Züleyxa Davudova

Əsgər oğlunu qorumaq istəyən anadan fövqəladə fədakarlıq

211
(Yenilənib 10:50 29.03.2018)
"Canavar qana susayan kimi mən də balamın qanını əlimlə silib yaladım, yerə axmağa qoymadım"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Deyirlər, şəhidlər ölmür, əbədi yaşayır. Tarixin hər bir dönəmində şəhidə böyük hörmət, sayğı bəslənib. Dinindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq, hər kəs o zirvəni hörmətlə anır.

Qarabağ müharibəsi dövründə minlərlə igid oğullarımız şəhidlik məqamına yüksəlib. Gözlərini belə qırpmadan vətən uğrunda canlarını fəda ediblər. Eynən Azad kimi…

Azad Davudov Zaqatala rayonunda anadan olub, orada da boya-başa çatıb. 1992-ci il sentyabrın 24-də həqiqi hərbi xidmətə çağırılıb. Şəmkir rayonunda N saylı hərbi hissədə qulluq edib. Bir müddət sonra isə Ağdərəyə aparılıb. Mühüm döyüş əməliyyatlarında iştirak etdikdən sonra Ağdama göndərilib. Elə orada da şəhid olub.

Şəhid Azad Davudov
© Sputnik / Shahperi Abbasova
Şəhid Azad Davudov

Şəhidimizin anası Züleyxa Davudova oğlu ilə bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüb: "Oğlum müharibəyə gedəndə çox sevinirdi. Bir gün dedi ki, "ana, indi əsgərlik kefdir, iki ayaqla gedirsən, dörd nəfərin çiynində gəlirsən". Onun bu sözləri məni çox qorxutdu. Evdə otura bilmədim, onun dalınca getdim".

Ana danışır ki, oğlunu üç aydan sonra ön cəbhəyə aparıblar: "Üç ayın içində onları döyüş bölgəsinə — Ağdərəyə apardılar. Halbuki o uşaqlar heç tüfəng tuta bilmirdi. Özləri elə tüfəng boyda idilər. Ən hündürü mənim oğlum idi. "Rembo" deyirdilər ona. Yeni il qabağı 96 nəfərlik rotadan 15 nəfəri qayıtdı. Digərləri isə Ağdərədə qaldı".

"Azadın komandiri də həmin döyüşlərdə öldü, meyitini heç kim götürə bilmədi. Bir şəkili oğlan var idi, yaralanıb çayın içinə düşmüşdü. Ayılandan sonra çayın axarı ilə həmin posta gəlib çıxmışdı. Ancaq əsgərlərimiz əvvəlcə bizdən olduğuna inanmamışdılar. Hərbi hissəyə zəng edib dəqiqləşdirəndən sonra buraxmışdılar. Bircə həmin əsgər sağ gəlib çatmışdı. Komandirin Tovuzdan gəlmiş anası o əsgərin üz-gözünü cırırdı ki, "sən necə dostsan, oğlumun heç olmasa, bir barmağını gətirəydin mənə". O dəhşətli səhnə gözümün qabağından getmir", — ana həmin günləri ağrıyla xatırlayır.

Azad Davudovun atası Züleyxa xanımının oğluna görə çox narahat olduğunu görüb ona cəbhəyə getməyi məsləhət bilib: "Yoldaşım xəstə idi, mənə dedi ki, "mən burda uşaqlara birtəhər baxaram, sən get uşağı qorumağa". Mən də bütün rayonla vidalaşdım, hərbi bilet alıb getdim cəbhəyə. Onda Şəmkirdə N saylı hərbi hissə yeni yaranmışdı. Orada ştampda oldum. Komandir mənə dedi ki, "bilirsən, buradan qayıtmaq olmur". Dedim, "bilirəm, oğlum şəhid olar, mən çəkərəm, mən şəhid olaram oğlum çəkər".

Züleyxa Davudova və Azad Davudov
© Sputnik / Shahperi Abbasova
Züleyxa Davudova və Azad Davudov

3 ay həmin hərbi hissədə işlədikdən sonra Züleyxa xanımı oradan uzaqlaşdırıblar: "1993-cü ilin may ayı idi, hərbi hissəni Şəmkirdən Gəncəyə köçürdülər. Köçürmədə mən də iştirak elədim, ancaq məni evə yola saldılar. Ondan sonra Gəncə hadisələri baş verdi. Hadisələrdən sonra Azadın yanındakı uşaq öldü, amma o, sağ qaldı".

"1993-cü il iyun ayında Azadgili Ağdama apardılar. İyunun 15-də Ağdamda şəhid oldu. İndi mənim hər şeyim var, ancaq oğlum yoxdur", — deyə ana qəhərlənir.

Oğlundan Ağdama gedəndən sonra 12 gün xəbər tutmayan Züleyxa xanım narahat olmağa başlayır. Sonradan bir tanışı ilə anasına məktub göndərən Azad ondan ötrü narahat olmamasını xahiş edir.

Ana 12 gün sonra oğlunun yaralandığını eşidir: "Məni aparmırdılar. Sonradan razılaşdılar. Kolxozdan avtobus verdilər. Həmişə eşidirdim ki, filankəsin övladı ölüb, amma anasının xəbəri yoxdur. Mən deyirdim, necə ola bilər axı, övlad ölsün, ana bunu hiss etməsin? Öz başıma gələndə bunu anladım. İnsan öz övladına ölümü yaraşdırmır".

