Bakı-Sumqayıt yolunda təmir işləri, arxiv şəkli

Bakıda anlaşılmaz hərəkətlənmə: Biri baş verdiyini izah etsin

11762
(Yenilənib 11:15 02.07.2018)
İnsanları bu cür çalışdırma metodu daha əvvəl qədim Misirdə piramidaların tikintisi zamanı tətbiq olunurdu

BAKI, 2 iyul — Sputnik. Hər şeyi başa düşməyə çalışıram. İnsanıq da, birilərinin pula, başqa birilərinin külli miqdarda pula ehtiyacı olar. Bəziləri də ehtiyacından artıq pulu olsa da, qazanmağa davam etmək vərdişindən əl çəkə bilməz.

Yenə deyirəm, insanıq. Ehtiyac və vərdişlərimiz bizləri hər şeyə vadar edə bilər. Hətta, ciddi ehtiyac olmadığı halda, Bakı-Sumqayıt yolunu növbəti dəfə asfaltlamağa belə. Həm də ilin-günün bu vaxtında, yerin-göyün od tutub yandığı bir mövsümdə, camaatın işdən evə-evdən işə ən qısa zamanda çatmağı indiki qədər heç vaxt arzu etmədiyi bu günlərdə.

Bəli, dediyim kimi, hər şeyi və hər kəsi başa düşməyə çalışıram. Həmçinin, başa düşülməsi çox çətin olsa da, Bakının şimal və şimal-qərb giriş-çıxışında "barrikada" quran, nəticədə paytaxt ərazisinin, təxminən 40 faizində həyatı iflic edən yoldaşların məlum əməlini də. Hətta və hətta, Bakı-Sumqayıt yolunda məşəqqət yaşandığı eyni günlərdə paytaxtın digər ərazilərində də yol təmiri, müxtəlif rəngləmə, nişan quraşdırma apararaq, o 40 faizin üzərinə daha 15-20 faiz gəlmələrini də.

Amma heç cür qana bilmədiyim bir incəlik var. Bu tərəfdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət edir. Deyir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

DƏMX biriləri başa düşməz, ya da çörəkpulu qazanmağa başı qarışar, fərqinə varmaz deyə məsələnin mahiyyətini daha detallı izah edir:

"Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir".

Və beləcə Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.

Aha, bu, belə! Bu tərəfdən isə Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) yazıq fəhlələri töküb Bakı-Sumqayıt yoluna. Səhər açılandan axşamadək, günün ən qızmar vaxtlarında belə, fəhlələrin təri yolu yuyur.

Aydın məsələdir, niyə belə etdiyini soruşsan, AYDA-nın hər şeyi təkzib etmək prinsipini layiqincə yaşadan mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyəcək ki, "Yaxşı, neynəyək? İşi tez bitirmək lazımdır, axı". Hələ bir minnət də qoyacaq: "Sizə görə edirik də".

A AYDA, bunu başa düşürük e, düşündüyünüz qədər qədirbilməz və gözügötürməz deyilik. Amma yaxşı olmazdımı ki, bu həngaməni bir az qabaq (məsələn, aprel ayında) açaydınız başımıza, ya da azacıq ertələyəydiniz (məsələn, oktyabr ayı). O zaman nə siz camaatın, nə də camaat sizin minnətini-sünnətini götürərdi.

Yazıq deyilmi ayağını asfaltın, təpəsini Günəşin istisi yandıran o qara fəhlə? Olmazmı, gündəlik verdiyiniz 5-10 manatı dava-dərmana deyil, aparıb evdə balalarının çörəyinə xərcləsinlər? İnsanları bu cür çalışdırma metodu daha əvvəl harada tətbiq olunub bilirsiniz? Qədim Misirdə piramidaların tikintisi zamanı.

Və bir də bu günlərdə havanın temperaturunun neçəyə qalxdığından xəbəriniz var? Xəbəriniz yoxdursa, avtomobilinizdəki kondisionerin ekranının aşağı küncünə baxın (bahalı avtomobillərdə dəqiq göstərir, bilirsiniz). Günorta saatlarında orada, təxminən belə bir qeyd görəcəksiniz: "Outside 42 C" (Yəni çöldə 42 dərəcə). Sizcə, bu, həyəcan siqnalı sayılmazmı?

