Yazıçı Anar

İki dahimizin yadigarı olan 80 yaşlı dramaturq

351
(Yenilənib 10:03 14.03.2018)
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir

BAKI, 14 mart — Sputnik. 1938-ci il martın 14-də xalq yazıçısı, dramaturq, ssenarist Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub.

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. 

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinfə qədər Zemfira Səfərovayla bir yerdə oxuyublar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıblar və evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.

Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olub. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olub. "İstiqlal" ordeni, "Heydər Əliyev mükafatı" ilə təltif edilib.

Roman ("Beşmərtəbəli evin altıncı mərtəbəsi") və povestlərin ("Ağ liman", "Əlaqə"), hekayə ("Keçən ilin son gecəsi") və pyeslərin ("Şəhərin yay günləri", "Adamın adamı"), 10-dan çox filmin ssenarisinin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud", "Təhminə", "Otel otağı" və s.), tərcümə və publisistik məqalələrin müəllifidir. "Dantenin yubileyi", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi" və s. filmlərə quruluş verib.

Kinoşünas Ayaz Salayevin iddiasına görə ("525-ci qəzet", 7 oktyabr, 1999) rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub.

Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.

351
Teqlər:
Anar Rzayev, yubiley, yazıçı
Əlaqədar
Prezident yazıçı Anarı təltif etdi
Anar: Türkiyə türkcəsi ortaq türk dili olsun
Anar Rüstəm Behrudini qərarından daşınmağa çağırıb
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

32
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

32
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə