Qadın

Rusiyada aldadılan ana: Oğlu üçün xərcə düşdü, dərdə

292
(Yenilənib 20:04 27.05.2018)
Məhkəmə bitdikdən sonra oğlumu iki gün daha saxlayıblar, sonra əli qandallı deportasiya ediblər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. "Oğlum narkotik maddələr aludəçisi idi. Onun müalicəsi üçün əlimdən gələni etməyə hazır idim. Və beləcə Rusiyada "Genesiz" reabilitasiya mərkəzini tapdıq", — deyə Sputnik Azərbaycan-a müraciət edən Nahidə Həsənova bildirir.

O qeyd edir ki, oğlu Həsənov Nahid yanvarın 13-dən aprelin 11-ə qədər Krasnodar vilayətində yerləşən "Genesiz" reabilitasiya mərkəzində narkoloji müalicədə olub.

"Krasnodarda olan oğlumun vaxtı aprelin 13-ü bitirdi. O, müalicəsini davam etdirmək üçün miqrasiya xidmətindən keçirilməli idi. Reabilitasiya mərkəzi hər ay 800 dollar olmaqla yanaşı, miqrasiya xidmətinin haqqını da bizdən almışdı. Oğlum orada 6 aylıq müalicə kursu keçməli idi. Mənə bildirmişdilər ki, 3 aydan sonra onu aparıb yaxın sərhədlərin birindən keçirəcəklər", — N.Həsənova deyir.

İddia edir ki, aprelin 9-da onlar qadından daha 800 dollar istəyiblər. Səbəb olaraq isə göstəriblər ki, onlar Soçi şəhərinə gedəcəklər və N.Həsənovu oradan Abxaziya sərhədindən keçirəcəklər. Bundan sonra N.Həsənova tələb olunan pulu göndərib: "Mən də ayın 10-u pulu göndərdim. Göndərdiyim bütün pulların çekləri, pul göndərdiyim şəxslərin pasportunun sürəti məndə var".

Şikayətçi qadın iddia edir ki, həmin şəxslər onu aldadıblar: "Aprelin 11-də onlar mənim oğlumu aparıblar, lakin miqrasiya kartını götürməyiblər. Oğluma deyiblər ki, get, Abxaziya sərhədini keç, gəl. İki nəfər oğlumla gedib, amma onlar sərhədi keçməyiblər. Halbuki, onların bütün xərclərini ödəmişdim".

Ananın dediyinə görə, oğlu sərhədi keçən kimi onu saxlayıblar: "Aprelin 12-də məhkəmə olub, oğlumun yanında heç kim olmayıb. Onlara dedim ki, oğluma vəkil tutun. Həbs olunma səbəbini də öyrənməyə çalışdım. Min bəhanə gətirdilər. Sonra məndən 900 dollar pul istədilər ki, biz sizin oğlunuzu həbsdən çıxaracağıq, qoymayacağıq deportasiya edilsin. Mən ayın 12-də 700 dollar göndərdim. Məhkəmə bitdikdən sonra oğlumu iki gün daha saxlayıblar, sonra əli qandallı deportasiya ediblər".

Bundan sonra mərkəzdən N.Həsənovaya bildiriblər ki, onların Minskdə də şöbələri var: "Dedilər ki, oradan mütəxəssis çağıraq, oğlunuzla Bakıya gəlsin və yenidən biletlərini alarsınız, qayıdarlar Minskə. Bir ay da pulsuz müalicə edəcəklərinə söz verdilər. Oğlumun bütün əşyaları reablitasiya mərkəzində qalmışdı. Dedilər ki, onu göndərmək üçün pulumuz yoxdur. Mən yenidən 50 dollar göndərdim".

Bu təklifdən sonra N.Həsənova oğlunun Minskdə müalicə alması üçün bilet alıb. Ancaq səfirlikdən öyrənib ki, N.Həsənov Minskə də gedə bilməz.

Hazırda Nahidə xanım Xarici İşlər Nazirliyinə müraciət edib, oğlunun məhdudiyyətini götürtmək istəyir.

Ana onu da vurğulayır ki, "Genesiz" reabilitasiya mərkəzindən onun 1500 dollar pulu qalıb. Verdiyi puldan ancaq 500 dolları geri qaytarılıb, geri qalan hissəni almaq üçün çalışır.

Hüquqşünas Vurğun Şahbazov Sputnik Azərbaycan-a bildirib ki, məsələ qarışıq olduğu üçün Nahidə Həsənova Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etməlidir.

"Hadisə Rusiyada olduğu üçün oranın qanunverciliyi ilə tənzimlənməlidir. Buna görə də xanım Rusiya səfirliyinə müraciət etsin. Əlindəki faktları təqdim etsin. Bundan sonra dəymiş ziyanı geri qaytarmaq mümkün ola bilər", — V.Şahbazov qeyd edib.

