Diplom

Diplom əldən getdi!

30720
(Yenilənib 22:35 20.05.2018)
O, sənin arzunu həyata keçirə bilmədiyi üçün vicdan əzabı çəkir

BAKI, 21 may — Sputnik. Nədir bizdə bu diplom sevdası? Uşağın meyli var ya yox, savadı çatır ya yox, ümumiyyətlə təhsil ardınca getmək istəyir ya yox, məcburi oxutmaq təfəkkürü bizə niyə qənim kəsilib? Qonşudanmı utanırıq, qohumdanmı abır edirik, özümüzəmi sığışdıra bilmirik? Ki, mənim övladım mütləq ali məktəbin pilləkanlarını qalxıb-enməlidir.

Ümumiyyətlə, nədir bu kollektiv yanaşma tərzi? Fərdiyyətə, şəxsi seçimə, öz həyatını özünün istədiyi kimi qurub yaşamağa qarşı bu qədər barışmaz mövqe nə zaman bizi rahat buraxacaq? Həyatı fərdi olaraq verilən və həmin həyatı necə yaşadığı Yaradan qarşısında yalnız özündən soruşulacaq olan yaradılış üzərində amansız ictimai basqı ədalətsizliyin son həddi deyilmi?

Kollektivçiliyi belə sevirdik, niyə bütün dünyada kollektivçiliyin bayraqdarı olan Şura hökumətini dağıtdıq? "Hamı hamı üçün", "bir nəfər hamı üçün" düşüncə formasını, "palaza bürün, elnən sürün" şüarını, "hamı necə, sən də elə" prinsipini bu qədər mühafizə ediriksə, gül kimi Sovet quruluşunu yıxıb Avroatlantik məkana inteqrasiya bayrağını qaldırmağın adı nəydi?

Mənim uşağım mütləq oxumalıdır… Filankəsin övladının 2 dənə diplomu var, mənimkinin niyə olmasın?… Nəyin bahasına olursa olsun, sən "inistuta" girməlisən, girə bilməsən, gözümə görünmə!

Ay yoldaş(lar), niyə özümüzə və övladlarımıza bu qədər zülm edirik, axı? O filankəs dediyin adam uşağının birinci diplomunu 4 il çiyələk əkib-becərməklə, ikinci diplomunu isə bütün mal-qarasını satmaqla aldı. Boğazından kəsib ona-buna rüşvət verdi, özü yeməyib onun-bunun ciblərini doldurdu. Nəticə? Alınan kağız parçalarının hansı dolabda kifləndiyi bəlli deyil, uşaq "Sədərək"də qadın alt paltarları satır.

Nəyin bahasına olur olsun, "inistuta" girməli olan övladın, sırf sənin bu amansız arzun həyata keçsin deyə öz istəklərini dəfn edir, xəyallarını basdırır, yaşamaq istədiyi gələcək həyatı sənin qazdığın çuxura gömür.

Sonra sənin arzunu həyata keçirə bilmədiyi üçün vicdan əzabı çəkir, ona verdiyin zəhməti yüz dəfə başına qaxacağını, təpəsinə vuracağını gözü önünə gətirir. Qonşuların istehzasını, qohumların tənəsini hiss etməyə başlayır. Onu geridə elə bir bərbad mənzərə gözləyir ki… Və o, evə dönmür, özünü 14-cü mərtəbədən üzüaşağı — dəfn etdiyi arzularının yanına buraxır…

İndi yüz başına-gözünə döy, fəryadın göylərə çatsın, üsyanın ərşə dayansın. "Merətə qalsın o kağız parçasını, kaş balam sağ olaydı" de, "Lal-kar olaydı, yanımda qalaydı" de. Faydası varmı? Ya bir ömür bu əzabla yaşayacaqsan, ya da bir müddətdən sonra hər şeyi unudub yaşamına davam edəcəksən?

Amma o balan vardı ha… O balan elə bir zərgər ola bilərdi ki, onun əl işləri nəinki diplom alanların, diplom verənlərin də ən qiymətli əşyalarına çevrilərdi. O balan elə bir ixtiraya imza ata bilərdi ki, universitetlər ona fəxri diplom vermək üçün minnətçi düşərdi.

