Həmçinin şəhərdaxili nasoslar və anbarların da fəaliyyəti dayandırılmışdı. İndi Ceyranbatanda tam rejimi bərpa etmişik. Kürdə yığım prosesini bərpa etmişik və tam rejimə keçmək üzrəyik. Oğuz-Qəbələ-Bakını da bu saatlarda qoşmağı planlaşdırırıq. Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır. Hidravlik rejimin pozulmaması, sistemdə hava qalmaması və xəttin dağılmaması üçün xəttə su mərhələli şəkildə verilir".

221
Teqlər:
qəza, Mingəçevir, gücləndirilmiş iş rejimi, polis, qatar, xəstəxana, işıqforlar, "Azərsu" ASC, "Azərbaycan Dəmir Yolları" QSC, Bakı Metropoliteni, kəsilmə, elektrik enerjisi
Əlaqədar
Azərbaycan qaranlığa qərq oldu
Ölkənin elektriksiz qalmasının səbəbi açıqlandı
Mingəçevirdə partlayış olub, FHN hadisə yerində çalışır
Prezident baş verənləri şəxsi nəzarətə götürdü
KT, arxiv şəkli

"Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir"

6
(Yenilənib 16:38 22.01.2021)
Məqsəd diaqnostikada istifadə olunan klinik-laborator, rentgen aparatları və s.  kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır.

BAKI, 22 yanvar — Sputnik. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir. Bunu Sputnik Azərbaycan-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev deyib.

Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və s. kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində xidmət göstərən subyektlərin nəzərinə çatdırır ki, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, səhiyyə sahəsində yalnız üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadəyə görə vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövrü yoxlamadan keçirmək üçün "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsə və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş digər qurumlara müraciət edə bilərlər.

İstehlakçılara tövsiyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən ölçmələrin qeyri-dəqiq nəticələri ilə qarşılaşmamaq üçün tibbi ölçü cihazlarının yararlılığına dair təsdiqedici sənədi tələb etsinlər, yoxlamadan keçməmiş tibbi cihazlarla göstərilən xidmətləri almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə istehlakçılara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel: 498-15-01 və 498-15-04).

6
Qida festivalı, arxiv şəkli

Azərbaycanda qastronomiya turizmi çiçəklənəcək: Konsepsiyada nələr var?

4
(Yenilənib 16:37 22.01.2021)
Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

BAKI, 22 yanvar — Sputnik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə qastronomiya turizminin inkişafı üçün "Milli dadlar" konsepsiyasının hazırlanması işinə start verilib. Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumata görə, layihənin əsas məqsədi qastronomiya turizminin inkişafına nail olmaq, tarixi milli mətbəx nümunələrinə, onların hazırlanma və təqdim edilmə ənənələrinə yenidən həyat verib, yerli və əcnəbi turistlərə çatdırılmasına dəstək verməkdir.

Azərbaycan Turizm Bürosu unudulmuş və ya unudulmaq təhlükəsi olan milli mətbəximizə məxsus nümunələrin vahid mənbədə toplanması işinə dəstək verilməsi üçün "millidadlar.az" onlayn portalını təqdim edir.

Azərbaycan Turizm Bürosu bu sahədə məlumatlı olan hər kəsi portalda qeyd edilən qısa suallara cavab verməklə ölkəmizin milli mətbəx nümunələrinin, qastronomiya ənənələrimizin qorunub saxlanılması və beynəlxalq tanıdılması işinə dəstək olmağa çağırır.

Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

Layihə çərçivəsində ölkəmizin zəngin kulinariya potensialının dərin etnoqrafik köklərə malik olması nəzərə alınaraq Bakı-Abşeron, Quba-Qusar, Şəki-Zaqatala, Cənub regionu, Naxçıvan Muxtar Respublikası, Gəncə-Qazax, Qarabağ, Dağlıq Şirvan, Kəlbəcər-Laçın və Aran bölgələrindən olan milli mətbəxə məxsus müxtəlif nümunələr haqqında məlumatlar toplanılıb. Elmi materiallardan və birbaşa yerli əhalidən əldə olunan informasiyalar əsasında Azərbaycan üzrə 900 ədəd nümunə pasportun işlənib hazırlanması nəzərdə tutulur.

Nümunə pasportda qida və inqrediyentin tərkib hissələri və görünüşü kimi məlumatlarla yanaşı, onun mədəni, tarixi, müalicəvi əhəmiyyəti və turizm marketinqi istiqamətində uyğunluğunun qeyd edilməsi nəzərdə tutulub.

4
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş

Azərbaycan Britaniya hərbi sahədə əməkdaşlıq edəcəklər?

0
(Yenilənib 16:41 22.01.2021)
Səfir Ceyms Şarp deyib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcək.

BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

0
Teqlər:
Böyük Britaniyanın Azərbaycandakı səfiri, Böyük Britaniya