Tereza Hemlin

Tereza Hemlin: "Amerika həyatı bəsdir, mən artıq azərbaycanlıyam"

929
(Yenilənib 16:36 09.04.2018)
"Burada ailə dəyərləri güclüdür, azərbaycanlılar problemləri birlikdə həll edirlər, hər kəs yardıma birinci qaçmağa tələsir"

Kamilla Əliyeva, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Tereza Hemlini yığıram — Minnesota ştatından olan, hazırda Bakıda yaşayan amerikalını. İngilis dilində dialoqa hazır vəziyyətdə salamlaşır, ona layihəmizi təqdim edir və bu məqsədlə görüşmək istədiyimizi deyirəm. Cavab gəlir: "Əleyküm salam. Bəli, əlbəttə mənə maraqlıdır. Mən sizin redaksiyaya gələcəm".

Və kiçicik düzəlişlərə ehtiyacı nəzərə almasaq, onun azərbaycancasına söz yox idi. Tereza xahiş etdi ki, onunla müsahibəni məhz Azərbaycan dilində edək, çünki indi ona öz ana dilində söhbət eləmək bir qədər çətəndir.

Tereza Hemlin
© Sputnik / Murad Orujov
Tereza Hemlin

Dəstəyi yerinə asıram. "Oh, ola bilməz, Tereza Hemlin, Bakıda yaşayan amerikalı, azərbaycanca danışır?!" — fikrini beynimdə götür-qoy edə-edə su dalınca gedirəm.

Qəhrəmanımla görüşəndən sonra səhv etdiyimi başa düşürəm. O, suallara Azərbaycan dilində çoxlarının həsəd aparacağı səviyyədə cavab verəndə mənim sifətimdəki ifadəni kaş ki, görsəydiniz. İngilis dilində bir kəlmə də işlətmədən, "uje", "obratno" kimi rus sözlərini də Bakı ləhcəsində işlədərək danışırdı.

Tereza Azərbaycandan getmək istəmir. Onun burada evi, dostları və sevimli işi — gün-gündən çiçəklənən kiçik biznesi var.

Lənkəran ləhcəsi ilə azərbaycanca

Söhbətimizə başlayandan 5 dəqiqə sonra başa düşürəm ki, Tereza təkcə ayrı-ayrı sözləri bilmir, həm də öz fikirlərini Bakı ləhcəsində asanlıqla ifadə edir. Onun azərbaycancasında, bir qədər Lənkəran şivəsi də duyulur. Mən beynimdə bütün Azərbaycana səyahət edirəm. Əlbəttə, Tereza da danışır ki, bu yaxınlarda Bakıya gəlib. 2004-cü ildən Lənkəranda yaşayıb, sonra isə Qusar rayonuna gedib.

"Birləşmiş Ştatlarda universitetdə birgə oxuduğum rəfiqəm Azərbaycan əsillidir. Biz onunla 1-ci kursdan dostluq edirik. O, mənə Azərbaycan və ölkənin cənubundakı Lənkəran şəhərində anadan olmuş atası barədə çox şey danışmışdı. Mən ixtisasca ingilis dili müəllimiyəm və o, mənə təklif etdi ki, atasının direktoru olduğu kənd məktəbində müəllim işləyim. Beləcə, mən Azərbaycana gəldim", — müsahibimiz danışır.

"Əvvəlcə məni yaşlı bir Lənkəran sakininin yanında yerləşdirdilər və orada yaşamalı oldum. Əlbəttə, o, ingilis dilini bilmirdi. Mən istədiyim şeyləri jestlərlə başa salmalı olurdum. Məsələn, su istədiyimi işarələrlə başa salırdım, o isə mənə sözü deyirdi və mən onu yadda saxlayırdım. Bir qədər sonra mən müəllim yanına, dil kursuna getdim. Burada yaşadığım 14 il ərzində azərbaycanlıların arasında olmuşam və ildən-ilə söz ehtiyatımı zənginləşdirmişəm", — o, əlavə edir.

"Amerika mənə bəs elədi, artıq azərbaycanlıyam"

© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov
Amerika mənə bəs elədi, artıq azərbaycanlıyam

— Tereza, bu ki əladır, siz mənim kumirimsiniz. Heç mən özüm də dilimizdə mükəmməl danışmıram. Siz bu illər ərzində Azərbaycanda nə ilə məşğul olmusuz? Ölkənin tam hüquqlu vətəndaşı…

— Əvvəlcə ingilis dilini tədris eləmişəm. Amma düzünü deyim ki, bu məşğulliyyət ürəyimcə deyildi, sıxılırdım (gülümsəyir). Bunu nərəzə alaraq mən sonralar dörd il yaşadığım Qusara getdim. Orada qərara gəldim ki, milli naxışlarla bəzədilmiş corabların toxunması işi ilə məşğul olum. Mənə bu işin ustası olan yerli mütəxəssislər dəstək verdi.

