Sürücü qadın

Sürücülər çaşqınlıq içində: Yaxşı, cərimələr kimə yazılmalıdır?

1392
(Yenilənib 12:17 15.03.2018)
"Avtomobil sahibi cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə getməməsi üçün başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr etibarnamə verilən şəxsə getsin"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Azərbaycanda avtomobil sahibi olmaqla yanaşı, həm də etibarnamə ilə istənilən maşını idarə etmək mümkündür. Bunun üçün notariat kontoruna gedib, avtomobil sahibinin yazılı razılığını almaq kifayət edir. Problemlər isə bundan sonra başlayır.

Etibarnamə alınan gündən kamera və radar vasitəsi ilə gələn cərimələr avtomatik olaraq sonuncu etibarnamə alan şəxsə ünvanlanır. Eyni zamanda, cərimələrin balları etibarnamə ilə avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsinə yazılır. Bu zaman, maşını etibarnamə ilə idarə edən şəxslə avtomobil sahibi arasında anlaşma olmazsa, problemlər yaranır.

Bəs cərimələrin sonuncu etibarnamə alan şəxsə getməsi nə qədər doğrudur? Bu məsələ mövcud qanunlarla necə tənzimlənir? Sputnik Azərbaycan bu sualların cavabına mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

Hüquqşünas Ərşad Hüseynov bu məsələnin tamamilə qanunauyğun həyata keçirildiyini bildirib: "Yol hərəkəti haqqında" qanunun 27-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsindən istifadə ilə bağlı başqasına etibarnamə verilərsə və həmin etibarnamə notarius tərəfindən təsdiq olunarsa, notarius bu barədə məlumatı elektron qaydada, yəni internet vasitəsi ilə Dövlət Yol Polisinə (DYP) ötürür. DYP də artıq yeni istifadəçini, yəni etibarnamə verilən şəxsi qeydə alır".

"DYP-nin mərkəzi informasiya sistemində polisin iştirakı olmadan kameralar və radar vasitəsi ilə qayda pozuntusu qeydə alınırsa, cərimə avtomobilin sonuncu istifadəçisi kimi adı görünən şəxsin adına tərtib olunur", — hüquqşünas qeyd edib.

Ə.Hüseynov əlavə edib ki, əgər cərimə gələrsə və müəyyən olunsa ki, həmin vaxt sükan arxasında sonuncu etibarnamə verilən şəxs yox, başqası olub, bu zaman vətəndaş DYP-yə yazılı və ya onlayn şəkildə müraciət etməlidir. Müraciətdə bildirməlidir ki, "cərimə yazılan zaman mən yox, avtomobilin öz mülkiyyətçisi idarə edib". Bu zaman onun adına gələn cərimə ləğv edilib həmin vaxt avtomobili idarə edən şəxsin adına yazılacaq".

Ekspert "Bütün cərimələrin avtomobilin sahibinə yazılması doğru olmazmı? Etibarnamə verilən şəxs də cərimə edildikdə avtomobil sahibi DYP-yə müraciət edib cəriməni onun adına yazdırsın"- sualımızı da cavablandırıb: "Bəlkə də yüz minlərlə insan var ki, etibarnamə ilə avtomobil idarə edirlər. Mülkiyyətçinin avtomobildən xəbəri yoxdur. Sadəcə avtomobil adınadır, amma faktiki olaraq maşını etibarnamə ilə sürən insan idarə edir. Belə qanun olsa, mülkiyyətçi problem yaşayacaq. Ona görə ən doğru qərar cərimələrin sonuncu etibarnamə ilə idarə edən şəxsə getməsidir".

Ekspert əlavə edib ki, əgər cəriməni heç kim üzərinə götürməsə, bu zaman məsələni kameralar vasitəsi ilə polis aydınlaşdıra bilər: "Bu zaman heç kim etdiyi əməldən yayına bilməz. Burada əsas məsələ odur ki, etibarnamə ilə avtomobil idarə edən insan öz səlahiyyətini bilsin. Belə hal baş verərsə, həmin şəxs sənədini vaxtında DYP-yə çatdırmalıdır və bildirməlidir ki, mən qanun pozmamışam".

"Cərimənin həm avtomobilin sahibinə, həm də etibarnamə ilə idarə edən şəxsə getməsi məsələsi isə qanunsuzdur. Polis iki şəxsi bəzi məqamlarda cərimə edə bilər. Məsələn, sürücülük hüququ olmayan şəxsə avtomobilini idarə etməyə verdiyi zaman həm avtomobil sahibi cərimə olunur, həm də sürücülük hüququ olmayan şəxs. Amma bu vəziyyətdə yalnız bir nəfər cərimə oluna bilər", – ekspert deyib.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, dünyanın bir çox yerlərində ümumiyyətlə etibarnamə yoxdur: "Bir çox ölkələrdə belə bir təcrübə mövcuddur ki, avtomobilin sənədləri kimdədirsə, o da rahat şəkildə maşını idarə edə bilər. Bizdə isə hələ ki, qanun məhz etibarnamə ilə avtomobili idarə etməyi tələb edir. Bir avtomobili idarə etmək üçün bəzi şirkətlər hətta 10-12 nəfərə etibarnamə verir və xüsusilə şirkət avtomobillərində bu hallara çox rast gəlinir".