Azadın ölüm xəbərini anasından başqa hər kəs bilirdi. Qohum-qonşu onlara toplaşıb ev-eşiyi yığışdırır, hazırlıq görürlər. Züleyxa xanım isə olanlardan xəbərsiz idi: "Öz-özümə deyirdim ki, yaxşı, əgər bu yaralanıbsa, niyə evi yığışdırırlar? Soruşurdum ki, niyə çarpayıları çölə çıxarırsız? Deyirdilər, Azadı görməyə gələcəklər, qoy darısqallıq olmasın. Amma özümdən asılı olmadan gözümdən yaş gəlirdi".

Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham Ahmadov

Hər şeydən bixəbər olan Züleyxa xanım bir neçə adamla birlikdə Bakıya gəlir. Elə zənn edir ki, oğlu sağdır: "Mənimlə gedənlər bilirmiş ki, oğlum ölüb. Məndən qabaq kişilər girdi xəstəxanaya. Arxasınca mən girdim. Orada bir tibb bacısından soruşdum ki, oğlum hansı palatadadı? Tibb bacısı ağladı. Sən demə, girdiyim otaq "morq" imiş…"

Şəhid anası göz yaşlarını silərək danışmağa davam edir: "Həmin vaxt 4 meyit gəlib. İkisinin sahibi çıxıb, ikisinin isə sahibi çıxmayıbmış. Sahibi bilinməyənlərdən biri də oğlum idi. Tibb bacısı dedi ki, ürəyi gəlməyib onu dəfn etməyə. Cibindən kağız tapıb, kağızda adı yazılıbmış. O adla da bütün hərbi komissarlıqlara zəng edib, bizi tapıb".

Z.Davudova şəhid olduğu gün oğlunu yuxuda gördüyünü deyir və həmin qorxulu yuxusunu bizə nəql edir: "Yuxuda gördüm ki, oğlum gəlib, kiçik oğlum isə mənə deyir ki, "ana, qaqaşın başına bax". Gördüm ki, oğlumun qaşının ortasında dəlik var. Soruşdum, "Oğlum, nə olub sənə? Mən sənə daha heç yerə qoymayacam". Dedi, "yox, mənim yarım saat vaxtım var, səninlə sağollaşmağa gəlmişəm". Bir ildən sonra əsgər yoldaşını tapdım, oğlumu can verəndə yanında olub. Əsgər yoldaşı mənə dedi ki, oğlum vurulandan sonra yarım saat yaşayıb".

Züleyxa xanım danışır ki, "morq"a daxil olanda oğlunu eynən yuxuda gördüyü vəziyyətdə tapır: ""Morq"a girəndə alnındakı dəliyi gördüm… Sanki dünya başıma fırlandı… Bir rus qadın oğlumu bələyirdi, dedim, "kənara çəkil, sən yaxşı bələmirsən, ver mən bələyim…"

Ana danışdıqca qəhərdən boğulsa da, özündə toxtaqlıq tapıb davam edir: "Cəsədini "bartavoy" maşınla apardıq. Hava isti idi. Gördüm ki, sinəsi qanayır. Açdım sinəsini, gördüm ki, ürəyindən də yaralanıb. Canavar qana susayan kimi mən də balamın qanını əlimlə silib yaladım. Yerə axmağa qoymadım. İyunun 29-da nəşini dəfn etdik."

Müsahibimiz oğlunun cansız bədəni ilə qarşılaşdığı həmin müdhiş günü həm də ən gözəl gün kimi dəyərləndirir: "Mənim bu dünyada ən pis və ən yaxşı günüm Azadı "morq"da tapdığım gündür. Çünki o dövrdə övladlarının bir tikəsinə belə, həsrət qalan o qədər analar vardı ki. Kəndimizdə də o qədər şəhid var ki, məzarları da yoxdur. Tanrıya həmişə şükür edirəm ki, oğlumun məzarı var".

Züleyxa xanım dövlətin şəhid ailələrinə olan diqqətindən razıdır: "İndi hökumət mənə şəhidimə görə ev tikib. Hər dəfə hökumət mənə nəsə edəndə oğlum yadıma düşür. Bir gözüm ağlayır, bir gözüm gülür".

Oğul dərdi bu şəhid anasını şair edib. O, indi Züleyxa Azad imzası ilə dərdini sözə çevirir: "Oğluma çoxlu şeirlər yazmışam, şəhidlərə şeirlər həsr etmişəm. Kitabım da çıxıb, 2011-ci ildə başlayıb 2012-də bitirmişəm. Həmin kitabda 16 şəhiddən yazmışam. Hər şəhidə də bir şeir həsr etmişəm. Ağlaya-ağlaya yazdım həmin kitabı. 200-ə yaxın şəhidimiz var rayonumuzda. İstəyirdim onlardan da yazım, ürəyimin gücü çatmazdı. Yazmaq o dəhşəti görən adam üçün çox ağırdır".

Vətənpərvərliyin ən ali məqamıdır şəhidlik. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur.

211
Teqlər:
Azad Davudov, Züleyxa Davudova, Zaqatala rayonu, oğul, şəhid, ana
Əlaqədar
Prezident müharibə əlilləri və şəhid ailələrini sevindirdi
Əsgərlərin şəhid olduğu təpə belə alındı – FOTOLAR
Şəhidlər Xiyabanı ilə bağlı "həyəcan siqnalı"na cavab: "Təhlükə "Əbədi Məşəl"ə çatarsa..."
Şəhid atanın medalı övladlarına təqdim edildi