İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev

Müharibədən amansız olan zaman: 30 minlik diviziyadan sağ qalan 2 nəfərdən biri

278
(Yenilənib 15:31 06.05.2018)
Qafqazdan Yuqoslaviyayadək döyüş yolu keçmiş müharibə veteranı ən amansız düşməndən danışıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Faşizm üzərində qələbənin yaşı artdıqca bu qələbədə payı olan insanların da sıraları seyrəlir. Dünyanın ən qanlı müharibəsi haqqında çox filmlər çəkilib, çox kitablar yazılsa da, əsl həqiqətləri canlı şahidlərin dilindən eşitmək insanda daha dolğun məlumat yaradır. Belə şahidlərdən biri də Mingəçevir şəhərində yaşayan Böyük Vətən müharibəsi iştirakçısı Baba Əliyevdir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri veteran Baba Əliyevlə görüşüb, müharibə haqqında xatirələrini dinləyib.

İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev
© Sputnik / Ilham Mustafa
İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev

1921-ci ildə Ağdaş rayonunda anadan olan Baba Əliyev 21 yaşında vətənin müdafiəsinə qoşulub. Buna qədər isə Zaqatala Pedaqoji Texnikumunu bitirməyə, Qəbələ rayonunun Qum kəndində müəllim işləməyə də imkan tapıb. Lakin vətənin dar günündə 650 min soydaşımız kimi o da silaha sarılıb.

İlk günlərdən xidmətdə fərqlənən Baba Əliyev elə ilk döyüşündə "За отвагу" (Şücaətə görə) medalıyla təltif edilib. Bundan sonra savad və bacarığına görə komsomol partiya katibi seçilərək döyüşlərdə iştirak etməklə yanaşı təbliğat işi ilə də məşğul olub. Elə bu səbəbdən də 97 yaşlı veteran müharibə vaxtı adi əsgərlərin bilmədiyi çox məlumatlardan xəbərdar olub.

Şücaətli veteran o günləri belə xatırlayıb: "Təzə-təzə müharibə başlayanda azərbaycanlılara etibar etmirdilər. Bu, Stalinin qulağına çatanda Bağırovu yanına çağırtdırır, azərbaycanlıları döyüşkən xalq kimi tanıdığını, bu söz-söhbətin haradan qaynaqlandığını soruşur. Bağırov ona cavab verir ki, "Yoldaş Stalin, bunun bir səbəbi var, o da rus dilini bilməməklə bağlıdır. Siz icazə verin, mən milli diviziyalar yaradım, onlar qəhrəmanlıqlar göstərməsələr, mən özümü güllələyəcəm". Bundan sonra Bağırov azərbaycanlılardan ibarət 5 diviziya yaradır ki, indi də hər birinin qəhrəmanlığından danışılır".

İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev
© Sputnik / Ilham Mustafa
İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev

1942-ci ilin yayından 223-cü milli atıcı diviziyanın tərkibində döyüşlərə qatıldığını deyən müharibə iştirakçısı həmin dövrdə ən ağır döyüşlərin Şimali Qafqazda getdiyini qeyd edib: "Buna səbəbi o idi ki, Hitler döyüşləri analiz edərək generallarına səhv istiqamətdə döyüşdüklərini, ilk olaraq Leninqrad, Moskva, Stalinqrad kimi şəhərlərdən öncə Bakını ələ keçirməli olduqlarını deyir. SSRİ ordusunu 80-90% benzin və sürtgü yağları ilə təmin edən Bakını tutmaq üçün əsas qüvvələrini Şimali Qafqaza göndərir".

Bakıdan Qroznuya kimi 200-dək müdafiə xətti yaradıldığından danışan veteran hərbçi almanları yalnız Terekin sahilində dayandırmağın mümkün olduğunu söyləyib: "1942-ci ilin dekabrın 8-də bütün Şimali Qafqaz cəbhəsi boyu əks hücuma başladıq. Bir neçə alay getdi, qırıldı. Bundan sonra Moskva cəbhəsindən göndərilən hərbi aviasiya polkunun köməyilə almanların cəbhəsini yardıq. O hücumun davamı olaraq 223, 406 Azərbaycan milli diviziyaları Moldovanı, Rumınıyanı azad edib Yuqoslaviyaya kimi getdi. Qələbəni Belqradın mərkəzində qeyd elədik".

Zamanın müharibədən daha amansız olduğunu deyən Baba Əliyev 30 minlik diviziyadan hazırda yalnız 2 nəfərin sağ qaldığını təəssüflə qeyd edir.

278
Teqlər:
Mircəfər Bağırov, Stalin, diviziya, Azərbaycan, Böyük Vətən Müharibəsi, veteran
Dəniz piyadaları döyüşlərdən daimi dislokasiya məntəqəsinə qayıdıb

Dəniz piyadaları döyüşlərdən daimi dislokasiya məntəqəsinə qayıdıb

0
(Yenilənib 19:03 01.12.2020)
Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

BAKI, 1 dekabr — Sputnik. Vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları öz missiyalarını başa vuraraq hərbi hissəyə geri qayıdıb.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

© AR Ministry of Defence
Dəniz piyadaları döyüşlərdən daimi dislokasiya məntəqəsinə qayıdıb

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.

0
Teqlər:
dəniz, Müdafiə Nazirliyi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
DokuBaku beynəlxalq film festivalı, arxiv şəkli

"DokuBaku" artıq 4-cü dəfə start götürüb

0
(Yenilənib 18:57 01.12.2020)
"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan "DokuBaku" artıq 4-cü dəfə start götürür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi tərəfdaşı olduğu festivalın 2020-ci ildə keçirilmə tarixi 26 oktyabr – 1 noyabr üçün nəzərdə tutulsa da, dünyanı bürüyən pandemiya (COVİD 19) səbəbindən dəyişikliklər oldu. Beləki, "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

Xatırladaq ki, festival filmləri izləmək istəyənlər platformada qeydiyyatdan keçərək günün istənilən saatı ödənişsiz izləmə imkanı qazanacaqlar.

Festivalın icraçı direktoru, sənədli film rejissoru Oktay Namazov bildirib ki, azərbaycanca və ingiliscə altyazı ilə onlayn nümayiş sənədli filmləri izləyici üçün daha əlçatan edir.

Yeri gəlmişkən, bu il festivala 53 ölkədən 250-dən çox film qəbul edilib. Seçim prosesində tammetrajlı, qısametrajlı, eyni zamanda yerli filmlər arasından ən layiqliləri seçilərək auditoriya üçün hazırlanıb. Bundan başqa, beynəlxalq və yerli mütəxəssislərdən ibarət jüri heyəti 4 kateqoriyada qalibləri seçəcək. Jüri heyətində "Ən yaxşı tammetrajlı sənədli film" kateqoriyası üçün Əli İsa Cabbarov, Laura Koppens, Səidə Baxşıyeva, "Ən yaxşı beynəlxalq qısa və yerli sənədli film" kateqoriyasında Durna Səfərova, Uolter Naqi, Yüksel Doğan, "X kateqoriyası"nda isə Elvin Cəbizadə, Aysu Akcan, Hüseyn Cəlilvənd qalib filmləri seçəcək. Festivalın açılışı Hilal Baydarovun "Xurmalar yetişəndə" filmi başlayacaq.

"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalının rəsmi proqramı ilə dokubaku.az saytında tanış ola bilərsiniz.

0
Teqlər:
film, festival