"Amma bu da problem deyil. Əgər həmin şəxs qaydanı pozmadığını iddia edirsə, 10 gün ərzində DYP-yə müraciət edə bilər. Bu isə vaxt itkisidir və sürücülərin narazılıqlarına səbəb olur. Bəzən sürücülər iddia edirlər ki, DYP vaxt itkisi olmasın deyə sonuncu etibarnamə ilə avtomobili idarə edən şəxsi cəriməni ödəməyə məcbur edir. Bu da problemlər ortaya çıxarır", — deyə E.Muradlı vurğulayıb.

Ekspertin fikrincə, qayda dəyişməlidir: "Bütün cərimələr avtomobil sahibinə getməlidir, maşın sahibi özü müəyyən etməlidir ki, cərimə yazılan zaman avtomobilini kim idarə edib".

Elməddin Muradlı iddia edib ki, bəzi avtomobil sahibləri qəsdən başqalarına etibarnamə verirlər: "Avtomobil sahibi cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə getməməsi üçün başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr ona yox, etibarnamə verilən şəxsə getsin. Cəriməni avtomobil sahibi özü ödəyir, ballar isə digərlərinin sürücülük vəsiqələrinə yazılır".

"Bəzən isə kirayədə yaşayan, daimi qeydiyyatı olmayan şəxsə etibarnamə verilir ki, cərimələr ona yazılsın, ünvan tapılmasın. Bir il tamam olandan sonra DYP-yə şikayət edir ki, cərimələr mənə gəlməyib və vaxtı keçib, silin. Bu da doğru hal deyil", — deyə Muradlı əlavə edib.

Arzular
© Sputnik
Arzular

1392
Teqlər:
etibarnamə, sahib, Elməddin Muradlı, nəqliyyat vasitəsi, hüquqşünas, radar, Ərşad Hüseynov, DYP, yol polisi, kamera, ekspert, Azərbaycan, sürücü, cərimə, avtomobil
Əlaqədar
Sərxoş sürücü hirsindən arvadının və qonşuların maşınını əzdi - VİDEO
Piyada haqlıdır, yoxsa sürücü - qanun nə deyir? – VİDEO
Azərbaycanda qadın avtobus sürücüsü: "Qorxuram, amma sərnişinlərə hiss etdirmirəm"
Bakıda tanınmış şirkətin sürücüsü özünü yandırdı
Abşeronda qəribə hadisə: Bu dəfə piyada da sürücüyə qoşulub qaçdı
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

11
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

11

Gülüşlərə, ən xoş anlara, xatirələrə şahidlik edəcək "Tələbə Evi" - REPORTAJ

66
(Yenilənib 22:11 14.05.2021)
Sakinlərinin yolunu səbrsizliklə gözləyən bu bina yəqin ki, ən xoş xatirələrin, ülvi hisslərin bir xatirəsinə çevriləcək, xoşbəxt, qayğısız gülüşlərə şahidlik edəcək.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Oxumaq, təhsil almaq üçün müxtəlif rayonlardan şəhərə axışanların tələbəlik həyatı elə də asan olmur. Xüsusən də Bakı kimi bir şəhərdə tələbə olaraq yaşamaq çox çətin olur. Düzdür, hazırda koronavirus pandemiyası tələbəliklə bağlı vəziyyəti də əsaslı şəkildə dəyişib, lakin bu həmişə belə olmayacaq. Gündəlik xərclər, bahalıq, kirayə qiymətlərinin durmadan artması Bakıya kənardan gələnlərin həyatını bir qədər də çətinləşdirir. Həyata müstəqil olaraq ilk qədəmlərini atan tələbələr üçün də başqa rayonlardan gəlib Bakıda yaşamaq heç də asan olmur. Onların bu kimi səbəblərdən təhsilini yarımçıq qoyaraq öz rayonlarına qayıdanlar, yaxud da xərclərini qarşılamaq, ailəsinə yük olmamaq, ən azı aylıq kirayə haqqını ödəmək üçün gecə növbəsində işləyənlər də az deyil.

Əksər hallarda universitetlərin yataqxanaları yararsız vəziyyətdə olduğundan və say məhdudiyyəti olduğundan bir çoxları kirayə evlər axtarmaq, ödəniş etmək məcburiyyətində qalırlar. Bir neçə il öncə Bakı Dövlət Universitetinin yataqxanasında tələbə ölümü ilə nəticələnən hadisə də yataqxanalarla bağlı problemi bir daha aktuallaşdırdı. Universitetdən bir qədər aralıda yerləşən bu yataqxanalar tamamilə yararsız vəziyyətdə olduğundan valideynlər övladlarının bu cür yataqxanalarda yaşamalarına razılıq vermirlər.

© Sputnik / Nigar Iskanderova
BDU-nun yeni yataqxanası

Artıq bir müddətdir ki, Bakı Dövlət Universitetinin 6 nömrəli yataqxanası olan "Tələbə Evi" istifadəyə hazır vəziyyətə gətirilsə də, pandemiya ilə əlaqədar olaraq hələlik ki, istismara verilməyib. Sputnik Azərbaycan olaraq "Tələbə Evi"ndə olduq.

