CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı cütlük sevginin əngəl tanımadığını sübut etdi

CC0 / carissarogers / HandsƏllər, arxiv şəkli
Əllər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz ailə həyatı quracağıq və sübut edəcəyik ki, sevgimiz əngəlləri aşmağa nail oldu"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Bəzən ümidsizliyin içində cücərər bir tumurcuq. Bəzən tam bitdi deyərkən başlayar həyat. Biri gələr, əlindən tutub, ayağa qaldırar ümidlərini. Biri gələr, hiss etdirər sənə dəyərli olduğunu. Onu tanıyana qədər yaşadığın acıları da unudarsan, hətta özünü də. Sevərsən dəlicəsinə, ölürcəsinə…

Elə mənim qəhrəmanım kimi. Deyir ki, nişanlısını tanıyana qədər həyat onun üçün mənasız imiş. Ümidləri də bir topa xəyal yığınından ibarət imiş. Ta ki, onu tanıyana qədər…

Ülkər Şərifova Ağdaş rayonunda anadan olub. Hazırda da orada yaşayır. 31 yaşı var. Bir ildən çoxdur ki, həyatı dəyişən Ülkər Ceyhunla tanışlığını belə xatırlayır: "Oxuduğum sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinə kimisə gətirmişdi və onda tanış olmuşduq. İkimizin də sağlamlıq imkanları məhduddur. Bəlkə də elə Allah buna görə ürəyimizə belə böyük bir sevgi saldı".

© © Foto Ü.Şərifova tərəfindən təqdim olunubÜlkər xanım və Ceyhun bəy
Ülkər xanım və Ceyhun bəy - Sputnik Azərbaycan
Ülkər xanım və Ceyhun bəy

Ülkər deyir ki, fiziki məhdudiyyət hər ikisində sonradan yaranıb: "O, çətin gəzir, mən isə əlil arabasındayam. Mənim xəstəliyim "kalsi" çatışmazlığıdır. Nişanlımda isə səbəb bəlli deyil. Hazırda ikimiz də öz ailələrimizin yanında yaşayırıq".

"Sevgi mənim üçün həyatdır, nəfəsdir, var olma səbəbidir. Nişanlımı o qədər sevirəm ki, bu sevgini izah etmək çətindir. Sevgidə əngəl yoxdur. Təki yaşadığınız təmiz, əsl sevgi olsun. O zaman gözünüz ondan başqa kimsəni görmür", — deyə sevgisindən ağızdolusu bəhs edir qəhrəmanım.

Ülkərlə nişanlısının 10 yaş fərqləri var. Danışır ki, nişanlısı bu sevgi uğrunda çox mübarizə aparıb: "Bu sevgi onun mübarizəsi nəticəsində başladı. Əsla yorulmadı, bezmədi və mənə sevgisini isbat etdi, inandırdı. Mən də son nəfəsimə qədər əllərini buraxmayacağıma söz verib tutdum əllərindən".

"Ona olan sevgimi yazmağa sözlər yetmir. Bir-birimizin yanında olanda sanki bütün dünya bizim olur, "kədər" adlı hissdən xəbərsiz, o qədər xoşbəxt oluruq ki. Onunla hər şey maraqlıdır, dəyərlidir. Hər gün bir-birimiz üçün dua edirik. Dünyada heç nə bizim üçün əngəl deyil. Bir-birimizə çox inanırıq və əsla sevgimizə şübhə etmirik", — deyir Ülkər.

Söhbətimiz zamanı Ü.Şərifova hər ikisinin də fiziki məhdudiyyətləri olmasına baxmayaraq, bu həyata ümidli olduqlarını dəfələrlə təkrar edir.

Ötən il dekabrın 30-da nişanlanan cütlük bu il ailə həyatı qurmağı planlaşdırır: "Çox həyəcanlı gün idi. İnana bilmirdim. Üzüklər taxılanda ürəyimdə düşündüm ki, bu, əsl xoşbəxtlikdir. Biz ailə həyatı quracağıq. Ailəmiz olacaq və sübut edəcəyik ki, bizim sevgimiz əngəlləri aşmağa nail oldu".

Ülkər bütün gənclərə fiziki görkəmi, maddi imkanları yox, mənəviyyatı sevməyi məsləhət görür. Deyir ki, insanlar bir-birinin qəlbini sevsə, gözə heç nə görünməz.

Fiziki əngəli aşıb, nümunəvi ailə olmağı qarşılarına məqsəd qoyan bu cəsur cütlük ailə həyatı qurandan sonra Bakıya köçmək və paytaxtda yaşamağı niyyətindədir.

Xəbər lenti
0