Səmərqə Allahverdiyeva

Azərbaycanın ən yaşlı sakini: "Dünyadan köçəcəyim tarixi bilirəm"

1160
(Yenilənib 14:20 14.03.2018)
Mircəfər Bağırovla, Heydər Əliyevlə şəxsən görüşmüş 124 yaşlı nənə: "Mehriban xanım mənə avtomobil hədiyyə edərsə..."

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Azərbaycanda ən yaşlı insan və seçici Bərdə rayonunun Xəsili kəndində yaşayan, 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə Gülməmməd qızıdır. Sputnik Azərbaycan-ın bölgə müxbiri 124 yaşlı nənəyə baş çəkib, sağlamlıq durumu ilə maraqlanıb, maraqlı xatirələrini dinləyib.

Səmərqə nənənin sağlamlıq durumu kafidir. Aydın danışır, suallara doğru-dürüst cavab verir. Həyatın bütün ağrı-acısını dadıb. Ancaq dik durmağı, ayaqda qalmağı bacarıb. 124 yaşa yata-yata deyil, çalışa-çalışa gəlib. Dövlətə və cəmiyyətə faydalı töhfələr verib.

Səmərqə nənə üç əsrin şahididir
© Sputnik / Musa Muradlı
Səmərqə nənə üç əsrin şahididir

Səmərqə xanım Ağcabədi rayonunun Qiyaməddinli kəndində ailə qurub yaşasa da, həyat yoldaşının zorakılıqlarından cana doyduğu üçün boşanıb. 4 uşağı ilə birlikdə Bərdəyə, Xəsiliyə qayıdıb. Maddi sıxıntı, aclıq üzündən övladlarını da itirib.

İlk taleyi daşa dəyən qadın o ağır illərin fırtınalarında ikinci dəfə ailə həyatı qurub. 3 uşaq atası olan Əsgərxan kişiylə möhkəm, etibarlı ailə ittifaqı yaradıblar. Ögey-doğmalıq bilinməyib. "Taleyin yazısıdır" — deyərək, şükranlıq içində mehriban, can deyib, can eşitməklə yeni həyata başlayıblar.

1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi isə Səmərqə xanımı yenidən sınaqla üz-üzə qoyub. Həyat yoldaşı Əsgərxan kişi ölüm-dirim müharibəsinə yollanıb. Bir çətən külfətə baxmaq Səmərqə nənənin öhdəsinə düşüb.

O illərdə Göyçayda peşə məktəbində oxumağa göndərilən bu zəhmətkeş xanım mexanizatorluğun sirlərinə yiyələnib. Xəsiliyə qayıdaraq traktorla kolxoz işlərində yorulmadan çalışıb. Rusiyadan Xəsiliyə traktorçu işləmək üçün gəlmiş Nikolayla kolxozun xidmətində olub. "ÇTZ" markalı traktoru gündüzlər Səmərqə xanım, gecələr isə Nikolay işlədib.

Müharibənin özü ilə bərabər gətirdiyi aclıqdan danışan nənə deyir ki, yeməyə bir tikə çörək belə, tapmadığı günlər olub: "Bir dəfə yeməyə çörək olmadı. Kolxoz sədri Məmmədxan süddən hazırlanmış bulama gətirdi. Bulamanı içib traktoru işə saldım".

Səmərqə nənə kolxozda çalışdığı illərdə Azərbaycan SSR-nin birinci katibi olan Mircəfər Bağırovla görüşüb: "30-35 yaşım olardı. Traktorla yer şumlayırdım. Mircəfər Bağırov məni traktorla işləyən gördü və çox xoşuna gəldi. "Sağ ol!", — deyib, məni bağrına basdı".

Səmərqə nənənin oğlu Rüstəm dayı əlavə edir ki, anası M.Bağırovla çox güman, 1938-39-cu illərdə görüşüb.

Ömrünün ikinci yüzilliyini yaşayan nənə, Azərbaycan SSR-nin birinci katibi olduğu dövrdə Heydər Əliyevlə bağlı xatirələrini də danışır: "Heydər Əliyev həmişə mənim işlərimlə maraqlanırdı. Kolxoz sədri Hüseyn Ağayevlə gəlib becərdiyim pambığa baxırdı. İclaslarda, görüşlərdə mənimlə görüşər, xoşagələn zarafatlar edərdi".

Pambıqçılığın Bərdədə inkişaf elədiyi illərdə Səmərqə nənənin hünəri 150-160 kq pambıq yığmağa belə, çatıb. Uşaqlarının köməyi ilə bu ailə hər axşam 300-400 kq pambıq yığaraq təhvil verib.

