Vüqar Mirzəyev

Məşum gecənin şahidi: "Mühasirədən xilas olmağımız möcüzə idi"

728
(Yenilənib 22:38 23.03.2018)
Vüqar Mirzəyev: "Bizim dilimizi bilən ermənilər hər hansı bir adı səsləyərək özlərinə tərəf çağırır və onları əsir götürürdülər..."

Leyla Abdullyeva – Sputnik Azərbaycan.

BAKI, 23 mart — Sputnik. Qarabağ müharibəsindən illər keçsə də, onun fəsadlarını bu gün də hiss edirik. Minlərlə soydaşımızın vətən həsrəti hələ də davam edir. Onlarla həmvətənimizin bu dünyadan vətən həsrəti ilə köçməsinə baxmayaraq, hər bir azərbaycanlı işğal altında olan torpaqlarımızı tezliklə düşməndən xilas edəcəyimizə inanır. Və həmin günü səbirsizliklə gözləyir.

Qarabağ müharibəsinin iştirakçısı olmuş Vüqar Mirzəyev həmin dövrlə bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşür: "Mən — Mirzəyev Vüqar Loğman oğlu, 1973-cü ildə Şabran rayonunda anadan olmuşam. 1992-ci ilin aprel ayında həqiqi hərbi xidmətə getdim. Hərbi xidmətə ilk olaraq Ağdam rayonunda başladım. Müharibənin qızğın vaxtları idi. Müharibə görməyən birinin od-alov içərisinə getməyini sözlə ifadə etmək mümkün deyil".

"Ağdamda olarkən komandirim dedi ki, səhər döyüşə gedirik. İlk dəfə tankla döyüşə gedəcəkdim. Bunu öyrənən həmyerlim "Sən getmə, nə isə olacağını hiss edirəm", — deyərək özünün gedəcəyini bildirdi və mənim getməyimə imkan vermədi. Səhəri gün döyüşə gedən həmin həmyerlim qeyri-bərabər döyüşdə ağır yaralandı. Çox güman ki, o zaman mən getsəydim, adım şəhidlər sırasında olardı, çünki o, təcrübəsi sayəsində sağ qala bildi, mənim isə təcrübəm yox idi", — deyə danışır Qarabağ qazisi.

1994-cü ildə Kəlbəcər döyüşlərinə göndərilən V.Mirzəyev onu nələr gözlədiyindən xəbərsiz olub. Deyir ki, həmin əraziləri minalardan təmizləmək komandası alıbmış. Oradan çıxmağın isə ancaq bir yolu olub: "1994-cü ilin fevral ayında mühasirəyə düşdük. Mühasirədən xilas olmağımız bir möcüzə idi. Çünki biz çökəkdə, düşmən isə dağların zirvəsində idi. Bir neçə saatlıq hər tərəfin dumana bürünməsi nəticəsində mühasirədən azad olduq. Lakin hər şey elə bundan sonra başladı".

Həmsöhbətimiz bir anlığa o anları pis yuxu kimi xatırlayır: "Həmin yol çox ensiz, bir tərəfi qayalıq, bir tərəfi isə uçurum idi. Oradan ancaq bir-birimizin ardınca gedə bilirdik. O yolda kimisi soyuğa, kimisi isə aclığa tap gətirməyərək şəhid oldu. Elə bir vəziyyət yaranmışdı ki, qardaş-qardaşına kömək edə biləcək halda deyildi. Qardaşının, əmioğlusunun və ya yaxın qohumlarının cəsədlərini orada qoyub gələnlər var idi. İstəsələr də, kömək edə bilmirdilər".

"Təxminən 10 gün gecə-gündüz yol getdik. O günlər ərzində biz yalnız qar ilə qidalandıq. Orda düşmən hiyləsinin qurbanları da az olmadı. Belə ki, bizim dilimizi bilən ermənilər hər hansı bir adı səsləyərək özlərinə tərəf çağırır və onları əsir götürürdülər. Artıq hər kəs özünü fikirləşir, həyatını qurtarmaq haqqında düşünürdü. Axırıncı günü necə yol getdiyimi xatırlamırdım. Yadımda qalan o idi ki, iki günü tək getdim və Gəncəyə çatanda artıq yıxılaraq özümdən getmişdim", — çətinliklə də olsa danışır müsahibimiz.

O, özünə gələndə nə baş verdiyini və harada olduğunu anlamır. Özünə gələndə 1, 2 və 3-cü ayaq barmaqlarının kəsildiyini görür. Çünki şaxta dondurmuşdu və qanqren verə bilərdi. Həmçinin qurd düşdüyündən onun əl barmağını da kəsiblər. Orada tək o yox, çoxları şaxtanın qurbanı olub. Vüqar o ağrılı günlərin heç zaman unudulmayacağını bildirir.

Həmsöhbətimiz bu gün müharibə veteranları üçün yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edir: "Cənab prezidentimiz tərəfindən bizlərə hərtərəfli şərait yaradılıb. Ev, maşın verilib, hər ay aylıq məvacibimizi alırıq və ailəmizin məişət qayğılarımızı həll edə bilirik".

V.Mirzəyev, həmçinin bəzi məmurların onlara biganə münasibətlərini də vurğulayıb gileylənir: "24 il keçməsinə baxmayaraq, hələ də sığorta ödənişlərini ala bilmirəm. Bununla bağlı 2013-cü ildə Maliyyə Nazirliyinə ərizə ilə müraciət etdim. Lakin cavab məktubunda iddia müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, ödənişin qeyri-mümkünlüyünü bildirdilər. Bəs, mən yaralı olduğum bir dövrdə necə müraciət edə bilərdim?! Əgər mən müraciət etmədimsə, bəs siz niyə məni xəbərdar etmirdiniz və ya gətirib ödənişi etmədiniz?!"

Buna baxmayaraq Vüqar nikbindir, tezliklə bu problemin də qısa zamanda həll olunacağına inanır.

728
Teqlər:
Vüqar Mirzəyev, vətən, Qarabağ müharibəsi, işğal, erməni
Əlaqədar
"Küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-də belə mühasirə olmayıb"
Azərbaycan ordusu döyüş atışı həyata keçirdi – VİDEO
Qarabağ qazisinin ölümünə səbəb olan sürücü saxlanıldı
Qarabağ qazisinin ölümü ətrafında müəmma

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

0
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

0
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

5
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

5
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma