Tərtər çayının üzərindəki körpünün sökülməsi

Bərdədə körpünü sökürlər, yenisi hələ hazır deyil

206
(Yenilənib 19:58 23.05.2018)
Bərdədə Tərtər çayının üzərindən keçən körpünün yenidən qurulmasına başlanılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir müddət öncə Bərdədə Tərtər çayının üzərindəki körpünün yenidən qurulmasına dair sərəncam imzalayıb. Sərəncama əsasən körpünün tikintisi üçün 3 milyon manat vəsait ayrılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, artıq sərəncamın icrasına başlanılıb. Hazırda köhnə körpünün sökülməsi işləri aparılır.

Körpünün bağlanmasına görə sürücülər yeganə alternativ yol olan Qəhrəmanlar parkının giriş hissəsinə yaxın çay keçidindən istifadə edirlər. Alternativ körpünün kiçik və darısqal olması isə burada nəqliyyatın hərəkətini çətinləşdirir.

Yerli sakinlər də müvəqqəti körpünün onların işinə yaramadığını bildirirlər. Bərdə şəhər sakini Rafiq Hüseynov bildirir ki, regional mərkəzə çevrilən rayon üçün hazırkı körpünün imkanları məhduddur. Bu da öz-özlüyündə tıxac probleminin əmələ gəlməsinə səbəb olur: "Bərdə hazırda böyük bir şəhərdir. Rayon sakinləri ilə bərabər 100 min nəfərdən artıq qaçqın və məcburi köçkünün də burada yaşadığını nəzərə alsaq, Bərdəni respublika əhəmiyyətli şəhər hesab etmək olar. Ağdam, Ağcabədi, Tərtər rayonlarının da Bərdəyə intensiv hərəkətlərinə baxsaq şəhərdə nəqliyyatın sayının daha da çox olduğunu görə bilərik. Bu baxımdan da şəhərdə ekstremal şəraitin də yaranması mümkün ola bilər. Amma bu, müvəqqəti çətinlikdir. Tezliklə hər şey qaydasına düşər".

Tərtər çayının üzərindəki körpünün sökülməsi
© Sputnik / Musa Muradlı
Tərtər çayının üzərindəki körpünün sökülməsi

Bununla yanaşı, Rafiq Hüseynov ekstremal şəraitə uyğun tədbirlər planının hazırlanmasını vacib sayır. Hesab edir ki, Səhiyyə İdarəsinin və FHN-nin yerli şöbələrinin çayın hər iki sahilində xidməti maşınları olmalıdır. Onlar körpünü keçmədən hər iki sahildə təcili və zəruri xidmətlərini həyata keçirə bilməlidirlər.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Məmmədov bildirir ki, prezidentin sərəncamına uyğun olaraq işin icrası Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb: "Əvvəllər asma körpü layihəsi var idi. Ancaq alınmadı. İndiki layihə həmin agentliyin özü tərəfindən hazırlanıb. Dövlət əhəmiyyətli olduğuna görə Ağdam və Bərdə rayonlarını birləşdirən körpü kimi olması nəzərə alınaraq işin icrası da Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunub".

İcra başçısının müavini müvəqqəti keçiddən istifadənin ciddi narahatlıq doğurmadığını deyir: "Birinci gün bir az çətinlik oldu. Hazırda nəqliyyatın hərəkətində hər hansı bir çətinlik, ya da gərginlik yoxdur".

206
Teqlər:
Bərdə, tikinti, sərəncam, Prezident İlham Əliyev, körpü