Dövlət Gömrük Komitəsi

Gömrük sistemində köklü dəyişiklik: Prezidentin sərəncamı nələri nəzərdə tutub

259
(Yenilənib 23:14 28.06.2018)
Tədbirlər Planında bu işlərin görülməsi sahəsində icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib

BAKI, 28 iyun — Sputnik. İdxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiq edəcək icraçı orqanlar müəyyənləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamda öz əksini tapıb.

İcraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib.

Tədbirlər Planına əsasən, bu dövlət orqanlarına mallar gömrük sərhəddindən keçirilənədək qısa idxal bəyannamələrinin yalnız elektron formada təqdim edilməsi sisteminə keçid və bununla bağlı məsuliyyət tədbirlərini müəyyən etmək tapşırılıb. Bununla bağlı Gömrük Məcəlləsində, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.

Sənədə görə idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemi bu ilin dekabrın 1-nə qədər tətbiq olunmalıdır.

Tədbirlər Planında gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində "Bir pəncərə" sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bununla bağlı icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər, Maliyyə, İqtisadiyyat Nazirlikləri və aidiyyatı qurumlar müəyyənləşdirilib. İcraçı dövlət qurumlarına gömrük prosedurları üçün tələb olunan sənədlərin sayının azaltmaq, idxal-ixrac əməliyyatları zamanı beynəlxalq sertifikatların tanınması işinin təşkil etmək, gömrük rəsmiləşdirilməsi zamanı "Bir pəncərə" sisteminə qoşulan dövlət orqanları arasında aidiyyəti məlumatların elektron formada mübadiləsini təmin etmək tapşırılıb. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər, "Bir pəncərə" sisteminə qoşulan dövlət orqanları ilə Dövlət Gömrük Komitəsi arasında razılaşdırma sənədinin imzalanması nəzərdə tutulur. Gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində "Bir pəncərə" sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər bu ilin sentyabrın 1-dək yekunlaşmalıdır.

Azərbaycanda gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədilə göstərilən xidmətlərin keyfiyyəti yüksəldiləcək.

Beləliklə, gələn il yanvarın 1-ə qədər bu məqsədə nail olmaq üçün gömrük rəsmiləşdirilməsində yuxarı hədd müddətləri azaldılacaq, gömrük prosedurlarında operativliyi təmin etmək üçün "elektron növbə" sistemi tətbiq  ediləcək, idxal edilən mallara şamil olunan gömrük ödənişlərinin hesablanması məqsədilə sahibkarlar üçün interaktiv elektron kalkulyator xidməti Dövlət Gömrük Komitəsinin internet portalında təşkil ediləcək, gömrük orqanlarında göstərilən elektron xidmətləri genişləndiriləcək. Eyni zamanda xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük rəsmiləşdirilməsinin bütün mərhələlərində yüklər haqqında sms-məlumatların göndərilməsi təmin olunacaq, gömrük sərhədini keçən şəxslərə münasibətdə gömrük orqanlarının vəzifəli şəxslərinin etik davranış qaydalarına riayət etmələrinə nəzarət gücləndiriləcək, xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanları tərəfindən ödənişsiz maarifləndirmə xidmətləri təşkili olunacaq. Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması üçün birgə seminar və təlimlərin təşkil edilməsi, onların əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması da nəzərdə tutulan işlər sırasındadır. Bununla əlaqədar Gömrük Məcəlləsində, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.

Tədbirlər Planında bu işlərin görülməsi sahəsində icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi, Vergilər və Maliyyə Nazirlikləri müəyyənləşdirilib.

Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi vasitələrinə birgə nəzarət edəcək.

Bununla bağlı aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək, eləcə də icraçı orqanlar qismində müəyyənləşdirilən Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında razılaşdırma sənədi imzalanacaq. Bu tədbir  bu ilin avqustun 1-dək icra olunmalıdır.

Bundan başqa, tədbirlər planına əsasən gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə görə gömrük bəyannaməsi, təkrar ixrac bildirişi və ya qısa ixrac bəyannaməsi (fiziki şəxslərin istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsi halları istisna olmaqla) yalnız elektron formada təqdim ediləcək. Bununla bağlı icraçı dövlət qurumları qismində müəyyənləşdirilən Dövlət Gömrük Komitəsi, Vergilər, Maliyyə və İqtisadiyyat Nazirliklərinə  gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin təqdim edilməsi üzrə elektron xidmətlərini təşkil etmək, gömrük bəyannaməsinin 31-ci və 33-cü qrafasında göstərilən məlumatların tam və ətraflı qeyd olunması üçün müvafiq elektron sistemlərin işlənməsi tapşırılıb.

Qeyd olunan tədbir gələn ilin yanvarın 1-dək icra olunmalıdır.

259
Teqlər:
"İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı", dəyişiklik, Dövlət Gömrük Komitəsi, sərəncam, Prezident İlham Əliyev
Qaz kəmərində partlayış, arxiv şəkli

Partlayış baş verən qaz kəməri ilə bağlı SOCAR-dan açıqlama gəldi

69
"Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir".

BAKI, 7 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib:

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

69
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi Hacıqabuldakı yanğınla bağlı məlumat yaydı

38
İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub.

BAKI, 7 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyi Hacıqabulda baş verən yanğınla bağlı məlumat yayıb. 

Bununla bağlı Nazirliyin rəsmi saytında məlumat dərc edilib:

“İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək”.

38