Əlləri bağlı qız, arxiv şəkli

Azərbaycanda insan alveri ilə bağlı məşum rəqəmlər: Satan da, satılan da qadınlardır

186
(Yenilənib 00:02 05.04.2018)
Bu yaxınlarda Cinayət Məcəlləsinə insan alveri ilə bağlı yeni maddə daxil ediləcək

BAKI, 4 aprel — Sputnik. Azərbaycanda insan alverçilərinin əksəriyyəti qadınlardır. Son on dörd il ərzində Azərbaycanın hüquq-mühafizə orqanları insan alveri ilə bağlı 1230 fakt aşkarlayıb.

Bunu Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi tərəfindən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması" layihəsi çərçivəsində təşkil olunmuş Dəyirmi Masada Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) rəisi Heydər Heydərov deyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Heydərov bildirib ki, bu müddət ərzində mütəşəkkil, eləcə də transmilli cinayətkar qruplaşmaları zərərsizləşdirmək mümkün olub. İnsan alverinin 820 qurbanı aşkara çıxarılıb. Onlar hüquq müdafiəsi və pul kompensasiyası ilə təmin ediliblər.

İAQMBİ-nin məsul əməkdaşı İlkin Qurbanov isə öz növbəsində son 12 ilin (2005-2017) statistikasını təqdim edib. Onun sözlərinə görə, bu müddət ərzində respublikada 1164 insan alveri faktı müəyyən edilib. Onların 36-sı əməyin istismarı faktıdır. 397 cinayət işi qaldırılıb, 509 insan alverçisi və 787 insan alverinin qurbanı müəyyən edilib. İnsan alverçilərinin 15%-i kişilər, yerdə qalan 85%-i isə qadınlardır.

Hər il 50-70 traffikinq qurbanı müəyyən edilir. Bu fakt və rəqəmlər arasında uşaq alveri və əməyinin istismarı 3% təşkil edir. Uşaqlarla bağlı 23 fakt aşkarlanıb ki, onlardan da 13 hal azyaşlı uşaqların valideynləri tərəfindən satılmasıdır.

Son beş ildə üstü açılmış cinayətlərin analizi göstərir ki, insan alveri qurbanları üçün hədəf ölkələr arasında Türkiyə birinci yeri tutur. İnsan alveri qurbanlarının 63%-i bu ölkəyə göndərilir. Daha sonrakı yerləri Birləşmiş Ərəb Əmirlikləri (15%) və Rusiya (10%) tutur. Son iki ildə təyinat ölkələrinin sırasına Malayziya (2,3%) da daxil olub. İnsan alveri qurbanlarının aparıldığı ölkələr arasında Pakistan (1,3%) və İran (0,4%) da var.

İlkin Qurbanov qeyd edib ki, Azərbaycanın cinayət qanunvericiliyində insan alveri sahəsi ilə bağlı məsələlər dörd maddə ilə tənzimlənir: maddə 144-1(insan alveri), 144-2 (əməyin istismarı), 144-3 (insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) və 316-1 (insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma).

Hazırda hökumət yeni qanun layihəsi üzərində işləyir. O, hələlik qəbul olunmayıb. Layihə üzərində iş gedir. Bu layihəyə görə, Cinayət Məcəlləsinə yeni maddə (qəsdən (bilərəkdən) insan alveri qurbanlarının xidmətindən istifadə) daxil ediləcək.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının sözügedən layihəsi Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilir.

186
Teqlər:
rəqəmlər, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, qadınlar, insan alveri