Həbs, arxiv şəkli

Azərbaycanda böyük əməliyyat: 48 borclu həbs edildi

1251
(Yenilənib 11:23 19.05.2018)
Mayın 18-də 104 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb

BAKI, 19 may — Sputnik. Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 18-də 104 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə, 56 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

1251
Teqlər:
borclu, Daxili İşlər Nazirliyi, cinayət, həbs
Valeri Jiskar d'Esten

Fransanın keçmiş prezidenti koronavirusdan öldü

1
(Yenilənib 11:05 03.12.2020)
Valeri Jiskar d'Estenin adını daşıyan fonddan verilən məlumata görə, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

BAKI, 3 dekabr — Sputnik. Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esten 94 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan-ın "Europe 1" kanalına istinadən yaydığı məlumata görə, onun adını daşıyan fonddan keçmiş prezidentin koronavirusdan öldüyü bildirilib. O da qeyd olunub ki, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Siyasətçinin ölümü ilə əlaqədar həm Fransanın indiki prezidenti Emmanuel Makron, həm də əvvəllər bu ölkəyə rəhbərlik etmiş şəxslər - Nikolya Sarkozi və Fransua Olland başsağlığı veriblər.

Qeyd edək ki, noyabr ayının ortalarında Jiskar d'Esten Fransanın qərbindəki Luar et Şer departamentindəki iqamətgahından xəstəxanaya yerləşdirilmiş, noyabrın 20-də isə evə buraxılmışdı.

Bundan əvvəl keçmiş prezident ağciyər infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra həkimlər onda COVID-19 virusu aşkar etmişdilər.

Valeri Jiskar d'Esten 1926-cı ildə məmur ailəsində anadan olub. O, Ali Politexnik Məktəbi və Milli İdarəetmə Məktəbini bitirib. Şarl de Qoll və Jorj Pompidunun prezidentliyi dövründə maliyyə naziri vəzifəsində çalışıb, Fransız Demokratiyası Uğrunda İttifaq partiyasının lideri olub.

1974-cü ildə Pompidunun ölümündən sonra Jiskar d'Esten prezident seçkilərində qalib gəlib. Onun hakimiyyəti dövründə Fransa Şarl de Qollun xarici siyasətindən imtina edərək NATO strukturlarına qayıtmağa başlayıb. Eyni zamanda, siyasətçi Sovet İttifaqı ilə əlaqələri gücləndirmək üçün xeyli səy göstərib, on dəfədən çox SSRİ-yə və daha sonra Rusiyaya səfər edib.

Keçmiş prezident bir neçə əsərin və iki cildlik memuarlar kitabının müəllifidir.

1
Teqlər:
prezident, Fransa, COVID-19, Koronavirus
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov

Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib

10
(Yenilənib 10:34 03.12.2020)
Yeni növ koronavirus Azərbaycanın daha tanınmış şəxsinin, vəkil Adil İsmayılovun həyatına son qoydu.

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov vəfat edib.

“Report” xəbər verir ki, bunu vəkil Aqil Layic deyib.

A.İsmayılov koronavirusdan dünyasını dəyişib.

Allah rəhmət eləsin!

10
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşıb

0
(Yenilənib 11:06 03.12.2020)
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 48,88 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,19 dollar geriləyərək 48,06 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
barel, qiymət, neft