ABŞ dolları

Mərkəzi Bankda da təəccüblənirlər: Dollarla bağlı baş verir?

12299
(Yenilənib 16:37 13.04.2018)
Bankların dollar satışını dayandırması Mərkəzi Bankda da təəccüblə qarşılanıb

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bakıda bank filiallarının dollar satmaması ilə bağlı yayılan xəbər qısmən təsdiqini tapıb. Sosial şəbəkələrdə və ictimaiyyət arasında yayılan bu söhbətlərin nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı "Elmlər Akademiyası" metrostansiyası və Hüseyn Cavid parkının ətrafında yerləşən bir sıra bankların filiallarına baş vuraraq xarici valyuta barədə soruşub.

Əməkdaşımız 6 bank filialında olub və səhər saat 11.00-a qədər olan vəziyyət müəyyən fikir yürütməyə imkan verib. İlk bankdan bildiriblər ki, kassada dollar qurtarıb, amma yaxın 1,5 saat ərzində satış üçün yeni partiya ABŞ valyutası gətiriləcək.

Digər bankın filialından isə bildiriblər ki, dolların satışı müvəqqəti dayandırılıb və bazar ertəsindən başlanacaq. Dollar almaq məqsədilə getdiyimiz digər üç bank filialından da əliboş qayıtmalı olduq. Hamısı bankda dolların olmadığını bildirdilər. Təkcə "Kapital Bank"-da bildirdilər ki, dolların satışına məhdudiyyət yoxdur və bizə sıra nömrəsi götürərək dollar almaq üçün öz növbəmizi gözləməyi təklif etdilər.

Xatırladaq ki, ötən şənbə günü — aprelin 9-da Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsinin dəyişdirilməsinə həsr olunmuş mətbuat konfransında AMB İdarə Heyətinin sədri Elman Rüstəmov Sputnik Azərbaycan-ın manatın kursunun zəifləməsi ilə bağlı sualını cavablandırarkən deyib: "Belə bir halın baş verməsi üçün heç bir fundamental səbəb yoxdur. Hazırda Azərbaycanın tədiyyə balansı müsbət zonadadır və bu ilin birinci rübündə keçirilən valyuta hərraclarında, xarici valyutanın tədarükü bankların tələbatını üstələyib".

Öz növbəsində Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev dolların satışdan yoxa çıxması barədə sualımızı təəccüblə qarşılayıb. O qeyd edib ki, AMB Amerika valyutasına olan tələbi tamamilə əhatə edib.

"Sizin bu siqnalınızdan sonra, biz qeyd etdiyiniz bankların şöbələrində dolların satışının olmaması səbəblərini dərhal araşdırmağa və problemi həll etməyə başlayacağıq" — deyə N.Əliyev bildirib.

Ümid edirik ki, Bakıdakı bank filiallarında dolların satışı ilə bağlı problem nəinki tamamilə həll olunacaq, həm də bankların heç bir səbəb olmadan niyə xarici valyutanı satmaqdan imtina etdiyi sualına da aydınlıq gətiriləcək. Ölkədəki makroiqtisadi vəziyyətin sabitləşdiyi hazırkı şəraitində kommersiya banklarında xarici valyutanın olmaması ilə bağlı şayiələri yaymaq və bununla yanaşı manatın mümkün devalvasiyası ilə bağlı "söz-söhbətləri" artırmaq kimə lazımdır?

2017-ci ilin yekunlarına görə, Azərbaycanda 30 bank fəaliyyət göstərir. Onların respublika üzrə 509 filialı, 142 şöbəsi var. Həmin banklarda 16 171 nəfər çalışır.

12299
Teqlər:
dollar, bank, valyuta, Bakı, Azərbaycan Mərkəzi Bankı, Elman Rüstəmov, AMB, Sputnik Azərbaycan, Namiq Əliyev
Əlaqədar
Türkiyədə tarixi məkanı dağıdanlardan 50 milyon dollar tələb edilir
Rusiya rublu ağır günlərini yaşayır: Dollar...
Avro və dollar qonşuda yerli valyutanı çökdürdü
Ekspert: “Azərbaycanda dollarlaşmanın azalmasına təsir edən amillər var”
Yataq

Mütəxəssis - gecə yatmazdan əvvəl mobil telefonu hara qoymaq lazımdır

4
(Yenilənib 09:54 17.09.2021)
Cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir

BAKI, 16 sentyabr — Sputnik. İnsanların əksəriyyəti gecələr də mobil telefondan ayrılmaq istəmir və bu cihazı mümkün qədər özünə yaxın qoymağa çalışır. Hansı hallarda bunun təhlükəli ola biləcəyini "Yaşayış məkanının ekologiyası" laboratoriyasının direktoru Anton Yastrebtsev Sputnik radiosuna verdiyi müsahibədə bildirib.

