Xalq Artisti Səyavuş Aslan

O, artıq 5 ildir aramızda yoxdur...

112
(Yenilənib 02:07 27.06.2018)
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib

BAKI, 27 iyun — Sputnik. Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq artisti Səyavuş Aslan (tam adı: Səyavuş Məmmədağa oğlu Aslan) 2013-cü il iyunun 27-də vəfat edib.

Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunub. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi tanınıb.

Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir.

"Yol əhvalatı", "Romeo mənim qonşumdur", "Ulduz", "Bəyin oğurlanması", "Əhməd haradadır?" kimi populyar filmlərdə, "Hicran", "Yaşıl eynəkli adam", "Nişanlı qız" kimi tamaşalarda unudulmaz obrazlar yaradıb.

112
Teqlər:
Səyavuş Aslan, vəfat, teatr, kino, xalq artisti