CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hitlerin kürsüsündə oturmuş azərbaycanlı: "Partladıcı maddəni araq əvəzinə içəcəkdim..."

© Sputnik / Rahim Muradovİkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev
İkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Mir Məhəmməd Əliyev: "Berlinə girdikdən 5-6 gün sonra əsgərlərimizdən Hitlerin kabinetinin yerini soruşdum, göstərdilər, kabinetə girdim və Hitlerin kürsüsündə oturdum"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. 1941-ci ilin dekabrında, əsasən azərbaycanlılardan ibarət olan 77-ci dağatıcı diviziya 51-ci ordunun tərkibində Kerç — Feodosiya desant əməlliyyatına başlayıb. Krımdan başlayaraq, 11000 km məsafəyə yaxın döyüş yolunu qət edib, Berlində döyüş yolunu bitirən diviziyanın bir çox şəhərlərin azad edilməsində böyük rolu olub. Qızğın döyüşlərdə fərqlənən diviziya elə buna görə də "Suvorov ordeni" ilə təltif edilib.

77-ci dağatıcı diviziyanın heyətində şərəfli döyüş yolu keçən azərbaycanlılardan biri Astara rayonunun Şiyəkəran kəndində dünyaya gəlmiş Mir Məhəmməd Əliyevdir. Sputnik Azərbaycan-ın əməkdaşı, hazırda Bakıda qızı ilə yaşayan, 98 yaşlı veteranla Bakıda görüşüb, Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini dinləyib.

Mir Məhəmməd baba müharibəyə könüllü getdiyini deyib: "1940-cı ildə Lənkəran Pedaqoji Texnikumunu bitirmişəm. 1 il Astaranın ucqar dağ kəndi olan Əsxənəkəran kəndində müəllim işləmişəm. 1941-ci ilin sentyabrında könüllü olaraq müharibəyə getdim. Əvvəlcə Bakıda təlim keçdik, sonra Ermənistanda. 1941-ci ilin dekabrında bizi Ermənistandan Bakıya qaytardılar. Bakıdan da Krıma getməli idik".

Ağsaqqal veteran müharibəyə getdiyi ilk günü belə xatırlayıb: "Bizi Bakıda qatara mindirdilər, 30 dekabrda Novorossiysk şəhərinə çatdıq. Orada 10000-ə yaxın əsgər toplanmışdı. Alman əsgərləri Krımı işğal etmək istəyirdilər deyə, hər paroxoda 3000 əsgər doldurub, ard-arda iki paroxod yola saldılar Krıma. Ancaq xəbər gəldi ki, alman əsgərləri hər iki paroxodu da batırıblar. 31 dekabr 1941-ci ildə, saat 12:00-da isə bizi 3-cü paroxoda mindirib Krıma göndərdilər. Bəxtimizdən hava dumanlı idi, heç bir yer görünmürdü. Havada faşistlərin qırıcı təyyarələri dövrə vurub bizi axtarırdılar. Paroxoddakı general da bizə tapşırıq verdi ki, qırıcıların bizi görməməsi üçün papiros çəkməyək, kibrit yandırmayaq".

© Photo : Mir Məhəmməd Əliyevin şəxsi arxivindənİkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev prezident İlham Əliyevlə görüşdə
İkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev prezident İlham Əliyevlə görüşdə - Sputnik Azərbaycan
İkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev prezident İlham Əliyevlə görüşdə

"Beləcə biz çatdıq Krıma, sahilə 25 metr qalmış paroxod dayandı. Sahilyanı hissəni buz bağlamışdı. Əsgərlərdən 5-i dözməyib buzun üstünə düşdü və sahilə doğru qaçmağa başladılar. Paroxoddan bir az aralanmışdılar ki, buz sındı və əsgərlərin 5-i də suda batdı. Bizi sahilə daşımaq üçün 10-12 qayıq göndərdilər. Axşamüstü bizi oradan Kerçə apardılar. Bütün əsgərləri pəncərələri sındırılmış böyük bir bankın içinə yığdılar. Qar da yağmışdı, soyuq idi, nə qızına, nə də otura bilirdik, paltarımız yerə yapışırdı. Orada məndən başqa 3 azərbaycanlı da var idi, soyuqdan qızınmaq üçün dördümüz də başladıq "Ləzginka" mahnısını oynamağa", — danışır veteran.

Onun dediyinə görə, əsgərləri bir neçə gün orada saxladıqdan sonra manqalara bölüblər: "Ali-orta savadım olduğu üçün məni manqa komandiri təyin etdilər. Tabeliyimə 9 dağıstanlı əsgər, bir də indiki Goranboy rayonundan olan pulemyotçunu verdilər. Pulemyotçumuz yaşda hamımızdan böyük idi".