AYDAAA, az qala unutmuşdum, həmin 42 var ha, o, kölgənin temperaturudur. Hesab-kitab işini yaxşı bilirsiniz. İndi Günəş şüalarının birbaşa təmas etdiyi Bakı-Sumqayıt yolundakı temperaturla, bişirdiyiniz asfaltın istisini üst-üstə hesablayın və həmin 42-nin üzərinə gəlin. Görün, neçə edəcək. Rahat hesablamadır, vicdan mühasibatlığına bənzəməz…

11762
Teqlər:
AYDA, dərəcə, asfalt, ehtiyac, fəhlə, təmir, yol, temperatur, pul, Bakı-Sumqayıt yolu, isti, hava
Əlaqədar
Bakı-Sumqayıt yolundan istifadə edənlərə xoş xəbər
Bakı-Sumqayıt yolundakı tıxaca görə operativ qərar verildi
Bakı və Sumqayıt əhalisinin görəcəyi gün qabaqdaymış - Əzablı bir ay başladı
Bakı-Sumqayıt yolunda yenə tıxac yaşanacaq
Bakı-Sumqayıt yolundakı qəza ölümlə nəticələnib
Bakı və Sumqayıt arasında “çörək müharibəsi”: İki şəhəri üz-üzə qoydular
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bu əsl faciədir - ATU-da 57 həkim koronavirusa yoluxub

46
(Yenilənib 11:51 07.07.2020)
"Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb" - Günel Aslan

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub. Bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, artıq həmin həkimlərdən 6-sı sağalaraq evə buraxılıb və digər 27 həkimin müalicəsi davam edir: "Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür".

"Bilirsiniz, hazırda xəstə sayı çoxdur və həkimlərimiz gücləndirilmiş iş rejimində çalışırlar. Onlaırn hər bir qorunma vasitələri var. Lakin bu gərgin rejimdə istər-istəməz immunitet düşür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb", - deyə mətbuat katibi bildirib.

Bundan başqa G.Aslanova bildirib ki, ATU-nun Tədris-Terapevtik Klinikası da COVİD-19 xəstələrinin müalicəsi üçün ayrılıb və burada çalışan 24 həkim arasında da yoluxma faktı qeydə alınıb.

46
Natiq Məmmədli

Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə

16
(Yenilənib 11:49 07.07.2020)
"Ləyaqət düsturu", "Bekketə salam" hekayələr toplusu və "Körpüdə ümid" romanından sonra "Qəhrəmanım sənsən" Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

BAKI, 7 iyul — Sputnik. Tanınmış yazıçı Natiq Məmmədlinin seçmə hekayələrindən ibarət kitabı işıq üzü görüb.

Sputnik Azərbaycan xəbər verir ki, "Köhlən" Nəşriyyatının çap etdiyi kitabda müəllifin yeni, habelə müxtəlif vaxtlarda qələmə aldığı otuza yaxın hekayəsi yer alıb.

Kitab Məmmədlinin "Mənim oxucum mənim qəhrəmanımdır" devizi ilə oxucularına müraciəti ilə başlayır. "Qəhrəmanlar təkcə müharibələrdə yetişmir. Adi həyatlarını yaşayan elə səssiz, elə təvazökar qəhrəmanlar var ki, bəlkə də hər gün yanımızdan ötüb keçirlər, amma biz onların fərqinə varmırıq. Heç özlərinin də öz hünərindən xəbərləri olmur. Onların qəhrəmanlığı qəfil bir anın içərisinə sığmayan, ömür boyu davam edən şücaətdir. Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Mən səssiz qəhrəmanların yazıçısıyam", - deyə yazıçı oxucularına xitab edir.

"Ləyaqət düsturu", "Bekketə salam" hekayələr toplusu və "Körpüdə ümid" romanından sonra "Qəhrəmanım sənsən" Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

Kitabı paytaxtın kitab mağazalarından əldə etmək olar, həmçinin "Köhlən" Nəşriyyatından onlayn sifariş də mümkündür.

16
COVİD-19-da ölən şəxs, arxiv şəkli

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona çatır

0
(Yenilənib 12:07 07.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 622 741-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 538 079 nəfər vəfat edib, 6 302 689 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 938 min 625 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0