Mobil cihazlar ilk dəfə ortaya çixanda bəzi həkimlər şüalanmaların xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyindən qorxurdular. Ancaq bu qorxular öz təsdiqini tapmadı. Güman edilir ki, müasir telefon modelləri belə qorxulara səbəb olmamalıdır, çünki onlar insan üçün təhlükəsizliyi təstiqləyən sertifikasiyadan keçiblər. Yastrebtsev hesab edir ki, cib telefonlarının insanın daxili orqanlarına və toxumalarına təsir dərəcəsi hələ tam öyrənilməyib.

Mütəxəssis qeyd edib ki, ümumiyyətlə sertifikatlaşdırma zamanı cihazın bədənə yarım metr məsafədə təsiri qiymətləndirilir. O, telefonu ya bu vəziyyətdə, ya da başdan daha aralı saxlamağı məsləhət görüb.

"Ümumi qayda olaraq bu cihazı nə yastığın altına, nə də yataqda yanına qoyub yatmaq olmaz. Onu başdan bir metr, heç olmasa, ən azı yarım metr aralı saxlamamaq daha yaxşıdır", - deyə Yastrebtsev bildirib.

O əlavə edib ki, kənd yerlərində mobil telefonla yuxuda olan insan arasında məsafə daha böyük olmalıdır, çünki cihaz baza stansiyasından uzaqda olanda şüalanma güclənir.

"Əgər mobil baza stansiyası uzaqdadırsa və əlaqə zəifdirsə, məsələn, kənddə, bağ evində telefon baza stansiyası ilə əlaqə yaratmaq üçün çox enerji sərf edəcək və bu halda şüalanma artacaq. Bunu nəzərə almaq lazımdır. Belə hallarda onu baş nahiyəsindən uzaqlaşdırmaq daha məsləhətdir. Yəni yatmamışdan əvvəl rabitə səviyyəsinə nəzər yetirmək lazımdır", - deyə mütəxəssis izah edib.

Onun sözlərinə görə, cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir.

Yastrebtsev hesab edir ki, telefonla danışarkən simsiz qulaqlıqlardan istifadə etmək daha yaxşıdır.

"Mobil telefonu başınıza yaxın tutmamaq üçün mütləq simsiz qulaqlıqlardan istifadə edin. Bu vəziyyətdə telefonla çox danışsanız, onu hətta masanın üstündə saxlaya bilərsiniz və beləliklə telefon sizi şüalandırmayacaq, orqanizmə heç bir zərər verməyən qulaqlıq şüalandıracaq", - deyə ekspert əminliklə bildirib.

Eləcə də oxuyun:

4
Teqlər:
mobil telefon, sağlamlıq, şüa, enerji
Bakıda Bakubus avtobusu, arxiv şəkli

Avtobuslar niyə həftəsonu virus yayır? Məntiqi izahı olmayan qərara tutarlı etirazlar

312
(Yenilənib 20:02 16.09.2021)
Həkim, nəqliyyat eksperti və millət vəkili bu qənaətdədirlər ki, həftəsonu ictimai nəqliyyatın işləməməsinin fəsadları xeyrindən çoxdur.

BAKI, 17 sentyabr — Sputnik. Həftə sonları qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı açıqlamada bildirilir.

Mikroavtobusların həftəsonu fəaliyyəti və DYP-nin bu açıqlaması haqlı olaraq bəzi sualların meydana çıxmasına səbəb olub. Həftənin 5 günü sərnişin sıxlığı müşahidə olunan metro və avtobusların fəaliyyəti niyə məhz həftəsonu virusun yayılması baxımından təhlükəli sayılır? Əgər həftə sonları ictimai nəqliyyat vasitələrinin fəaliyyəti koronavirusun yayılmasına yol açırsa, qanunsuz sərnişindaşımaya niyə indiyə qədər göz yumulub?

