Ordu

Azərbaycan kişilərinin yazdığı şanlı tarix

36
(Yenilənib 02:20 25.05.2018)
Bolşeviklərə qarşı Gəncə üsyanından 98 il keçir

BAKI, 25 may — Sputnik. 1920-ci il mayın 25-də Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz olaraq üsyan başlanıb.

Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər bolşevik ordusuna kömək edirdilər.  

Üsyanın təşkilində başlıca olaraq birinci piyada diviziyası, üçüncü Gəncə alayının bölmələri, üçüncü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları da öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanının təşkilində xüsusi fəallıq göstərirdilər. 

Üsyan ərəfəsində qırmızı ordunun 20-ci atıcı diviziyasının bəzi hissələri Gəncəyə gəlmişdi. Həmin diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin ermənilər yaşayan hissəsində, üçüncü briqadanın rabitə taboru və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində yerləşirdi. 40-cı süvari briqadası Zurnabad kəndinin ətrafında dayanmışdı. Həmin günlərdə Taman süvari briqadasının üçüncü alayı da Gəncəyə gətirildi.

Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə başladı. Qısa müddətdə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki qırmızı qoşun hissələri nəzarət altına götürüldü. Hərbi anbar, mərkəzi həbsxana, dəmir yolu stansiyası, fövqəladə komissarlığın binası ələ keçirildi.

Xalq hərəkatının getdikcə geniş miqyas aldığını görən XI qırmızı ordunun komandanlığı üsyanın yatırılması üçün təcili tədbirlər görməyə başladı. 179-cu alay və 20-ci diviziyanın süvari briqadası dərhal Gəncəyə gətirildi. İki gündən sonra Zaqatala bölgəsindəki 18-ci süvari diviziyası da Gəncə ətrafında yerləşdirildi. Ermənilər elə ilk gündən rus-sovet işğalçılarına yaxından kömək edirdilər. Mayın 29-da qırmızı qüvvələrin üsyançılar üzərinə ilk mütəşəkkil hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları onları ağır vəziyyətə saldı. Belə olduqda XI qırmızı ordu komandanlığı Gəncəyə yenə də əlavə qüvvələr gətirdi.

Mayın 30-da Gəncədə XI ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşirdi. Mayın 31-də buradan əsas hücum başladı. Çoxlu sayda canlı qüvvənin, topların və zirehli avtomobillərin işə salınması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək heç də asan deyildi. Şəhəri tərk etmək imkanı olmayan üsyançıları, habelə dinc əhalini mühasirəyə alaraq kütləvi şəkildə güllələyirdilər. 

Potyomkin zirehli gəmisi
© Photo : PUBLIC DOMAIN

Bir neçə gündən sonra top-tüfəng gücünə üsyan yatırıldı. Çox da dəqiq olmayan məlumata görə, bu savaşda bolşeviklər tərəfdən 8,5 min nəfər ölüb. Üsyançıların itkisi isə 12 min nəfərə çatırdı. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudinbəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, müəllim Mirzə Abbaszadə və başqaları namərd güllələrinin qurbanı oldular.

Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 413 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirildi.

36
Teqlər:
XI ordu, bolşevik, qiyam, Gəncə
Bakı metrosunda maska rejimi

Vəziyyət pisləşsə, tədbirlər sərtləşdiriləcək - Baş infeksionist

11
(Yenilənib 15:04 31.10.2020)
"Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik.  "Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib. O qeyd edib ki, onlayn satışın həcminin artması koronavirus pandemiyası dövründə təqdirəlayiq hal hesab olunmalıdır:

"Bu tip ticarət həmin müəssisələrdə əhali sıxlığının və təmasların azalmasına, dolayısı yolla yoluxmaların dinamikasına təsir göstərir. Hazırkı epidemioloji durumda Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən dövlət müəssisələrində ofislərdə çalışan işçilərin sayına məhdudiyyət qoyulub, bu özəl müəssisələr üçün də tövsiyə olunub, distant şəkildə işləməyə üstünlük verilir. Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Baş infeksionist onu da əlavə edib ki, Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur.

11
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
On rayon və şəhər sərt karantin rejimi zonasından çıxarılır
Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı
Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”
Koronavirus sağalır, fəsadları qalır
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
 Bıçaq əlində kişi, arxiv şəkil

Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi

12
Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12
Teqlər:
bıçaq zərbəsi, bıçaqlanma, bıçaq, qətl hadisəsi, qətl, prokurorluq, Bakı
Gürcüstanda parlament seçkisi

Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib

0
Baş nazir: "Seçki kampaniyası demokratiyanın bütün tələblərinə cavab verib, bu səbəbdən demokratik dəyərlərə, ədalətə və iqtisadi cəhətdən güclü Qərb yönümlü dövlətə səs verdim".

BAKI, 31 oktyabr — Sputnik. Bu gün Gürcüstanda parlament seçkisi keçirilir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, səhər saatlarında səsvermədə iştirak edən qonşu ölkənin Baş naziri Giorgi Qaxaria ölkənin demokratik inkişafına səs verdiyini bildirib.

"Seçki kampaniyası demokratiyanın bütün tələblərinə cavab verib, bu səbəbdən demokratik dəyərlərə, ədalətə, iqtisadi cəhətdən güclü Qərb yönümlü dövlətə səs verdim", - deyə o bildirib.

"Bugün dünəndən qat-qat üstün olan Gürcüstana səs verdim və sabah bugünküdən daha yaxşı olacaq. Əlbəttə ki, heç kim keçmişə qayıtmağı xəyal edə bilməz, səsimi ölkənin gələcəyi üçün verdim", - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda budəfəki parlament seçkisi qarışıq seçki sistemi əsasında keçirilir: 150 yerdən 120-si partiyaların təqdim etdikləri siyahı əsasında, 30-u isə majoritar dairələr tərəfindən seçiləcək. Partiyalar üçün keçid həddi 1%-dir, majoritar namizədlərin səslərin 50%-dən çoxunu qazanması tələb olunur.

Səslərin 40%-dən çoxunu alacaq bir partiya müstəqil olaraq hökuməti qura biləcək.

Xatırladaq ki, Gürcüstanda 48 partiya və iki siyasi blok parlament yerləri uğrunda mübarizə aparır. Əsas rəqiblər hakim "Gürcü Arzusu" partiyası və başında keçmiş Prezident Mixail Saakaşvilinin durduğu birləşmiş müxalifəti təmsil edən Vahid Milli Hərəkatdır.

Azərbaycandan qonşu ölkədə seçkiləri müşahidə edən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, onların olduğu dairələrdə hər hansı insident baş verməyib:

“Pandemiya şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur. Seçki məntəqələrində koronavirus infeksiyasının yayılmaması üçün xüsusi qaydalara ciddi şəkildə əməl olunur”.

A.Nağıyev qeyd edib ki, deputatlığa namizədlər arasında Gürcüstan azərbaycanlılarının da yer alması mühüm əhəmiyyət kəsb edir.

Qrup rəhbəri Milli Məclis və Gürcüstanın yeni seçiləcək parlamenti arasında əməkdaşlığın davam etdiriləcəyini söyləyib: “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Parlamentlərarası əlaqələrin gələcəkdə də davam etdirilməsi və gücləndirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, qonşu ölkədə keçirilən parlament seçkilərini Milli Məclisin 3 üzvü müşahidə edir.

0