Avtobus sürücüsü

Avtomobillər üçün "qara qutu": Hər kəs addım-addım izlənəcək

370
(Yenilənib 13:39 28.03.2018)
"Sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə əlli manat məbləğində cərimə edilir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. İnzibati Xətalar Məcəlləsinə yeni 326-1-ci maddə əlavə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, yeni maddə "Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilmədən yerinə yetirilməsi" adlanır.

Sərnişin və yük daşımalarını həyata keçirən sürücülər bir çox hallarda sürət həddini aşaraq və istirahət rejiminə əməl etmədən nəqliyyat vasitələrini idarə etməkdə davam edirlər. Bu da öz növbəsində yorğunluqdan və yuxusuzluqdan ağır yol nəqliyyatı hadisələrinin törədilməsinə səbəb olur.

Taxoqrafın təyinatı yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasından, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir.

Nəqliyyat eksperti Azər Allahverənovun Sputnik Azərbaycan-a şərhinə görə, taxoqraf xüsusi cihazdır, sərnişin və yük avtomobillərinə quraşdırılmalıdır: "Bu cihaz vasitəsilə, baş verən hər hansı bir qayda pozuntusu, məsələn, müəyyən edilmiş sürət həddi aşılarsa, yük maşınları müəyyən edilmiş miqdardan artıq yüklə yüklənərsə, müəyyən edilmiş normativlər pozularsa, həmin taxoqraf vasitəsilə qeydə alınır. Sonra isə inzibati xətaya yol vermiş şəxsin günahını sübuta yetirmək üçün taxorqrafda aparılmış qeydlər vasitəsilə bu və ya digər formada inzibati məsuliyyətə cəlb edilir".

Ekspert qeyd edir ki, çox zaman avtobus idarə edən şəxslər kobud şəkildə qayda pozurlar: "Bəzi yerlərdə onların bu qayda pozuntusu müvafiq müşahidə kameraları tərəfindən qeydə alınmır, amma avtobuslara quraşdırılmış taxoqraflar bütün baş verənləri qeydə alır. Yəni faktiki olaraq daxili nəzarət cihazıdır".

"Cihazın əsas funksiyası sürücülər və ya şirkət rəhbərliyi tərəfindən qanundankənar hər hansı bir formada hərəkət baş verdikdə, həmin qeydləri müvafiq qaydada aparmaqdır. Buna da nəzarət edən qurumlar: Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və ya icra orqanları baş verən inzibati xətaya görə sürücünün inzibati məsuliyyətə cəlb olunması üçün nəzərdə tutulan bu cihazın imkanlarından istifadə edəcək" — Allahverənov bildirib.

Ekspert hesab edir ki, taxoqrafın istifadəsi ilə bağlı qanunun tətbiqi avtobus qəzalarının sayının azalmasına səbəb olacaq: "Çox zaman sürücülər belə məsələlərdə narazılıq yaradırlar. Bu, lazımdır ki, sürücülər fürsətdən istifadə etməsinlər".

"Jurnalistika və İnkişaf Mərkəzi"nin rəhbəri Elməddin Muradlı da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrində, yük avtomobillərində taxoqrafların olması qanun pozuntularının sayının azalmasına səbəb olacaq: "Çünki bəzən hüquqi şəxslər sürücüləri istismar edirlər. Və yaxud sürücülər özləri sərnişin daşınması ilə məşğul olur. Daha çox pul qazanmaq istəyən sürücü, demək olar ki, heç istirahət etmir".

"Bir adamın 4 saat sükan arxasında olması onun bir neçə saat istirahət etməsi üçün zəmin yaradır. Bu, yük, taxta-şalban və s. daşıyanlara da aiddir. Bunların yollarda ötüşmələrinin, qəza törətmələrinin şahidi oluruq. Bunun da səbəbi nəzarət mexanizminin olmamasıdır", — deyə Muradlı əlavə edir.

Onun fikrincə, taxoqraf sərnişin avtobusları və yük maşınlarının bir növ "qara qutusu"dur: "Taxoqrafa hər şey qeyd edilir, sürət, məsafə, saat və s. Bundan sonra sürücülər daha da məsuliyyətli olacaq. Taxoqraflar ayda bir dəfə müvafiq orqanlar tərəfindən yoxlamadan keçiriləcək və taxoqrafdan istifadə qaydalarını pozmağa görə fiziki şəxslər 150, vəzifəli şəxslər 500, hüquqi şəxslər 1000 manat cərimə ediləcək".

Hüquqşünas Fərid Həmidli isə konkret cərimələrin məbləğini açıqlayıb: "Yeni dəyişikliyə görə, yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkə daxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla yerinə yetirilməsinə, yəni: taxoqraf olmadan yerinə yetirilməsinə; yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə; tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə; taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə; taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə fiziki şəxslər yüz əlli manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə edilir".

"Qeyd edim ki, yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə əlli manat məbləğində cərimə edilir", — deyə hüquqşüans bildirir.

370
Teqlər:
taxoqraf, sürət həddi, şəxs, cihaz, Sputnik Azərbaycan, İnzibati Xətalar Məcəlləsi, ekspert, nəqliyyat vasitələri, sürücü
Əlaqədar
Nəqliyyat vasitələri ilə bağlı yeni cərimə gəlir: 150 manatdan 1000 manatadək
Paytaxtın nəqliyyat axınına təsir edən küçə yenidən qurulur
Bakı Nəqliyyat Agentliyi jurnalistlərin şikayətinə reaksiya verdi
Bakıda 76 il fəaliyyət göstərən nəqliyyat növü
Allahverənov: “Nəqliyyat şirkətlərinə nəzarət daha da sərtləşdirilməlidir”