Nübar qəsəbəsi

Təbiət onun nizamını pozanları bağışlamır - Abşeron sakinlərinin başı dərddə

14009
(Yenilənib 16:07 14.03.2018)
"Düşünmürlər ki, sürüşmə bitmir, dayanmır, davam edir"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Uzun müddətdir Abşeron rayonunun Nübar qəsəbəsində sürüşmə müşahidə edilir. Bu yaxınlarda isə sürüşmə nəticəsində bir neçə ev uçub, yol parçalanıb.

Mütəxəssislər bunu yamacda torpağın qazılması və evlərin tikilməsi ilə əlaqələndirirlər. Vətəndaşlar isə onlara dəymiş zərəri düşünmədən uçmuş evlərin yerində yenisini ucaldırlar. Düşünürlər ki, növbəti dəfə daha möhkəm təməlli, daha keyfiyyətli tikəcəklər. Ancaq nəzərə almırlar ki, sürüşmə bitmir, dayanmır, davam edir.

Sputnik Azərbaycan-ın əməkdaşı bu günlərdə Nübar qəsəbəsində olub, qəsəbə sakinləri ilə mövcud vəziyyətdən danışıb. Əvvəlcədən qeyd edək ki, Nübar qəsəbəsi Bakıdan bir qədər kənarda, Şamaxı yolunun üzərində yerləşir.

Nübar qəsəbəsi
© Sputnik / Irade JELIL
Nübar qəsəbəsi

Qəsəbəyə daxil olmaq üçün asfalt yoldan torpaq yola keçirsən. Girəcəkdə sürüşmədən uçmuş, çat vermiş evlərdən əlavə, yeni tikilməkdə olan evlər göz oxşayır. Kənardan baxıldığında elə görünür ki, sanki evlər yamacdan aşağı sıra ilə düzülüb.

Ərazidə sürüşmə uzun müddətdir aktiv fazada olduğu üçün qəsəbədaxili yollardan avtomobillə keçmək mümkün deyil. Bəzi yerlərdə yamacdan sürüşən torpaq yolu bağlayıb, bəzi hissələri isə palçıq dolu çala-çuxurlar keçilməz hala salıb.

Sakinlər deyir ki, qəsəbə 10 ildən çoxdur salınıb. Əvvəllər ərazidə yamacın ətəyində cəmi 5-6 ev olub. Sonrakı illərdə isə evlərin sayı sürətlə artmağa başlayıb. İndi yamacın hər tərəfində evlər var. Amma qəsəbənin yolları, kommunal xətləri hələ də tam şəkildə istifadəyə verilməyib. Bir tərəfdən də sürüşmə kasıb qəsəbə sakinlərini qorxu içində saxlayır.

Evləri uçan vətəndaşların özləri ilə danışa bilməsək də, qəsəbə sakinləri dedilər ki, torpağı alanda nə zamansa sürüşmə problemi ilə qarşılaşacaqlarını heç düşünməyiblər.

Nübar qəsəbəsi
© Sputnik / Irade JELIL
Nübar qəsəbəsi
 Yamacda yerləşdiyinə və təmiz havası olduğuna görə burada torpaq alıb, ev tikiblər. Problemlər isə tikinti işləri bitdikdən bir müddət sonra başlayıb.

İndi hazırda yamacın yüksəkliklərində sürüşmə aktiv fazadadır. Bu da bütün evləri təhlükədə saxlayır.

Qəsəbə sakin Ağacan Əhmədovun sözlərinə görə, vətəndaşlar gecə də evlərində səksəkədə yatırlar. Qorxurlar ki, yamac sürüşər, ya torpaq altında qalarlar, ya da evləri uçar.

Həyatları qorxu içində keçən sakinlərin çarələri isə yoxdur. Çünki ərazidə yaşayanlar kasıb insanlardır və onların başqa yerdə torpaq alıb, yeni ev inşa etmək imkanları məhduddur.

Sakinlər düşünürlər ki, evləri inşa edən zaman bəlkə də tikinti qaydalarına düzgün riayət etməyiblər. Buna görə də həmin tikililəri yeniləri ilə əvəz edirlər.

Nübar qəsəbəsi
© Sputnik / Irade JELIL
Nübar qəsəbəsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən ərazidə sürüşmə davam edəcək, bitməyəcək. Yenə də evlər uçub dağılacaq.

"Hökməli Nübar qəsəbəsində sürüşmə prosesinin başlanması 2017-ci ilin əvvəllərinə təsadüf edir. 12 il əvvəl isə ərazidə palçıq vulkanı püskürmüşdü. Bozdağ deyilən palçıq vulkanı püskürən zaman mən də əraziyə baş çəkmişdim. Həmin vulkan zaman-zaman püskürür. Bu da o deməkdir ki, əraziyə vulkan məhsulları yayılıb", – Ə.Qaralov deyib.

Qaralovun sözlərinə görə, ərazidəki evlərin hamısının uçmaq təhlükəsi hər zaman var: "Yəni oradakı evlər vulkanik mənşəli süxurların üzərində deyil, çöküntü materiallarının üzərində tikilib. O vaxtlar vulkan baş verəndə ərazidə gördüyünüz həmin evlər yox idi. Ondan sonra ərazidə massiv saldılar. Yamacı şaquli kəsib, vulkanik məhsulların üzərində evlər tikməyə başladılar. Yamacın hazırda maili 40-50C və hətta çox olan yerləri var".

Qurum rəsmisi əlavə edib ki, ərazidə texnogen amillərin və insanların təbiətə müdaxiləsi nəticəsində belə vəziyyət yaranır: "Belə ki, orada yaşayan əhali texnogen suları, kanalizasiya sularını torpağa axıdır. Torpaq doyduqca süxurlar arasında ilişmə qüvvəsi azalır və yamac boyu sürüşmə başlayır".

Nübar qəsəbəsi
© Sputnik / Irade JELIL
Nübar qəsəbəsi

Ekspedisiya rəisinin sözlərinə görə, bu barədə əhaliyə dəfələrlə xəbərdarlıq edilib: "Biz dəfələrlə demişik ki, yamaca müdaxilə etmək olmaz. Çünki bu proseslərin sonunda yenə ziyan vətəndaşa dəyir. Bu evləri tikən də vətəndaşdır, zərəri çəkən də. Sakinlər düşünür ki, sürüşdü, çatladı, bitdi".

"Əslində isə belə deyil. Sürüşmə, çatlama hər zaman davam edəcək. İnsanlara məsləhətim odur ki, təbiətə müdaxilə etməsinlər" — həmsöhbətimiz diqqətə çatdırıb.

Ə.Qaralov vurğulayıb ki, ərazidə aparılan tikinti işlərinə mütləq aidiyyatı qurumların nəzarəti olmalıdır: "Təbii ki, yerli strukturlar var. Həmin strukturlar bunun qarşısını almalıdır. Yoxsa bu məsələ bizim səlahiyyətimiz çərçivəsində deyil. Buna icazə verilməməlidir. Özünüz də gördünüz ki, ərazidə çox sayda evdə çatlar var".

14009
Teqlər:
Nübar qəsəbəsi, vulkan, Abşeron rayonu, təbiət, sürüşmə, sakin, ev, torpaq
Əlaqədar
Bakıda daha bir sürüşmə, evlər uçub
Sürüşmə zonasında yaşayanlara kirayə pulu verildi – MƏBLƏĞ
Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi açıldı
"Bayıl yamacı" sürüşməyə davam edir
Bayılda iki evin damı çöküb, amma o evlər sürüşmə ərazisində deyil
Paytaxtdakı sürüşmə zonasından arzuolunmaz xəbər
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

2
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

2
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

23
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

23