Mən bu işlə məşğul olmağa başlayanda ətrafda hər kəs deyirdi ki, bundan necə pul qazanmaq olar, bunlar axı kimin xoşuna gələcək? Əvvəla əl işləri xaricdə çox yüksək qiymətləndirilir və orada hamı nə isə qeyri-adi, yeni şeylər arzulayırlar. Mən diqqətimi xaricilərə yönəltmişdim.

Bakıya gələndən sonra da mən bu işi davam etdirirəm. Müxtəlif regionlardan olan ustalarla işləyirəm, yeni işlər axtarıram və xaricə daha çox məhsul ixrac etmək istəyirəm. Hazırda corabları daha çox Qərb ölkələrinə və Amerika mağazalarına "on-line" satmağa çalışıram.

Yeri gəlmişkən, biz corablarda daha çox müasir elementləri hörməyə çalışırıq. Ola bilsin, bu, onları daha da populyarlaşdırdı. Hər bir corab cütünə mən onları toxuyan ustaların adını verirəm.

"Özümü azərbaycanlı kimi hiss edirəm"

Terezanın geri qayıtmaq fikri olub, amma onu sayları heç də az olmayan azərbaycanlı dostları saxlayıb, bir də sevimli işi. Hemlin etiraf edir ki, əgər dostları olmasaydı, çoxdan Birləşmiş Ştatlara geri qayıtmışdı.

"Mən burada yaşayıram və qayıtmaq istəmirəm. Azərbaycanı çox sevirəm. Amerikada çoxlu azadlıqlar var, amma ailələr azdır. Hər kəs özü üçün yaşayır və özü üçün həyat planları cızır, amma kiminləsə birlikdə deyil", — deyir Tereza.

Tereza Hemlin
© Sputnik / Murad Orujov
Tereza Hemlin

"Amma burada ailə dəyərləri güclüdür, azərbaycanlılar problemləri birlikdə həll edirlər, hər kəs yardıma birinci qaçmağa tələsir. Mən dəqiq bilirəm ki, misal üçün, əgər Amerikada mənim maşınım xarab olsa, servisə təkbaşına aparmalı olacağam. Burada isə dostlarım buna imkan vermir, özləri aparır (gülümsəyir)", — o vurğulayır.

Həmsöhbətimiz Bakıdakı həyatını belə təsvir edir: "Burada öz əlimdir, öz başım. Biz Amerikada tez-bazar yeməkləri sevirik. Amma burada siz yeməklər üstündə zəhmət çəkməyi sevirsiz və nə qədər çox zəhmət çəksəniz, bir o qədər də qəşəng çıxır".

"Mən plovu, dovğanı sevirəm. İnanmazsınız, Amerikaya gedəndə buranın yeməkləri üçün darıxıram. Düzdür, hələ ki, onları bişirə bilmirəm (gülür). Amerikada elədir ki, müstəqilliyə üstünlük verirlər, hərə özü üçün yemək bişirir, özü öz paltarını yuyur, özü üçün planlar cızır", — deyir Hemlin.

Nəhayət, Tereza Azərbaycanın inkişaf etməsini, bütün sahələrdə irəli çıxmasını və ən əsası da özünəməxsusluğunu itirməməsini arzulayır. Mən isə istəyərdim ki, bizə Tereza Hemlin kimi adamlar daha çox gəlsin. Tereza Bakıda təkcə ona görə yaşamır ki, burada onun işi, ailəsi və uzaq qohumları var. O, bizim çoxdan unutduğumuz sənətkarlığı inkişaf etdirir.

Bununla yanaşı, Tereza əcnəbiləri də bizim özünəməxsusluğumuzla, unikallığımızla tanış edir. Və əlbəttə ki, dilimizdə danışır. Bu, çox qürurvericidir. Heç də bütün azərbaycanlılar dilimizi bilmir, amma bir amerikalı onu öyrənib və bu dildə sevə-sevə danışır…

929
Teqlər:
Birləşmuş Ştatlar, azərbaycanca, Minnesota ştatı, Tereza Hemlin, ingilis dili, Qusar, amerikalı, Lənkəran, Bakı, Azərbaycan dili, Azərbaycan
Əlaqədar
Azərbaycan cəmiyyəti hakimiyyətdən nə dərəcədə razıdır - Amerikalılar araşdırdılar
Amerikalıların başları bəladan açılmır - VİDEO
Amerikalı musiqiçidən kamançada möhtəşəm ifa
Amerikalı müəllimdən qeyri-pedaqoji hərəkət
Azərbaycan prezidenti amerikalı diplomatlarla bir arada