Dövlət İmtahan Mərkəzinin binası

Bu gün IX XI siniflərdə buraxılış imtahanıdır

60
(Yenilənib 02:06 27.06.2018)
Ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

BAKI, 27 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Sputnik Azərbaycan DİM-ə istinadən xəbər verir ki, ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 39554, XI sinif üzrə 30527).

Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlayacaq.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

— "İmtahana buraxılış vərəqəsi";

— şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

— Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif üzrə buraxılış imtahanı haqqında məlumat

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb.

İmtahanda 39554 nəfər (Gəncə 3372, Lənkəran 2287, Naftalan 88, Şəki 2042, Sumqayıt 4392, Abşeron 3866, Ağdam 930, Ağsu 683, Astara 1284, Bərdə 2203, Biləsuvar 1388, Daşkəsən 278, Goranboy 1318, Göygöl 882, İmişli 1253, Kürdəmir 1207, Oğuz 561, Qəbələ 1352, Saatlı 1027, Sabirabad 1804, Şabran 699, Şamaxı 946, Samux 680, Tərtər 889, Xaçmaz 2115, Yevlax 1398, Zərdab 610) 9‑cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

XI sinif üzrə buraxılış imtahanı haqqında məlumat

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb.

İmtahanda 30527 nəfər (Gəncə 2647, Lənkəran 1731, Naftalan 63, Şəki 1781, Sumqayıt 3394, Abşeron 2667, Ağdam 780, Ağsu 562, Astara 771, Bərdə 1615, Biləsuvar 1091, Daşkəsən 205, Goranboy 1074, Göygöl 794, İmişli 1126, Kürdəmir 910, Oğuz 484, Qəbələ 1194, Saatlı 740, Sabirabad 1463, Şabran 511, Şamaxı 644, Samux 488, Tərtər 682, Xaçmaz 1522, Yevlax 1141, Zərdab 447) 11‑ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına, ümumilikdə 275 imtahan rəhbəri, 3334 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan 1 gün qabaq DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.    

60
Teqlər:
IX sinif, XI sinif, buraxılış, Dövlət İmtahan Mərkəzi, imtahan
Silahlı, arxiv şəkli

Ombudsman Ermənistanın muzdlulardan istifadə etməsi ilə bağlı müraciət edib

5
(Yenilənib 15:44 01.12.2020)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti,

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı bildirilib.

Müraciətdə, habelə qeyd olunan bu fəaliyyətlə işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə protokolları, Haaqa Konvensiyalarını, eləcə də Ermənistanın öz üzərinə götürdüyü digər öhdəlikləri, habelə öz daxili qanunvericiliyinin tələblərini kobudcasına pozduğu vurğulanıb. Ombudsmanın müraciətində Ermənistanın siyasi manevr edərək 27 oktyabr 2020-ci il tarixində Azərbaycan tərəfindən 1997-ci ildə ratifikasiya olunmuş BMT-nin "Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya"sını ratifikasiya etməsi, buna baxmayaraq, muzdluları silahlı münaqişələrə cəlb edərək bu Konvensiyanın da tələblərinə biganə münasibət və aşkar surətdə hörmətsizlik nümayiş etdirdiyi qeyd edilib. Bununla yanaşı, müraciətdə Ermənistan tərəfindən hərbi əməliyyatlara müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb edilməsinə dair faktlar diqqətə çatdırılıb.

Müvəkkil müraciətində beynəlxalq təşkilatları Ermənistanın etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasətini, eləcə də muzdluları, terrorçu qruplaşmaları münaqişəyə cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması faktlarını araşdırmağa və həmin cinayət əməllərinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən  edən tədbirlər görməyə çağırıb.

5
Teqlər:
muzdlu, Ermənistan, müraciət, ombudsman
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Hərbçilər barədə gözlənilən sərəncam imzalandı - Qəhrəmanlar evlərinə dönürlər

36
(Yenilənib 15:17 01.12.2020)
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış bəzi kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.

BAKI, 1 dekabr - Sputnik. Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər:

1.1. üç və ya daha çox uşağı olan;

1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;

1.4. ailənin tək övladı olan;

1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;

1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;

1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

36
Teqlər:
Prezident İlham Əliyev, səfərbərlik, hərbi qulluqçular, sərəncam
Prezident İlham Əliyev xalqa müraciəti zamanı

İlham Əliyev: Ermənistan rəhbərləri 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi olub

0
(Yenilənib 15:53 01.12.2020)
"Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik".

BAKI, 1 dekabr — Sputnik. "Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı. Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!", - deyə Prezident qeyd edib.

0
Teqlər:
Ermənistan, Serj Sarkisyan, Robert Koçaryan