Pambıq tarlası

Saatlıda fövqəladə hadisə: 21 pambıqçı kimyəvi maddədən zəhərləndi

172
(Yenilənib 23:59 10.06.2018)
Pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

BAKI, 10 iyun — Sputnik. Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Smada kəndi ərazisində qeydə alınıb.

Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib. 

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyati orqanlara məlumat verilib. Rayona Bakıdan həkimlərin göndərilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

172
Teqlər:
zəhərlənmə, Saatlı, pambıq, tarla, kimyəvi maddə

Qəbələdə musiqi ziyafəti

25
(Yenilənib 21:10 01.08.2021)
Qəbələ festivalında Bakı Musiqi Akademiyasının tələbələri növbəti konsert proqramını təqdim ediblər.

BAKI, 1 avqust - Sputnik. XII Qəbələ Musiqi Festivalı çərçivəsində avqustun 1-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.

Prezident təqaüdçüləri Vüsalə Babayevanın (piano), Zərrin Əliyevanın (violin), Lalə İbrahimovanın (vokal), Kamran Talıblının (fleyta), Leyla Zeynalovanın (piano), Emil Əhmədzadənin (piano), həmçinin Elxan Niftiyev, Fuad Əlizadə, Ləman Seyidova, Ceyran İsayeva, Fəqan Həsənli və digər pianoçuların, klarnet ifaçısı Məhəmmədəli Paşazadənin, violin ifaçısı Nigar Əsgərovanın, qaboy ifaçısı Əziz Pənahın, violençel ifaçısı Ərol Rzayevin, vokalçılar Rza Xosrovzadə və Mahir Tağızadənin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə M.Arnold, F.Şopen, M.Moşkovski, R.Şuman, A.Qrunfeld, N.Rimski-Korsakov, həmçinin Tofiq Quliyev, Niyazi və digər bəstəkarların əsərləri səsləndirilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı Kamera Orkestri”nin çıxışı olacaq.

XII Qəbələ Musiqi Festivalının açılış mərasimi

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının  dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam edəcək.

Builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biridir.

Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunacaq.

İyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədizadə, Rəşid Behbudov, Jalə Mayılova, Səbinə Muradova, Gülər Ağayeva və Fəqan Həsənlinin, violin ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violençel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhan Rüstəmovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Venyavski, A.Messager, A.Skryabin, A.Piazzolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Gənc musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra “Qafqaz Resort” otelində açıq səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin bədii rəhbəri və baş hərbi dirijoru Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, general-mayor Yusif Axundzadədir.

Konsertin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra” səsləndirilib.

Orkestrin rəisi Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin və hərbi dirijor baş leytenant Elnur Qurbanovun dirijorluğu ilə keçirilən konsertdə Aynur İsgəndərli (vokal), Arslan Növrəsli (tar), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

25
İnəklər

Şəkidə əlacsız kəndlilər heyvanları "həbs etdilər"

1007
(Yenilənib 20:39 01.08.2021)
Mal-qara Şorsu kəndinin tütün, bostan və tərəvəz sahələrini məhv edib, tarlalarını borcla əkib-becərən kəndlilər isə aciz duruma düşüblər.

BAKI, 1 avqust – Sputnik. Deyirlər ki, dar gündə insanın köməyinə ilk çatan qonşusu olur. Lakin Şəkinin Şorsu kənd sakinləri bunun əksini görürlər. Onlar qonşu Cumakənd sakinlərinin və onların mal-qarasının əlindən zara gəliblər. Şorsu kənd sakinlərinin sözlərinə görə, min bir əziyyətlə əkib-becərdikləri tarlaları məhsul dövründə Cumakənd sakinlərinin iribuynuzlu heyvanlarının tapdağında qalır.

Kənd sakini Pənah Şirinov Sputnik Azərbaycan-ın bölgə müxbiri İbrahim Həşimova bildirib ki, qonşu kəndin heyvanları dəfələrlə ona məxsus tütün sahəsinə ziyan vurub.

“Heyvanların bir hissəsi burada, sahədədir. Burada 30-a yaxın heyvan var indi, bir hissəsini də aparıb kameraya salmışıq. Əvvəllər bir neçə dəfə bu cür hal baş verib. İcra nümayəndəliyinə, polisə məlumat vermişik. Amma nəticəsi yoxdur. Yenə heyvanları buraxırlar”, - Pənah Şirinov əlavə edib.

