Qaxda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir

"Açıq muzey"in hər daşında yaşayan tarix

197
(Yenilənib 21:21 18.04.2018)
Qaxda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir keçirilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Bu gün Qax şəhəri 4 nömrəli tam orta məktəbdə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə tədbir keçirilib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şagirdlərə bölgədəki tarixi abidələr, tarixi şəxsiyyətlər və onların keçmişi haqqında məlumat verilib. AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli bu tədbirin Qaxda keçirilməsinin təsadüf olmadığını vurğulayıb: "Azərbaycanın şimal-qərb bölgəsi, xüsusilə Qax rayonunu "açıq muzey" adlandırıram. Buranın hər daşında bir tarix yaşayır. Burada elə abidələr var ki, onlar təkcə bölgənin yox, Qafqazın unikal abidələridir. Buradakı abidələri qorumaq, onları araşdırmaq və dünyaya tanıtmaq lazımdır. Hər şey məktəblərdən başlayır, biz bu məlumatları məktəblilərə çatdırmalıyıq ki, qoy gələcək nəsillər tariximizə biganə qalmasın, onlar da gələcək nəsillərə bu məlumatları ötürə bilsin".

Xatırladaq ki, bu gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

197
Teqlər:
Azərbaycan Prezidenti yanında Bilik Fondu, məktəb, tədbir, Qax