© Sputnik / Rahim Muradovİkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev
İkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev - Sputnik Azərbaycan
İkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev

Mir Məhəmməd baba qızğın müharibə zamanı başına gələn maraqlı bir hadisəni də danışıb: "Bir dəfə ərazidə dolu şüşə butılkalar yığılmış səngər tapdım. Elə bildim ki, butulkalardakı araqdır. Hava soyuq idi deyə istədim butulkalardan birini açım, bir az içib qızışım. Butılkanın qapağını açanda yerə 2-3 damcı o araqdan düşdü, düşən kimi də yandı. Mən qorxdum, özüm də 2-3 damcı başqa yerə tökdüm, ora da yandı. Tez butulkanı götürüb polkovnikimizin yanına apardım. Polkovnikimiz də salyanlı idi. Dedi ki, butılkadakı araq deyil, tank əleyhinə partladıcı maddədir".

"Sonra əsgərləri götürüb getdik həmin səngərə və oradan, təxminən bir yük maşını dolusu o butılkalardan götürdük. Hər əsgərə 3-4 ədəd verdik, mən də 3 butılka götürdüm. Həmin hadisədən 1-2 gün sonra gecəyarısı almanlar hücuma keçdilər. Səhərə qədər vuruşduq. Onları yerləşdikləri dağdan geri çəkilməyə məcbur etdik. Dağın o biri tərəfində tanklar var idi, aşağıda dərəyə enib biz tərəfə keçəcəkdilər. Hərəmiz o butılkadan atdıq tanklara tərəf. Dərəyə enmiş bir tank başladı yanmağa. İçərisindən 3 nəfər alman əsgəri çıxdı, biz də onları güllələdik. O biri tanklar isə başqa istiqamətə getdi", — veteran danışdıqca xatirələrə dalır.

M.Əliyev Krımdan sonra Ukraynada döyüşüb və döyüşlərin birində başından yaralanıb: "Hərbi hospitalda 3 ay qaldım. 1 ay intensiv müalicə aldım, 2 ay isə müalicə ala-ala oradakı tibb bacılarına kömək etdim. Axı mən tibbi təlim keçmişdim. Sonra hospitalın rəisi mənə dedi ki, "başından kontuziya almısan, səni yenidən döyüşə buraxa bilmərəm, qal, hospitalda işlə"".

Mir Məhəmməd baba sağaldıqdan sonra xidmətini hospitalda davam etdirib: "3 aylıq müalicə müddəti bitdikdən sonra mənə hospitalın "starşinası" vəzifəsi verildi. Döyüşlərdə iştirak etməsəm də, hospitalımız alayımızın ardınca qələbə çalınan ərazilərlə irəliləyirdi. Beləcə, gedib çıxdıq Almaniyaya, Berlinə".

Ağsaqqal veteran iddia edir ki, Berlin ələ keçiriləndə o, Hitlerin kabinetində olub: "Berlinə girdikdən 5-6 gün sonra əsgərlərimizdən Hitlerin kabinetinin yerini soruşdum, göstərdilər. Kabinetə girdim və Hitlerin kürsüsündə oturdum. Ətrafıma baxdım, oradakı uşaqlarla bir qədər söhbət edəndən sonra geri qayıtdım".

Mir Məhəmməd kişi müharibədən sonra Bakıya qayıdıb, Tibb İnstitutuna qəbul olunub. Lakin Bakıda o vaxt vəziyyət yaxşı olmadığına görə üz tutub Özbəkistana: "Hospitalda bir özbək polkovniklə tanış olmuşdum. Yaralanmışdı, düz 2 ay qulluq etdim ona. Müharibədən sonra döyüşçü yoldaşımdan həmin polkovnikin Özbəkistanda Ali Sovetin sədri olduğunu öyrəndim. Bakıda da həmin dövr vəziyyət pis idi, çörək tapılmırdı. Təhsilimi yarıda qoyub getdim həmin kişinin yanına. Məni Motor Təchizatı Zavoduna işə düzəltdi. Uzun müddət Özbəkistanda yaşadım".

Mir Məhəmməd baba hər il 9 May — Qələbə Günündə Böyük Vətən müharibəsi veteranları ilə birlikdə Sovet İttifaqı qəhrəmanı, həmyerlisi Həzi Aslanovun məzarını ziyarət etdiyini də qeyd edib. Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdüyünü xüsusi vurğulayıb. Hər il Qələbə Günü münasibətilə ona bir neçə ölkədən təbrik məktublarının gəldiyini bildirib.

Moskvada Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan parada rəsmi olaraq dəvət edilsə də, Mir Məhəmməd Əliyev həmin il xəstə olduğuna görə Rusiyaya gedə bilməyib.

Xəbər lenti
0