Məlum olduğu kimi, həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulsa da, kiçiktutumlu mikroavtobuslarla sərnişinlərin şəhər daxilində və şəhər ətrafına daşınması davam edir. Bakı şəhərində müntəzəm sərnişindaşımaların dayandırılması sözün əsl mənasında qanunsuz sərnişindaşımaya yol açıb. Həftə sonları Bakı Dəmiryolu vağzalının qarşısında dayanaraq ictimai nəqliyyat fəaliyyəti göstərən mikroavtobuslar sərnişinləri bir və yaxud iki manatdan mənzil başına çatdırırlar.

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftə sonları ictimai nəqliyyatın işləməməsinin heç bir məntiqi izahı yoxdur. Deputat deyir ki, həftə sonları ictimai nəqliyyatın işləməməsinin ən çox zərbəsi minik avtomobili olmayan aztəminatlı insanlara dəyir:

"Hansı ki, o insanlar həftəsonu işə getməyə məcburdurlar. Orta təbəqə, kasıb insanlar həftəsonu ictimai nəqliyyatın işləməməsindən daha çox ziyana düşürlər. Düşünürəm ki, həftəsonu ictimai nəqliyyatın işləməməsi yanlış qərardır. Bu ancaq taksi şirkətlərinin marağını güdmək üçün verilmiş qərardır".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftəsonu ictimai nəqliyyat vasitələri fəaliyyət göstərmədiyindən fiziki şəxslər öz istifadələrində olan mikroavtobusları xəttə buraxırlar. Ekspert deyir ki, bu, qanunsuz sərnişindaşıma adlandırılsa da, bunun qarşısının alınması vətəndaşların yolda qalması ilə nəticələnəcək: "Həftə sonları ölkənin bütün rayonlarında, eləcə də paytaxtda bir çox müəssisələr fəaliyyət göstərir. İnsanlar işə gedib-gəlirlər. Bu insanlar ictimai nəqliyyatın işləməməsi səbəbindən çox əziyyət çəkirlər. Onsuz da həmin vətəndaşlar bir vasitə ilə səhər işə, axşam evinə getməlidirlər. Taksidə 4 nəfərin getməsi ilə mikroavtobusda 8 nəfərin getməsinin elə bir fərqi yoxdur.

Mikroavtobus sürücülərinə minnətdarlıq etmək lazımdır ki, ictimai nəqliyyatın işləmədiyi dövrdə vətəndaşların köməyinə çatırlar. Taksilərin həftəsonu 10 manata apardığı yolu mikroavtobuslar bir manata aparır. Bunun bir ziyanı yoxdur. Vətəndaş onsuz da bu pulu mikroavtobusa verməsə belə, üstünə də 8-9 manat qoyub taksiyə verməlidir ki, evinə getsin. DYP-nin bu açıqlaması isə konkret olaraq taksi sürücüləri üçün şərait yaradır. İctimai nəqliyyatda koronavirusun məhz həftəsonu yayılması məntiqli deyil. Bunu sübut edən elmi araşdırma varmı? Təbii ki, yox!"

Ekspert bildirir ki, pandemiya dövründə bütün məsələlər təhlil edilməli idi. Amma belə bir təhlil aparılmayıb: "Heç kəs bilmir ki, taksidə çox yoluxma var, yaxud avtobusda. İnsan ictimai nəqliyyatdan istifadə edirsə, həftəiçi də virusa yoluxa bilər, həftəsonu da. İndiyə qədər xəstələnən insanlar arasında belə bir təhlil də aparılmayıb ki, bunların nə qədəri məhz həftəsonu ictimai nəqliyyatdan istifadə edərkən virusa yoluxub. Bunu müəyyən edən bir mexanizm də yoxdur.

Qarşıdan isə yeni tədris ili gəlir. Həftəsonu işləyən təhsil müəssisələri var. Şənbə günü müəllim və şagirdlər məktəbə necə gedəcəklər? Bunu düşünən yoxdur. Bütün müəssisələr həftəsonu qapalı olmur axı. Bu sualların cavabını tapsınlar, sonra qərar versinlər. Şənbə və bazar günü, əksinə, sərnişinlərin sayı az olur. Məntiqlə həftəsonu yoluxma riski də aşağı düşməlidir".

