“Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda praktik seminar

BMT-nin Əhali Fondu jurnalistlərə təlim keçirdi

41
(Yenilənib 22:42 25.05.2018)
Qarşıdakı günlərdə təlim iştirakçılar arasında müsabiqə təşkil olunacaq

BAKI, 25 may — Sputnik. Bakıda BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyilə jurnalistlər, bloqqerlər və vloqqerlər üçün “Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda 2 günlük praktik seminar keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə” Qlobal Proqram çərçivəsində təşkil olunub.  Layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etmək olub.

Seminarda gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və s. bu kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə edilib. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər verilib.

Seminarın birinci günü BMT-nin Əhali Fondunun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fərhad Hacıyev doğulanların cins nisbətinin pozulması ilə Azərbaycanda və ölkədə mövcud vəziyyət mövzusunda məruzə edib.

Daha sonra BMT-nin Əhali Fondunun Layihə üzrə məsləhətçi Aynur Quliyeva “Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə” Qlobal Proqram ətrafında seminar iştirakılarını məlumatlandırıb.

Gender üzrə təlimçi Pərvanə Məmmədova “Gender və Gender bərabərsizliyi, genderlə bağlı dəyərlərimiz.  gender üstünlükləri, oğlan uşaqlarına üstünlük verilməsinə təsir edən səbəblər və amillər mövzusunda maarifləndirici müzahirə ilə çıxış edib. P.Məmmədova xüsusilə qeyd edib ki, gender dedikdə ağıla təkcə qadın yox, ümumiyyətlə insan amili gəlməlidir. Və KİV işçiləri, həmçinin aidiyyatı, səlahiyyətli qurumlar bu məsələyə həssas yanaşmalıdır. Daha sonra seminar iştirakçılarının ortaya qoyulmuş əsas məsələ barədə fikirləri müzakirə edilib. Seminar iştirakçıları arasında qrup şəklində müxtəlif testlər keçirilib.

Seminarın birinci, həmçinin ikinci günü Türkiyədən dəvət olunmuş media mütəxəsisi Ayşe Karabat “Türk dilində qız övladları ilə bağlı gender diskriminasiyası, medianın bu məsələdə rolu, jurnalistlərin fəaliyyəti, sosial mediada gender məsələsində bilərəkdən və ya bilməyərəkdən aparılan yanlış siyasət və s. məsələlər ətrafında danışıb. Qeyd edib ki, gendr məsələsində yazan jurnalistlərin, xüsusilə diqqət göstərməli olduqları məqamlar çoxdur. Bir adi sözlə, fotoyla belə zərərçəkmişə yardım etmək əvəzinə, həyatını məhv etmiş olarıq. Bu məsələdə ilk öncə gizlilik qorunmalıdır, hadisənin baş vermə təfərrüatları yox, qadının düşdüyü vəziyyətdən hansı vasitələrlə çıxması açıq şəkildə oxucuya çatdırılmalıdır. Bununla da oxşar hadisə ilə üzləşən digər qadınlara daha çox yardım etmək olar. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres
© AFP 2020 / Thomas KIENZLE
Seminarın ikinci günündə isə A.Karabat ilə seminar iştirakçılarının gender mövzusunda əvvəlcədən hazırladıqları və KİV-də yayımlanmış materialları müzakirə olunub. Məqalələrdə mənfi və ya müsbət məqamlar dəyərləndirib.

Seminarın ikinci günü, həmçinin media üzrə təlimçi Kənan Quluzadə çıxış edib. “Gender məsələləri onlayn və sosial mediada” mövzusunda çıxış edən təlimçi indiyə qədər bu mövzu ətrafında həyata keçirdiyi işlərlə iştirakçıları tanış edib. Azərbaycanda gender məsələsi ilə bağlı müəyyən statistika, mövcud qanunlar barəsində ətraflı məlumat verib. Sonda KİV-də bu məqsədlə həyata keçirilmiş layihələr müzakirə edilib.

Qeyd edək ki, qarşıdakı günlərdə təlim iştirakçılar arasında müsabiqə təşkil olunacaq və ən yaxşı yazı, foto və ya video materialın qalibi müəyyən ediləcək. Qalib Türkiyədəki böyük media holdinqlərdən birinə qısamüddətli təcrübə keçmək imkanı qazanacaq.

41
Teqlər:
gender, jurnalist, seminar, BMT-nin Əhali Fondu
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

0
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

0
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

6
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

6
Teqlər:
qarğıdalı, fermer, Balakən