Məhkəmə çəkici

Azərbaycanda baş redaktora ağır cəza verildi

319
(Yenilənib 16:54 08.05.2018)
Müşavirədən sonra elan edilən hökmə əsasən, H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 8 may — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gündəlik Bakı qəzetinin baş redaktoru Habil Vəliyev
© Photo : REPORT
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Habil Vəliyevin daha bir vəkili — Zaur İbadov müdafiə çıxışı edib.

Vəkil Habil Vəliyev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

H.Vəliyev məhkəmədən xahiş edib ki, üzərinə həbs qoyulan əmlakları ailəsinə qaytarılsın.

Məhkəmə hökmü qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən hökmə əsasən H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli və digərlərinin barəsində aparılan ibtidai istintaq başa çatıb. Həmin cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

319
Teqlər:
reket, Habil Vəliyev, Gündəlik Bakı, Bakı Ağır Cinayətlər Məhkəməsi, jurnalist, həbs
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19