O diplomsuz balan vardı ha… Əlinin altında onlarla diplomlu çalışdıracaq uğurlu bir iş adamına çevrilə bilərdi. Ac diplomluların yalvar-yaxarla qiymət saldırmağa çalışdığı, tox diplomluların xahiş-minnətlə növbəyə durduqları bir avtomobil təmirçisi ola bilərdi o balan. İdmançı olardı, diplomla 10 ildə qazana biləcəyini bircə dəfə babat beynəlxalq nəticə ilə əldə edərdi.

Bəli, bütün bunlar olar bilərDİ, əgər sənin o ucuz hikkən olmasaydı…

30720
Teqlər:
fərd, kollektiv, kağız, qonşu, qohum, diplom, valideyn, basqın, övlad, arzu, ali məktəb, təhsil, universitet, uşaq
Əlaqədar
Azərbaycanda ən yaşlı abituriyentin 58 yaşı var
Abituriyentlərin diqqətinə!
Tələbəsini öldürən müəllim intihar etdi
Tələbələr üçün şad xəbər
Saxta diplomla 19 il müəllim işlədi
Azərbaycanda daha bir universitetin diplomları sayılmayacaq
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Bu əsl faciədir - ATU-da 57 həkim koronavirusa yoluxub

931
(Yenilənib 11:51 07.07.2020)
"Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb" - Günel Aslan

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub. Bu barədə ATU-nun mətbuat katibi Günel Aslanova Sputnik Azərbaycan-a açıqlamasında deyib. O bildirib ki, artıq həmin həkimlərdən 6-sı sağalaraq evə buraxılıb və digər 27 həkimin müalicəsi davam edir: "Müalicədə olan həkimlərimizin 6-nın vəziyyəti ağır, 15-i orta ağır, digər 6-nın vəziyyəti isə yüngüldür".

"Bilirsiniz, hazırda xəstə sayı çoxdur və həkimlərimiz gücləndirilmiş iş rejimində çalışırlar. Onlaırn hər bir qorunma vasitələri var. Lakin bu gərgin rejimdə istər-istəməz immunitet düşür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb", - deyə mətbuat katibi bildirib.

Bundan başqa G.Aslanova bildirib ki, ATU-nun Tədris-Terapevtik Klinikası da COVİD-19 xəstələrinin müalicəsi üçün ayrılıb və burada çalışan 24 həkim arasında da yoluxma faktı qeydə alınıb.

931
Natiq Məmmədli

Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə

22
(Yenilənib 11:49 07.07.2020)
"Ləyaqət düsturu", "Bekketə salam" hekayələr toplusu və "Körpüdə ümid" romanından sonra "Qəhrəmanım sənsən" Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

BAKI, 7 iyul — Sputnik. Tanınmış yazıçı Natiq Məmmədlinin seçmə hekayələrindən ibarət kitabı işıq üzü görüb.

Sputnik Azərbaycan xəbər verir ki, "Köhlən" Nəşriyyatının çap etdiyi kitabda müəllifin yeni, habelə müxtəlif vaxtlarda qələmə aldığı otuza yaxın hekayəsi yer alıb.

Kitab Məmmədlinin "Mənim oxucum mənim qəhrəmanımdır" devizi ilə oxucularına müraciəti ilə başlayır. "Qəhrəmanlar təkcə müharibələrdə yetişmir. Adi həyatlarını yaşayan elə səssiz, elə təvazökar qəhrəmanlar var ki, bəlkə də hər gün yanımızdan ötüb keçirlər, amma biz onların fərqinə varmırıq. Heç özlərinin də öz hünərindən xəbərləri olmur. Onların qəhrəmanlığı qəfil bir anın içərisinə sığmayan, ömür boyu davam edən şücaətdir. Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Mən səssiz qəhrəmanların yazıçısıyam", - deyə yazıçı oxucularına xitab edir.

"Ləyaqət düsturu", "Bekketə salam" hekayələr toplusu və "Körpüdə ümid" romanından sonra "Qəhrəmanım sənsən" Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.

Kitabı paytaxtın kitab mağazalarından əldə etmək olar, həmçinin "Köhlən" Nəşriyyatından onlayn sifariş də mümkündür.

22
Saytda qeydiyyat

Şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir

0
Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər

BAKI, 7 iyul — Sputnik. Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət"ə) göndərilir. Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən "icaze.e-gov.az" portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.

Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin "icaze.e-gov.az" portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.

0