292
Teqlər:
fırıldaq, reabilitasiya, müalicə, narkoman, Rusiya

cür qənaət edirsiniz?

0
0
Sitrus bağları

Bakıda sakinlərin illərlə gözlədikləri təbiət hadisəsi Astarada fermerlərin “belini qırıb”

14
(Yenilənib 14:24 09.03.2021)
Təsərrüfatların yenidən əvvəlki vəziyyətinə qayıtması üçün 7-8 il vaxt lazımdır, bu müddət ərzində nə qədər ziyan dəyəcəyini hesablamaq çətindir.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Bir neçə gün əvvəl cənub zonasına yağan qar fəsadsız ötüşməyib. Nəticədə Astara rayonu Şiyəkəran sitrusçularına külli miqdarda ziyan dəyib. Təsərrüfat sahibi Zəibəli Əliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə təsərrüfatında xeyli sayda limon, naringi və portağal ağacları qarın ağırlığına tab gətirməyərək qırılıb: “İki gün səhərə qədər yatmayıb ağacların üstündəki qarı çırpsaq da xeyri olmadı. Təsərrüfatımda 150 ədəd feyxoa ağacı var idi, qar yağandan sonra təxminən 140-a yaxın ağaclar qırılıb, tökülüb. Bu təkcə mənim təsərrüfatımda belə deyil, rayonda başqa sitrus təsərrüfatlarda da vəziyyət eyni cürdür. Qırılan feyxoa ağacları 25 illik ağaclar idi və hər ağacdan 50-60 kiloqram məhsul yığırdıq. Təsəvvür edin, 150 ağac hərəsi 50 kiloqram meyvə verərsə, hər dərimdə bu 7 tondan artıq məhsul deməkdir. Biz həm də bir neçə dəfə məhsul toplaya bilirdik. Təsərrüfatımın yenidən əvvəlki vəziyyətinə qayıtması üçün isə 7-8 il vaxt lazımdır, bu müddət ərzində bizə nə qədər ziyan dəyəcəyini hesablamaq da çətindir”.

  • Sitrus bağları
    © Sputnik / Rahim Murad
  • Sitrus bağları
    © Sputnik / Rahim Murad
  • Hacıhüseyn Qəhrəmanov
    © Sputnik / Rahim Murad
  • Zəibəli Əliyev
    © Sputnik / Rahim Murad
  • Hacıhüseyn Qəhrəmanov
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Sitrus bağları

Digər təsərrüfatçı Hacıhüseyn Qəhrəmanov təsərrüfatında olan sitrus ağaclarının əksəriyyətini 1993-cü ildə əkib: “Bəziləri isə 80-ci illərdə əkilib. Burada 400-ə yaxın sitrus ağacları var, bunların çoxu portağal ağaclarıdır. Sonuncu dəfə qar yağandan sonra elə ən çox portağal ağacları qırılıb-tökülüb. Mən hər portağal ağacından 70-100 kiloqram arası meyvə toplayardım. Ağacların bəziləri budaqlarından, bəzilərinin isə gövdəsindən sınıb. Türkiyədən gətirdiyim portağal ağacı elə sınıb ki, daha yenidən dirçələ bilməyəcək. Digər bağımda da 250-ə yaxın sitrus meyvəsi ağacları var. Orada da ağacların çoxuna ziyan dəyib. Həmin bağ uzaqda olduğundan və yolun çətinliyindən orada ziyan görmüş ağacları hələ gedib bərpa edə bilmirəm. Bu bağda qırılan ağacları, hansıları ki, bərpa etmək olar onları dayaqlar vasitəsi ilə dikəltmişəm. Bəzilərini isə birləşdirib, bağlayıram”.

© Sputnik / Rahim Murad
Sitrus bağları

Şiyəkəran sakini, sitrus təsərrüfatçısı Tacir Qədirzadə də təsərrüfatına dəydiyi ziyandan Sputnik Azərbaycan-a danışdı: “Məlum olduğu kimi Astaramızda çoxlu sitrus bağları var. Yəni, rayon əhalisinin çoxu sitrusçuluqla dolanır. Sonuncu dəfə 2 gün qar yağması nəticəsində qarın ağırlığına tab gətirməyən bir çox sitrus ağacları qırılıb. Mənim təsərrüfatımda ən çox feyxoa, portağal və naringi ağaclarına ziyan dəyib. Yəni, nəzərə alsaq ki, hər ağacdan 50-60 kiloqram məhsul götürülürdüsə, üzümüzə gələn mövsüm məhsul az və baha ola bilər”.

14