“400 manata yeri icarəyə götürmüşəm. 3000 manat da kredit almışam. Tütünün ikinci qırımıdır. 8-10 kilometr aralıda yerləşən Cumakəndin malları tütünü qıraraq yararsız hala salıb. Kənd sakinləri tədbir görmək əvəzinə deyirlər ki, gedin  kimə istəsəniz şikayət edin”, - Şorsu sakini Elburus İsmayılov deyib.

  • Elburus İsmayılov
    © Sputnik / Ibrahim Hashimov
  • Pənah Şirinov
    © Sputnik / Ibrahim Hashimov
  • Saleh İsgəndərov
    © Sputnik / Ibrahim Hashimov
  • Seymur İsayev
    © Sputnik / Ibrahim Hashimov
  • Tərlan Davudov
    © Sputnik / Ibrahim Hashimov
  • İnəklər
    © Sputnik / Ibrahim Hashimov
1 / 6
© Sputnik / Ibrahim Hashimov
Elburus İsmayılov

Fermer Tərlan Davudov da bildirir ki, aylarla əziyyət çəkib yetişdirdiyi məhsulu heyvanlar bir neçə günün içərisində məhv edir.

“Bu tütün sahəsinə 3000 manat pul xərcləmişəm. Üstəlik də 6 aydır qan-tər tökürəm. Lakin 3 günün içərisində mal-qara məhv elədi. Bu heyvanlar mənə 4000 manatdan artıq ziyan vurub”, - Tərlan Davudov əlavə edib.

Əlacsız qalan Şorsu kənd sakinləri səhələrə girən iribuynuzlu heyvanları toplayaraq xüsusi kameralara salıblar. Kənd sakini Seymur İsayevin sözlərinə görə, əvvəllər bir neçə dəfə heyvanları bu cür saxlasalar da, sonradan buraxmalı olublar. Bu dəfə isə sahibləri tapılana qədər saxlayacaqlar.

“Özbaşına buraxılan mallardır. Naxırçıları yoxdur. Əvvəllər heyvanları gətirib bu kameraya salırdıq. Amma sonradan yazığımız gəlib buraxırdıq. Lakin heyvanları kəndə qədər izləyirdik. Heç kəs də malın ona məxsus olduğunu qəbul etmirdi. Aidiyyəti qurumlara şikayət edəndə də deyirlər ki, heyvanların sahibini tapıb göstərin, cəzalandıraq. Ona görə də bu dəfə sahibləri tapılana qədər heyvanları buraxmayacağıq”.

“Keçmişdə cərimə meydançası var idi. Belə heyvanlar saxlananda iki dəfə xəbərdarlıq edilirdi. Üçüncü dəfə isə ət kombinatına göndərirdilər. Bu qaydanı yenidən qaytarsınlar. Şəxsən mənim heyvanım kiməsə ziyan vursa, cəzasını çəkməyə hazıram”, - kənd sakini Saleh İsgəndərov vurğulayıb.

Faktla bağlı Şorsu kənd icra nümayəndəsi Oruc Mahmudov Sputnik Azərbaycan-a bildirib ki, Cumakənddə naxır olmadığı üçün bu cür hal dəfələrlə baş verib. Çünki, heyvanlar özbaşına buraxılır və Şorsu kəndinə qədər gəlib çıxır.

“Cumakənd də bizim inzibati əraziyə daxildir. Sakinlərə heyvanların ziyan vurması ilə bağlı dəfələrlə xəbərdarlıq etmişik. Bu dəfə isə son xəbərdarlığı etdik. Əgər, bir də bu cür vəziyyət ortaya çıxsa, ciddi tədbirlərin görülməsi üçün polisə müraciət edəcəyik”, - Oruc Mahmudov deyib.

Həmçinin oxuyun: 

* Ayıların basqınına məruz qalan kənddə fövqəladə vəziyyət hökm sürür

Keyfiyyət istəyən pul ödəsin: növbə mal-qaraya çatdı

Aqrar sığorta barədə bilməli olduğumuz hər şey

1007
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır

0
(Yenilənib 23:43 01.08.2021)
Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

BAKI, 1 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

Sputnik Türkiyə xəbər verir ki, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradzenin strateji tərəfdaşlarla münasibətlərə dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq", - o, deyib. 

İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.

0