BAKI, 9 aprel — Sputnik. Ötən şənbə gecəsi Bakıda qeyri-adi oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər Yasamal rayonunda, Hüseyn Cavid parkı və Vergilər Nazirliyinin binası yaxınlığında yerləşən Kapital Banкın bankomatını qaynaq aparatı ilə kəsərək içindəki 174 min manat pulu aparıblar.
Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Bu cinayətin maraqlı detalları üzə çıxıb. Məlum olub ki, tibbi maska taxmış iki kişi gündüz bankomatın yanına gəliblər. Bankın Yasamal rayon filialının işçilərindən biri onlardan şübhələnib. O, naməlum şəxslərə yaxınlaşaraq nə işlə məşğul olduqları ilə maraqlanıb. Adamlar soyuqqanlılıqla cavab veriblər ki, "sanepidemstansiya"dan gəliblər və buraları dərmanla "dezinfeksiya" edəcəklər. Sonra naməlum şəxslər çıxıb gediblər.
Lakin bankomatın "dezinfeksiyası" kiçik qaynaq aparatının köməyi ilə gecə baş tutub.
"İki nəfər olduqları ehtimal edilən cinayətkarlar bankomatın yerini və ona haradan yaxınlaşa biləcəklərini qabaqcadan müəyyənləşdiriblər. Aparat avtobus dayanacağındakı köşkə quraşdırılıb. Cinayətkarlar köşkə daxil olaraq bankomatı içəridən yarıblar. Buna görə də, onların fəaliyyəti müşahidə kamerasına düşməyib." — deyə polisdən bildiriblər.
İstintaqın versiyasına görə, oğrular bir neçə gün davamlı olaraq həmin bankomatı izləyiblər və terminala külli miqdarda pulun yüklənməsini gözləyiblər. Bundan dərhal sonra onlar hərəkətə keçiblər.
Hələlik faktla bağlı saxlanan yoxdur. İstintaq davam edir.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.