Yeni və köhnə binalar

Yeni tikili, sovet binası, yoxsa fərdi ev - Qiymətlər deyir?

741
(Yenilənib 17:30 09.04.2018)
"İlkin mənzil bazarında qiymətlər dəyişəndə, 3-6 ay gecikmə ilə təkrar mənzil bazarında da qiymətlər dəyişir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Paytaxtda və paytaxtətrafı qəsəbələrdə yeni tikililərin sayının artmasına baxmayaraq, mənzil bazarında qiymətlər dəyişməz olaraq qalır. Sadəcə bəzi hallarda cüzi artım müşahidə edilir.

Ekspertlərin fikrincə, mənzil bazarında ucuzlaşmadan söhbət gedə bilməz. Amma ayın sonundan etibarən cüzi artımın olması qaçılmazdır. Qiymət artımı istər torpaqların, istərsə də yeni tikilən binalardakı mənzillərin qiymətlərində özünü büruzə verəcək. Təkrar mənzil bazarında isə qiymətlərin artması hələ ki, gözlənilmir.

"MBA Consulting Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak eksperti Nüsrət İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda təkrar mənzil bazarındakı qiymət dəyişikliyi ilkin mənzil bazarından asılıdır. Yəni, ilkin mənzil bazarında qiymətlər dəyişəndə, 3-6 ay gecikmə ilə təkrar mənzil bazarında da qiymətlər dəyişir.

O qeyd edib ki, hazırda ötən illə müqayisədə ilkin mənzil bazarında qiymət artımı müşahidə edilir: "Ay ərzində 1-1,3 faiz artım olub. Amma təkrar mənzil bazarında qiymətlər dayanıb, stabildir. Zonalar üzrə bəzi qiymət dəyişiklikləri və yaxud da təklif portfelindəki struktur dəyişikliyi nəzərə alınmasa, təkrar mənzil bazarında hələ ki, heç bir dəyişiklik yoxdur. Amma ilkin mənzil bazarında qiymət artımı var".

Torpaqların qiymətinə gəldikdə isə, İbrahimov bildirib ki, ötən ilin son aylarında qiymətlərdə azalma müşahidə olunur: "Fevral ayından etibarən isə, 2 faizə qədər artım var. Hesab edirəm ki, bu da yazın gəlişi ilə əlaqəlidir. Ancaq qiymət artımı daha çox şəhərin daxilində hiss olunur. Məncə, bu da tikinti artımı ilə bağlıdır".

"Hesab edirəm ki, mart ayından iyunun sonlarına kimi mənzil bazarında və torpaqların qiymətində artım müşahidə oluna bilər. Bu da mövsümi artım olacaq", — ekspert vurğulayıb.

Əmlak eksperti Ramil Osmanlı da Sputnik Azərbaycan-a bildirib ki, keçən aydan bu günə qədər mənzil bazarında heç bir dəyişiklik yoxdur: "Yəni nə bahalaşma, nə də ucuzlaşma müşahidə edilir. Bahalaşma üçün müəyyən əsaslar, bazara pul axınları, ipoteka prosesində sürətlənmə və yaxud hansısa qərarların qəbulu olmalıdır. Hazırda bunların heç biri yoxdur".

"Ümumiyyətlə, daşınmaz əmlak bazarında mart ayının sonlarından daha aktiv dövr başlayır. Qarşıdakı dövrdə, ola bilsin ki, bazara pul axınları başlasın. Buna müvafiq olaraq da, qiymətlərdə müəyyən dəyişikliklər olsun. Amma hazırda əmlak bazarında heç bir dəyişiklik hiss edilmir", — həmsöhbətimiz deyib.

R.Osmanlının sözlərinə görə, torpaq alıcılarının əksəriyyəti kiçik ölçülü və qiyməti 5000 manata qədər olan torpaqlara üstünlük verirlər: "Bunun da əsas səbəbi fərdi yaşayış evlərinin tikintisinin maya dəyərinin aşağı olmasıdır. Təbii ki, bu ərazilər şəhər mərkəzindən uzaqdır. Alqı-satqı predmeti olan torpaq sahələrinin dəyəri, təqribən 4500 manat və ölçüsü 3.2 sotdur. Bu göstəricilərə qədər olan torpaqlar daha çox alınıb-satılır".

Tikinti eksperti Elnur Fərzəliyevin Sputnik Azərbaycan-a açıqlamasına görə isə, mənzil bazarında qiymətlər dəyişkəndir: "Böyük artım və ya ucuzlaşma müşahidə edilməsə də, alıcı kütləsi də azdır. Bilirsiniz ki, tələb və təklif qanunu var. Tələb çox olan zaman təkliflər də dəyərli olur. Ancaq son zamanlar təklif tələbi üstələyib. Bu da o deməkdir ki, əslində mənzillərin qiymətində ucuzlaşma müşahidə edilməlidir".

"Amma təəssüf ki, bəzi şirkətlər alıcı kütləsinin istəklərinə önəm vermək yerinə, öz mənfəətlərini üstün tutur. Bu da, öz növbəsində alıcı kütləsinin azalmasına səbəb olur", — mütəxəssis diqqətə çatdırıb.

Fərzəliyev qeyd edib ki, hazırda bazarda alış-veriş azalıb: "Yəni qiymətlər vətəndaşın ürəyincə deyil. Üstəlik, qiymətlərin martın sonundan iyulun əvvəllərinə qədər bir az bahalaşacağı, iyuldan sonra isə ucuzlaşma müşahidə ediləcəyi gözlənilir".

741
Teqlər:
Elnur Fərzəliyev, azalma, Sputnik Azərbaycan, Nüsrət İbrahimov, Ramil Osmanlı, artım, mənzil, ekspert, bazar, paytaxt, şəhər, qiymət
Əlaqədar
Mənzil növbəsi çatmamış vəfat edərsə, ona çatacaq mənzil ailəsinə veriləcək
Prezidentdən vətəndaşlara güzəştli mənzillə bağlı vacib fərman
Yeni binalarda mənzil alanlar üçün müjdə
İkinci binadakı mənzillərin açarları sahiblərinə təqdim edildi
Mənzillərə verilən təbii qaz kəsiləcək