Abşeronun palçıq vulkanları

Ölümlə rəqs edənlər: Müəmmalı sağlamlıq üçün həyatlarını riskə atırlar

828
(Yenilənib 10:16 07.06.2018)
Ekspert hesab edir ki, adamlara palçıq vulkanında çimməyi qadağan etmək üçün onların hamısını ETSN-in balansına vermək lazımdır

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda çimərlik mövsümü ilə yanaşı palçıq vulkanlarında çimmək mövsümü də başlayır. Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda palçıq vulkanları arasında çimməyə icazə verilən yeganə ərazi Bakının Qaradağ rayonundakı Daşgildir.

Hər yay bura minlərlə insan gələrək müalicə almaq ümidilə birbaşa yerin tərkindən çıxan palçığın içinə girir. Sonra isə palçıqlı bədənləri ilə çimmək üçün vulkanın yaxınlığında yerləşən çimərliyə gedirlər.

Palçıq vulkanı
© Sputnik / Murad Orujov

Lakin belə bir sual yaranır: "Vulkanın, hətta yatmış olsa belə, kraterinə enmək nə dərəcədə təhlükəsizdir?" Bu suala Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun əməkdaşı, elmlər doktoru Adil Əliyev birmənalı cavab verib.

Onun sözlərinə görə, Daşgil vulkanı tamamilə təhlükəsizdir, palçığının tərkibi isə müalicəvidir. Bununla belə, o, sözügedən palçığın hansı xəstəlikləri müalicə etdiyini dəqiq deməyib.

Əliyev sözügedən vulkanın yatmış olduğunu və püskürmək xüsusiyyətə malik olmadığını qeyd edib.

Redaksiyamız sualımıza daha dolğun cavab almaq üçün elmi dairələrdəki başqa mütəxəssislərə müraciət edib. İnstitutun adını çəkilməsini istəməyən əməkdaşı bildirib ki, hazırda Azərbaycanda 365 palçıq vulkanı fəaliyyət göstərir. Onlardan 200-ü qurudadır. Onların əksəriyyəti aktivdir. Onlardan yalnız 43-ü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühafizəsi altındadır. Ora təhlükəsizlik səbəbindən adamların buraxılması tamamilə qadağandır. Lakin Daşgil vulkanı nazirlik tərəfindən qorunmur. Ona görə də, ora adamlar, eləcə də turistlər buraxılır. Amma bağlı hasarların olmaması o demək deyil ki, vulkanlar təhlükəsizdir.

Onlar istənilən vaxt püskürə bilər. Elmi dairələrdəki mənbə bildirib ki, hələ indiyə qədər heç kəs bu vulkanlarla bağlı dəqiq seysmik proqnoz verə bilmir. Ona görə də, birmənalı şəkildə demək olmaz ki, bu vulkanlar daha püskürməyəcək və tam təhlükəsizdir.

Vulkan püskürməsi, arxiv şəkli
© Sputnik / Yury Demyanchuk

"Kor-koranə surətdə palçıq vulkanının kraterinə daxil olub vanna qəbul eləmək səhvdir. Əvvəla, heç kəs bu palçığın tərkibini öyrənməyib. Üstəlik, vulkanın kraterində elə batmaq olar ki, o adamı heç kəs tapıb çıxara bilməz. Üçüncüsü də, vulkanda çimməyi heç kəs tövsiyə edə bilməz, çünki heç kəs vulkandakı palçığın insan sağlamlığı üçün faydalı olub-olmadığını bilmir" — deyə vulkanı tədqiq edən ekspert bildirib.

Mənbə onu da qeyd edib ki, heç kəs vulkanın daxilindəki çatlar barədə məlumat verə və palçığın haradan püskürdüyünü müəyyən edə bilmir. Ona görə də, insanlar vulkanın kraterinə enməklə öz həyatlarını böyük riskə atırlar.

İnsanların öz həyatları ilə ağılsızcasına risk etməsinin qarşısını almaq üçün tədqiqatçı məsləhət görür ki, Azərbaycandakı bütün palçıq vulkanlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin himayəsinə vermək lazımdır.

828
Teqlər:
palçıq vulkanı, sağlamlıq, risk, Abşeron, qadağa, çimərlik