Bura yüzlərlə tələbənin həm də qonşu olacağı bir məkandır. 2019-cu ilin avqustundan tikilməyə başlayan bina, 2020-ci ilin yanvarında istismara hazır vəziyyətə gətirilib. Binaya girişdə nəzarət üçün avtomatik sistem quraşdırılıb ki, bu da tələbələrin təhlükəsizliyini təmin edir. Pandemiya şəraitini nəzərə alaraq, burada dezinfeksiya üçün mexaniki, həmçinin avtomatlaşdırılmış xüsusi qurğu da yerləşdirilib. Tələbələr öncə əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxırlar.

"Tələbə evi"nin ilk iki mərtəbəsində qızlar, digər üç mərtəbəsində isə oğlanlar yaşayacaqlar. Binaya giriş eyni qapıdan olsa da, oğlanlar və qızların mərtəbəsinə giriş və çıxış fərqli istiqamətlərdəndir. Oğlan və qız tələbələrin dəhlizləri xüsusi arakəsmə ilə bir-birindən ayırılır. 6 nömrəli bu yataqxanın ümumi girişində oxu zalı, asudı vaxt otağı var. Təxminən 50-55 nəfər üçün nəzərdə tutulan bu zalda tələbələr asudə zamanlarını keçirəcəklər. Digər otaqda isə tələbələrə şahmat oynamaq üçün imkan yaradılır.

© Sputnik / Nigar Iskanderova
BDU-nun yeni yataqxanası

Mərtəbələri gəzərək otaqlarla da tanış oluruq. 104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar iki və üç nəfərlikdir. Rəfiqələri ilə birlikdə qalmaq istəyən tələbələr üç çarpayılıq yerləri seçə bilərlər. Qızların otağında iki dolab, tək nəfərlik ayrıca yataq dəstləri, dərs hazırlamaq üçün üzərində kitab rəfi olan kompüter masaları var. Bundan əlavə tələbələrin rahatlığını təmin etmək məqsədilə otaqlara məişət əşyalarını yerləşdirmək üçün kiçik dolablar, güzgülü kamot da yerləşdirilib. Burada həmçinin tələbələrin qonaqları üçün hər bir şəraitli otaqlar var.

  • BDU-nun yeni yataqxanası
    © Sputnik / Nigar Iskanderova
  • BDU-nun yeni yataqxanası
    © Sputnik / Nigar Iskanderova
  • BDU-nun yeni yataqxanası
    © Sputnik / Nigar Iskanderova
  • BDU-nun yeni yataqxanası
    © Sputnik / Nigar Iskanderova
  • BDU-nun yeni yataqxanası
    © Sputnik / Nigar Iskanderova
  • BDU-nun yeni yataqxanası
    © Sputnik / Nigar Iskanderova
1 / 6
© Sputnik / Nigar Iskanderova
BDU-nun yeni yataqxanası

"Tələbə evi"dəki qonaq otağı universitetə qısa müddətə gələn xarici qonaqlar üçün nəzərdə tutulub. Qonaq otağı bir nəfərlik çarpayıdan, dolab və kompüter masasından, güzgülü kamotdan ibarətdir. Otağın içində rahatlığı təmin etmək məqsədilə ayrıca duş kabinəsi olan sanitar qovşaqlar yaradılıb.

Binada həm ümumi hamam və ayaqyolu, həm də hər bir otağın ayrı-ayrılıqda ayaqyolu-hamamı var. Otaq isə bütün avadanlıqlarla təmin olunub. Burada tibb otağı, ayrıca məişət otağı, ümumi yeməkxana, bundan əlavə kiçik mətbəx də var.

Yataqxanının mətbəxi də tələbələrin istirahəti üçün əlverişlidir. Mətbəx yemək qızdırmaq üçün mikrodalğalı soba, həmçinin 2 ədəd 143 litrlik soyuducu ilə təchiz edilib. Burada mətbəx mebeli quraşdırılıb, elektrik çaydanı qoyulub. Həmçinin tələbələrin mətbəx avadanlıqlarını saxlamaları üçün bağlı rəflər var.

© Sputnik / Nigar Iskanderova
BDU-nun yeni yataqxanası

"Tələbə evi"inin binasında nəzarəti gücləndirmək məqsədilə təhlükəsizlik kameraları quraşdırılıb. Binanın kommunikasiya xətləri yenilənib, yeni texnologiyalara əsaslanan qazanxana tikilib. Müasir tələblərə cavab verən istilik sistemi yaradılıb, isti su ilə təmin edilib. Tələbələrin yeni istifadəyə verilən yataqxanaya köçürülməsi ənənəvi tədris başladığı zaman gerçəkləşəcək. Sakinlərinin yolunu səbrsizliklə gözləyən bu bina yəqin ki, ən xoş xatirələrin, ülvi hisslərin bir xatirəsinə çevriləcək, xoşbəxt, qayğısız gülüşlərə şahidlik edəcək.

66