Ət kəsimi

Bakını qan üfunət bürüyüb

16077
(Yenilənib 19:44 20.04.2018)
"Bu problem o zaman həll oluna bilər ki, əhalidə baytarlara qarşı inam yaransın"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, Milli Onkologiya Mərkəzinin yanı ət bazarına çevrilib. Bəli, düz anladınız, ət bazarına. Burada küçə boyu müxtəlif ət mağazaları fəaliyyət göstərir. Günün istənilən saatında mağazalarda iri və xırdabuynuzlu heyvanlar kəsilərək satılır. Satışa çıxarılan ət isə birbaşa yolun kənarından asılır.

Ərazidə ət mağazaları ilə yanaşı müxtəlif kafelər, restoranlar, kababxanalar da fəaliyyət göstərir. Maraqlıdır ki, həmin qəssabxanaların fəaliyyətindən narazı qalanlar olsa da, bu satışı dəstəkləyənlər də az deyil.

Ərazi sakini Elnur Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sözügedən ərazidə ət satışı uzun illərdir davam edir. Bir neçə dəfə müxtəlif qurumların nümayəndələri gəlsələr də, sadəcə "baxıb" gediblər.

"Səhərlər buradan üfunət qoxusundan keçmək olmur. Bu, bir kənara, hətta səhər küçədən keçəndə buralarda qan gölünə də rast gələ bilərsiniz. Heyvanların təzəyi, qan, ot-alaq, üfunəti demirəm hələ. Bir sözlə, izah etmək mümkün deyil", — deyə əlavə edir E.Abdullayev.

Digər bir sakin Salamov Etibar isə deyir ki, ərazi sakinləri əti buradakı mağazalardan alır. Çünki burada kəsilən heyvanların sağlamlığına əmindirlər: "Bu satıcıları illərdir tanıyırıq. Həm də aralarında yaxından tanıdıqlarımız da var. Onlar bizə heç vaxt xəstə və ya ölmüş heyvanın ətini satmazlar. Hara gedib, təmiz ətə ala bilərsən ki? Hansı bazara gedirsən, görürsən ki, bütün ətlərdə möhür var. Bu möhürlər nə zaman vurulur, bilmirik. Yox, ən yaxşısı elə buradır. Gözümüzün qarşısında kəsirlər. İsti-isti alırıq, aparıb könül rahatlığı ilə yeyirik".

Səhərlər ərazidə hökm sürən xoşagəlməz vəziyyətdən sual verəndə isə, Salamov bildirir ki, bu, onları qətiyyən narahat etmir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə neçə ildir paytaxtın qəssabxanaya çevrilməsinin səbəbini onunla əlaqələndirir ki, istehlakçılar ancaq gözləri ilə gördüyü, təmizliyinə əmin olduğu məhsulu almaq istəyirlər. "İstehlakçı əmin olmaq istəyir ki, aldığı at-eşşək əti deyil, təmiz mal ətidir" — o, Sputnik Azərbaycan-a açıqlamasında bildirir.

E.Hüseynov əlavə edir ki, istehlakçılar baytarlara və bazarlara nəzarət edən qurumlara inanmadıqları üçün digər mağazalarda satılan ətlərə üstünlük vermirlər: "İstehlakçı səhər bazara gedəndə görür ki, yüzlərlə cəmdəyin üzərində baytar möhürü var. Guya baytarlar yatmayıblar, səhərə qədər ekspertiza aparıblar. Bunu camaat görür. Hətta istehlakçılar arasında belə bir fikir yaranıb ki, "təzə kəsilmiş qoyunu soyanda belə, altdan baytar möhürü çıxır"".

AİB sədri deyir ki, bu problem SSRİ dövründə də mövcud olub və o dövrdə belə bunun qarşısını almaq mümkün olmayıb: "Hazırda Qida Təhlükəsizliyi Agentliyi belə obyektlərin qarşısını almağı qarşıya məqsəd qoyub. Amma bunun qarşısını radikal, inzibati yolla almaq mümkün deyil. Bunun üçün əvvəlcə istehlakçıların inamını qazanmaq lazımdır ki, alıcılar marketlərə üz tutsunlar. Bu zaman problem də öz-özünə həll olunacaq".

E.Hüseynov o da vurğulayır ki, hazırda Bakıda iki böyük kəsimxana var: "Biri "AzProteinFood", o biri isə "Səhliyalı" şirkətindədir. Təxminən 2 milyon dollarlıq avadanlıqları var. Bu müəssisələr istənilən mağazada ət satmaq istəyən şəxslərin iribuynuzlu heyvanını 10 manata kəsib, dəridən çıxarıb, baytar yoxlamasından keçirib, təmiz şəkildə verməyə hazırdır".

"Lakin görək onlara müraciət edən varmı? O qədər bahalı avadanlıqlar alınıb, təəssüflər olsun ki, işləmir. Qida Təhlükəsizliyi Agentliyi də qarşısına məqsəd qoyub ki, Bakı və Bakıətrafı kəndlərdə 11 kəsimxana yaratsın. Heyvanlar mərkəzə daxil olmadan kəsilsin. Guya bunu etməklə ölkədə olan qəssabxanaların qarşısı alınacaq. Bu da səhv fikirdir", — Hüseynov deyir.

Ekspert onu da əlavə edir ki, şəhərdəki qəssabxanaların qarşısını polislə almağa çalışsalar da, buna nail olmaq mümkün olmayıb, olmayacaq da: "Bu problem o zaman həll oluna bilər ki, əhalidə baytarlara qarşı inam yaransın".

Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin də münasibətini öyrəndik. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna belə cavab verildi: "Qida Təhlükəsizliyi Agentliyi əhalinin təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə rayonlarda və Bakı şəhərinin müxtəlif küçə və meydanlarında, yol kənarları və məhəllədaxili yerlərdə iri və xırdabuynuzlu heyvanların kəsiminə qadağaların tətbiqinə dair Azərbaycan hökumətinə təqdim edilməsi üçün təkliflər paketi hazırlayıb".

Təkliflərdə standartlara uyğun, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsim məntəqələri Respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan tələbatı nəzərə alınmaqla (torpaq sahələrinin icra hakimiyyəti ilə razılaşması əsasında) sahibkarlar tərəfindən tikintisinin həyata keçirilməsi nəzərdə tutulub. Bu kəsim məntəqələrinə hər hansı bir say məhdudiyyət yoxdur.

Bundan başqa, sanitariya-gigiyena norma və qaydaları və qida təhlükəsizliyi baxımıdan standartlara cavab verən ət kəsim məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır. İri və xırda buynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qərarlar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək.

Yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi hazırda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsi, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir. İşlər tamamlandıqdan sonra ölkəyə idxal olunan bütün qida məhsullarına, o cümlədən, ət və ət məhsullarına nəzarəti də həyata keçirəcək".

16077
Teqlər:
kəsim, üfunət, möhür, Qida Təhlükəsizliyi Agentliyi, baytar, Sputnik Azərbaycan, qoxu, Eyyub Hüseynov, qan, sakin, ət, heyvan, küçə
Əlaqədar
"Qanlı gölməçələr"ə son: Şəhərin ortasında ət kəsənlərin qara günləri başlayır
Ölüm qidası: quş peyini, dəri, dırnaq, tüklü ət və...
Azərbaycan Rusiyaya ət və süd məhsullarının ixracını artırır
Bu ölkədən ət idxalı dayandırıldı
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

10
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

10
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

35
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

35
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0