BAKI, 13 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu — Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Babayev İntiqam Vaqif oğlu — Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Qurbanov Firudin İsa oğlu — Azərbaycan Respublikası təhsil nazirinin müavini
Səmədov Nazim Adil oğlu — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Kərimli Mətin İmdad oğlu — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Hüseynov Seymur Elşad oğlu — Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu — “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
Seyidov Mirhəsən Mirheydər oğlu —“İrəli” İctimai Birliyinin sədri
Hümbətov İlham Gürşad oğlu — “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.
BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”.
APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.
Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq.
Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək.
Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq.
Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq.
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər.
Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq.
Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk, Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.
BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.
Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.
Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.
"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.
Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.
“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.