Zəhmətkeş qadın əməyinin qiyməti olaraq 25 ordenə layiq görülüb. Ancaq evinin yanması nəticəsində bütün sənədləri məhv olub: "Naftalana sanatoriyaya gedəndə ordenlərim yaxamdaydı. Baş həkim dedi ki, "onların sənədlərini gətir baxım". Hamısını aparıb göstərdim. Düşündüm ki, deyər, "ordan-burdan yığıb, yalandan asıb yaxasından". Evimizdə baş verən yanğında hamısı yandı".

Deyirlər, "yaman günün ömrü az olar". 4 illik müharibə də nəhayət ki, başa çatıb. Səmərqə xanımın qalib ordunun əsgəri kimi Berlinə qədər irəliləyən ömür-gün yoldaşı Əsgərxan kişi də sağ-salamat evinə qayıdıb. Əsgərxan kişinin dönüşündən sonra ailə gözəl günlərinə qovuşub. 1 oğul, 5 qızla bərabər Əsgərxan kişinin 80 yaşına qədər (ailə başçısı 80 yaşında vəfat edib — M.M.) xoşbəxt həyat yaşayıblar.

Səmərqə Allahverdiyeva ailə üzvləri ilə
© Sputnik / Musa Muradlı
Səmərqə Allahverdiyeva ailə üzvləri ilə

İndi Səmərqə nənənin övladlarından beşi sağdır. Qızlarından biri dünyasını dəyişib. Oğlu Rüstəm Allahverdiyev deyir ki, Səmərqə nənə 2005-ci ildə qızını itirəndən sonra çox ağladığından gözlərinin nurunu itirib, sağlamlığında xeyli geriləmə olub.

124 yaşlı Səmərqə xanımın altı övladdan 30 nəvəsi, 60 nəticəsi, 10 kötücəsi var. Bir-birilərinə yaxın yaşayan övladları tez-tez Səmərqə nənənin başına yığışırlar. Onun qayğısına qalırlar, nazını çəkirlər.

S.Allahverdiyeva ölkədəki ictimai-siyasi hadisələri də diqqətlə izləyir. Oğlu deyir ki, sonuncu referendum keçiriləndə nənə səsvermə məntəqəsinə getməyi təkid edib və məntəqəyə gedərək səs verib. İndi də qarşıdan gələn prezident seçkilərində iştirak etmək, İlham Əliyevə səs vermək arzusundadır.

124 yaşlı nənə əmindir ki, 130 yaşı başa vura biləcək: "Məşədi Alı adlı babam var idi. 130 il yaşadı. Sağlığında əlini başıma qoydu və dedi ki, yaşımı sənə verdim. Ona görə də dünyadan köçəcəyim tarixi bilirəm. Allah qoysa, 130 il yaşayacam".

Müsahibimiz zamanında əkib-becərdiyi ərazilərə getmək, həmin yerləri təkrar görmək arzusundadır. Arzusunu isə belə dilə gətirir: "Amma avtomobilimiz yoxdur. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya mənə bir avtomobil hədiyyə etsə, bu arzumu reallaşdıraram".

1160
Teqlər:
Allahverdiyeva Səmərqə Gülməmməd qızı, Xəsili kəndi, Bərdə rayonu, seçici, ailə, həyat, insan, Azərbaycan, uşaq
Əlaqədar
Azərbaycanda 15 yaşlı dahi peyda olub - "Ginnesin Rekordlar Kitabı"na müraciət
Azərbaycanın ən yaşlı seçicisinin 124 yaşı var
İngiltərənin 91 yaşlı kraliçası moda sərgisini izləyib - FOTO
Ölkəmizdə ən yaşlı avtomobil həvəskarı
 Pandemiya zamanı imtahan, arxiv şəkli

İmtahana hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır

0
(Yenilənib 15:02 13.08.2020)
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur.

BAKI, 13 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. Məlumata görə, imtahanlar respublikanın 35 şəhər və rayonunda keçirilir.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

Bu gün keçirilən imtahanlarda 19197 nəfər abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, növbəti imtahan sabah - avqustun 14-də keçiriləcək. Bu imtahanlarda isə 18102 nəfər iştirak edəcək. Ümumilikdə iki gün ərzində keçiriləcək imtahanlarda 37299 abituriyentin iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılır, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunur. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

0
Buludlu hava, arxiv şəkli

Rayonlarda yağış, paytaxtda isə külək olacaq

1
(Yenilənib 14:51 13.08.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 13 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

14 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35, dağlarda gecə 11-15, gündüz 16-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 14-15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1