Rəqs edən cütlük

Möcüzə belə olar: Yıxılıb ölmək əvəzinə qalxıb oynayırlar

38460
(Yenilənib 10:01 16.04.2018)
İsmayıl MƏMMƏDLİ
Və ya qəribə-qəribə adamların çox qəribə-qəribə macəraları

BAKI, 16 aprel — Sputnik. Günlərin bir günü oğul atadan soruşur ki, bu opera və balet nəmənə olan şeydir? Ata bir xeyli duruxduqdan sonra deyir: "Bala, səni belə başa salım da. Tutalım, bir nəfər o birini güllələyir və vurulan adam yıxılıb ölmək əvəzinə başlayır oxuyub-oynamağa. Bax, opera və balet belə bir şeydir".

… Hansısa idarəyə müraciət edib deyirsən ki, "Müəllim, sizin filan rayon şöbənizin filan əməkdaşı məni incidir, adi bir arayış üçün get-gələ salır, xahiş edirəm, tədbir görün". Müəllim öz əməkdaşının abırsızlığından abır edib, utanıb-ölmək əvəzinə az qalır basıb sənin gözünü çıxara ki, "sən demaqoqsan, idarəmizin işinə kölgə salmağa çalışırsan, özünü yığışdır".

… "Xruşşovka"nın zirzəmisini su basıb, sakinlər sətəlcəm olur, əlac edən də yox. Məcburən mətbuata üz tuturlar. Hadisə yerinə jurnalist gedir, müşahidələr aparır, sakinləri danışdırır və peşə etikası gərəyi qarşı tərəfin – Mənzil Kommunal İstismar İdarəsinin (MKİS) də münasibətini almaq istəyir (tərəfsiz yazanda bir dərd, tərəfli yazanda ayrı). "JEK" müdiri məsələdən hali olan kimi, dərhal qaçır problem yaşanan əraziyə. Problemi həll etməyə deyil ha, sakinləri jurnalistin üzünə durmağa məcbur etməyə. Bir balaca arxalı müdir olsa, o müxbiri işdən də qovdurar: "Sən kimsən, a gədə, mənim bostanıma daş atırsan?"

… Hər bir icra başçısının "Hüquqlarının Müdafiəsi Komitəsi"nin (HMK) bir neçə "jurnalist" üzvü var. Duxun çatır, məsələn, Daşkəsəndə üzləşdiyin elementar bir qanunsuzluğu dilinə-qələminə dola. Əhəd Abıyev HMK-nın üzvləri əvvəl sosial şəbəkədə, sonra saytlarda, sabahısı gün qəzetlərdə, ardınca həftəlik və aylıq jurnallarda, hələ buraxsalar, radio-televiziya efirlərində və əllərinə keçsən, küçə-bayırda sənə bilirsən neyniyərlər?

… Peşmansan DYP-nın bir inspektoru haqda adi status, nə bilim balaca bir tənqidi xəbər yazmağa. Baxmayaraq ki, həmin qanunsuzluqla şəxsən özün üzləşmisən… O mətbuatdakı qardaş var e, DYP ilə rəsmən heç bir bağlılığı olmayan, bax o, səni "neprav", tanımadığı inspektoru "prav" çıxarmaq üçün Anqola qanunvericiliyini də eşələyib-tökər. Və imkan verməz ki, "Ay yoldaş, yol polisinin yediyi soğana görə sənin mədən niyə göynəyir?" soruşasan. Yox əgər orqanizminiz eyni qidalara öyrəşibsə, yediyiniz-içdiyiniz ayrı getmirsə və onun yediyi sənə də toxunursa, tapşır arkadaşına, bu soğan zəhrimarı yeməsin də, bizdən nə istəyirsən?

… Allah iri ərzaq şirkətlərinin ətrafında sipər almış "media-qida batalyonu"nun qəzəbindən qorusun. Birincinin şokaladının içindən tapdığın qurd yağını ikincinin çay qutusundan çıxan siçan nəcisi ilə murdarlayıb üçüncünün mədəndə həzm olunmayan çörəyinə möhtac hala gətirərlər səni. Ta ki, özün etiraf edənədək: O qurd yağı ilə siçan nəcisini hansı məqsədlə oraya qoydum və çörəyi niyə qəsdən 1 sutkadır həzm etmirəm deyə. Yəni, qarşınıza belə bir fakt çıxdısa, susun!

… Bir vətəndaş vardı, xırdaca da dərdi. Dərdini demək üçün öz deputatının qəbuluna düşə bilmirdi. Yalançılar sözü, 3 aya yaxın deputatın köməkçisinə yalvar-yaxar etmişdi ki, 10 dəqiqəlik onu qəbul etsin, problemi həll etməyə gücü çatmasa belə, canı sağ olsun, hələ bir dinləsin. Xeyri olmamışdı. Adam əlacsızlıqdan bir sayt vasitəsilə açıq müraciət etmişdi ki, "Ay deputat, balana qurban olum, məni qəbul et". Səhəri gün o deputat o vətəndaşın əmisini yanına çağırıb itin sözünü demişdi: "Əəə, utanıb-ölmürsünüz, əəə, mənim adımı orda-burda hallandırırsınız? Özümüz də eyni rayondanıq e"…

38460
Teqlər:
abır, inspektor, müdir, DYP, opera, balet, problem, qəbul, vətəndaş, mətbuat, deputat, jurnalist
Əlaqədar
Başımız bəladaymış, xəbərimiz yox - DİQQƏT
Azərbaycanda o insanları təhqir etməyin cəzası yoxdur
Bütün Azərbaycan vətəndaşları qarşısında tələb!
Nəyiniz var-nəyiniz yox, evə daşıyın, qapıları bağlayın
Yeni nazir gəlir, həm də yeniliklərlə
O, artıq yoxdur, gözümüz aydın