BAKI, 5 aprel — Sputnik. Şamaxı şəhərinin 48-ci məhəlləsinə sürüşmə sahəsində qeydə alınmış çatların ölçüləri artıb. Son günlər yağan yağışlardan sonra ərazidə sürüşmənin daha da aktivləşməsi nəticəsində evlərdə yenidən çatlar əmələ gəlib.
Həmçinin Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyindəki sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü prosesləri aktivləşib. Şamaxının Cabanı, Dədəgünəş sürüşmə sahələrində də aktivlik müşahidə olunur. Muğanlı sürüşmə sahəsində mövcud çatların ölçüləri qismən genişlənib.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları İsmayıllıda mövcud olan sürüşmə zonalarına baxış keçiriblər.
Sputnik Azərbaycan Şamaxı şəhərinin 48-ci məhəlləsindən olan görüntüləri təqdim edir.
Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq.
Vaksinasiya prosesini Sputnik Azərbaycan-a şərh edən professor, həkim Adil Qeybulla deyir ki, bu, təqdirəlayiq hadisədir:
“Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.