Namaz

Bu gün Ramazan bayramıdır

88
(Yenilənib 04:26 15.06.2018)
Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

BAKI, 15 iyun — Sputnik. Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, səhər saatlarında bayram namazının ardından Ramazan bayramı başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Fətvasında bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edib və Ay göründüyü andan Ramazani-şərif başlayıb.

Hər il olduğu kimi, bu il də QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

İslam qaydalarına görə, Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır:

"Sübh açılınca, ağ sap qara sapdan fərqləninə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

88
Teqlər:
zəkat, fitrə, namaz, Qafqaz Müsəlmanları İdarəsi, Ramazan bayramı
20 Yanvar faciəsinin ildönümü, arxiv şəkli

Müşkül məsələ: emosiyalar sənədli filmlərin "vicdanına" qalıb

2
(Yenilənib 17:01 20.01.2021)
Yaradıcı insanlar deyirlər ki, faciə ilə bağlı kifayət qədər əsərlər yazılsa da, bu mövzu həmişə aktual olaraq qalacaqdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. 20 Yanvar mövzusu Azərbaycan ədəbiyyatında və incəsənətində necə əks olunub? Biz də elə bu sualla bir sıra ədəbiyyat və incəsənət adamlarına müraciət etdik.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bəstəkar, professor Firəngiz Əlizadə mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: “Azərbaycan bəstəkarları “Yanvar hadisələri” ilə bağlı irihəcmli əsərlərdən tutmuş mahnıya qədər onlarla əsərlər yaradıblar. Həmin əsərlər dəfələrlə Filarmoniyada, dövlət əhəmiyyətli tədbirlərdə ifa olunub. Bunlardan ən məşhuru Cövdət Hacıyevin "Şəhidlər" simfoniyasıdır. Rauf Abdullayevin dirijorluğu ilə səsləndirilən əsər o qədər möhtəşəmdir ki, insanlar sanki bir anlıq həmin gecəyə qayıdırlar”.

Firəngiz xanım deyir ki, Azər Rzayevin “Bakı 90” əsəri də həmin silsilədəndir. Həmin əsəri də sakit dinləmək qeyri-mümkündür.

“Əsəri dinləyəndə o gecə insanın gözünün önündən lent kimi keçir. Orada düşmənlərimizin şəhərə necə daxil olmasını, insanlarımızı amansızca qətlə yetirməsini aydın hiss edə bilərik. Bundan başqa, Azər Dadaşovun, Tofiq Bakıxanovun, Nəriman Məmmədovun, Məmməd Quliyevin adlarını çəkə bilərəm ki, həmin bəstəkarların həmin dəhşətli gecə ilə bağlı simfonik əsərləri var. Təəssüflə qeyd edim ki, bu əsərlər çox az səsləndirilib", - deyə F.Əlizadə bildirib.

Kinorejissor Tahir Tahiroviçin sözlərinə görə, 20 Yanvar faciəsi Azərbaycan sənədli kinosunda mükəmməl formada əks olunub: ““Azadlığa gedən yollar” filmi Tofiq Məmmədov və Xamis Muradovun rejissorluğu ilə çəkilib. Həmkarlarının sayəsində 20 Yanvar hadisələri kino lentinə köçürülüb. Həmin kino lentlərini toplayıb “Azadlığa gedən yollar” filmi hazırlanıb”.

Bakıda Şəhidlər Xiyabanı, arxiv şəkli
© Sputnik / Мурад Оруджев

Amma bədii filmdə vəziyyət bir o qədər də yaxşı deyil. Rejissorun fikrincə, 20 Yanvar haqqında bədii film müşkül məsələdir.

Bəs bədii ədəbiyyatda 20 Yanvar faciəsi necə əks olunub? Gənc yazar Ayxan Ayvaz deyir ki, 20 Yanvar faciəsi Azərbaycan poeziyasında kifayət qədər işıqlanıb:

“Məsələn, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Məmməd Aslanın "Ağla, qərənfil ağla", Qabilin "Mərsiyə" şeirləri, Sabir Rüstəmxanlının və digər şairlərin həmin faciə ilə bağlı şeirləri, poemaları var. Amma nəsr barədə eyni sözləri deyə bilmərəm".

"Təəssüf ki, nəsr əsərləri çox az saydadır. 20 Yanvar faciəsinin reallığı ilə bağlı yazılan əsərlər, demək olar ki, yoxdur. Amma bu faciə ilə bağlı publisistik əsərlər var, kitablar dərc olunub. Sırf bədii olaraq, Sabir Əhmədlinin "20 Yanvar" hekayələri adlı kitabı dərc olunub. Bundan əlavə, Səfər Alışarlı "Maestro" romanında 90-cı illərdə Azərbaycanın vəziyyətini bədii şəkildə təsvir edib. Ümumi götürdükdə, həqiqəti bütün reallıqları ilə çatdıran əsəri xatırlamıram".

2
Reza Deqati, arxiv şəkli

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim" - FOTO

7
(Yenilənib 17:01 20.01.2021)
"Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli  şahidlik edə bildim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, dünyaca məşhur fotoqraf qanlı gecə haqqında özünün "Facebook" səhifəsində yazıb: "Əfqan sərkərdələri ilə dağlarda döyüşdükdən sonra dünyanın ən böyük ordularından biri təslim oldu. Şərq Blokunun parçalanması başladı - Berlin divarından yıxılacaq ilk beton parçasının simvolizə etdiyi bir proses. 19-cu əsrdən bəri Rusiyanın nəzarətində olan bir ölkədə - Azərbaycanda siyasi ixtişaşlar Kremlə qarşı üsyana çevrildi. Bu cəsarəti cəzalandırmaq üçün rus tankları 19 yanvar 1990-cı ildə gecə Azərbaycanın paytaxtı Bakıya girdi və insanları qətlə yetirdilər".

Məşhur fotoqraf həmin faciə vaxtı Bakıya gəldiyi haqqında da danışıb: "Qırğın yüzlərlə ölü və yaralıya səbəb oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli şahidlik edə bildim".

Deqati qanlı günlərin simvolu olan qərənfil haqqında da danışıb: "Milli çiçək artıq ölkəni təmsil etmək üçün deyil, o lənətə gəlmiş gecə istifadə edildi. Qırmızı qərənfillər indi yalnız cənazə üçün istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini yad etmək üçün məzar daşlarının üzərinə qoyulur. Ağrılı keçmişin əbədi qalıqları, yerdəki çiçəklər insanları öz tarixi ilə barışığa, nəhayət azadlığa qovuşmağa dəvət edir".

Məşhur fotoqraf həmin gecə ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib. R.Deqati izləyicilərini həmin kitabı oxumağa dəvət edib.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. O, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

7
Teqlər:
fotoqraf, tarix, 20 Yanvar