E.Muradlı bildirir ki, həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağalar daşıyıcı şirkətlərə də ciddi təsir edib. Onu sözlərinə görə, daşıyıcı şirkətlərə dövlətin pandemiya dövründə verdiyi kompensasiya dəymiş zərəri ödəmir: "Nəqliyyat canlı mexanizmdir. Bunu çökdürmək olmaz!"

E.Muradlının sözlərinə görə, dünyanın əksər ölkələrində ictimai nəqliyyatın fəaliyyətinə müəyyən dövr üçün, çox yoluxma olduğu halda qadağa qoyulur. Və bu qadağa təkcə ictimai nəqliyyatı əhatə etmir: "Bəzi ölkələrdə ictimai nəqliyyatın fəaliyyətinə qadağalar qoyulur. Amma bu, yoluxma dalğaları olduğu dövrlərdə tətbiq edilir. Azərbaycanda isə yoluxma sayından asılı olmayaraq həftəsonu ictimai nəqliyyata qoyulan qadağa uzadılmaqda davam edir. Yoluxma sayından asılı olmayaraq bu qadağanın uzadılması düzgün deyil. Bu qərarları verənlər ciddi düşünməli, qərar vermək xətrinə heç bir təhlilə söykənməyən qərarlar verməkdən çəkinməlidirlər".

Ekspert deyir ki, ictimai nəqliyyatın fəaliyyətinin həftə sonları məhdudlaşdırılması taksilərdə qiymət artımına səbəb olur. Üstəlik taksi şirkətləri öz istəklərini diktə edirlər: "Bu azmış kimi sərnişinlər kobud taksi sürücülərinin kaprizlərinə dözmək məcburiyyətində qalırlar".

Azərbaycan Həkimlər Birliyinin üzvü, Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm DYP-nin həftəsonu mikroavtobusların fəaliyyətini pandemiya dövründə riskli hesab etməsinə münasibət bildirib. O, Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, belə mikroavtobuslar sərnişin daşımasa belə, insanlar şəxsi minik avtomobilləri ilə şəhərə gələn, yaxud evinə gedən avtomobillərdən taksi kimi istifadə edirlər:

"Həftə sonları ictimai nəqliyyatın işləməməsi pandemiya dövründə yoluxma riski yaradır. Çünki işə gedib-gəlməli olan insanlar bir manatlıq taksilərə sıx şəkildə minmək məcburiyyətində qalırlar. Əgər həftəsonu ictimai nəqliyyat işləsə, insanlar bu şəraitdə gedib-gəlməzlər. Ümumiyyətlə, həftəsonu ictimai nəqliyyatın işləməməsinin virusa yoluxma sayının azalmasına yox, artmasına təsiri var".

Qeyd edək ki, DYP-nin bu gün yaydığı məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində hazırki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, tətbiq edilən xüsusi karantin rejiminin müddəti uzadılıb, həmçinin həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb. Mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslər həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar.

Həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün bu kimi nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da xeyli artır, bəzi sürücülər isə görülən tədbirlərin mahiyyətinə varmadan bunu fürsət kimi dəyərləndirirlər. Sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun halda bir neçə dəfə gedib gəlməsi ağır yol qəzalarının baş vermə riskini artırır, eyni zamanda sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin kobud şəkildə pozulması ölkəmizdə xəstəliyə yoluxmaların azaldılması üçün görülən tədbirlərə kölgə salır. Odur ki qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alıb qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərdən istifadə etməməli, yollarda çətinliklərlə üzləşməmək üçün zəruri işlərini həftə sonlarına saxlamamalı, bütün tədbirlərin məhz əhalinin sağlamlığına hesablandığını düşünüb qaydalara hörmətlə yanaşmalıdırlar.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sözügedən qanunsuz sərnişindaşıma hallarına qarşı, habelə taksilərdə tələb olunan qaydalara əməl edilməsi ilə bağlı kəsərli tədbirlər görüləcəyini, xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində inzibati məsuliyyət tədbirlərinin tətbiq ediləcəyini bildirir, bununla yanaşı əlaqədar şəxslərin xəbərdarlığa anlayışla yanaşaraq epidemioloji vəziyyətin müsbətə doğru irəliləməsinə töhfə verəcəklərinə inanır.

Eləcə də oxuyun:

312
Teqlər:
ictimai nəqliyyat, həftə, istirahət, həkim, millət vəkili, mikroavtobus