Əməkdar artist Mübariz Həmidov

“Mən potensial alıcıyam, gənclərə "müştəri" gözü ilə baxıram” MÜSAHİBƏ

416
(Yenilənib 18:48 10.03.2018)
"Bu il ərzində keçirdiyimiz bütün tədbirlər, tamaşalar yubiley tamaşalarıdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. 1927-ci il mart ayının 15-də Bakı Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranmış, 1928-ci ildə rəsmi olaraq fəaliyyətə başlamış və 1936-cı ildən "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı" adlandırılan Gənc Tamaşaçılar Teatrı bu il 90 yaşını qeyd edəcək.

Hikmət Rəhimov (solda) və Rasim Cəfər
© Фото предоставлено Х.Рагимовым

Sputnik Azərbaycan yubiley ilini yaşayan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovla həmsöhbət olub. Direktor Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə bağlı suallarımızı cavablandırıb.

- Gənclər üçün nəzərdə tutulmuş teatr məktəblilərlə işləyir?

— Biz məktəblərlə sıx işləyirik. Elə teatrımız yarananda da uşaq teatrı adı ilə yaranıb. Teatr rəsmi işə başlayanda rus və Azərbaycan bölmələri olub. Rus bölməsini 2008-ci ildə Rus Dram Teatrına verdik. Azərbaycan bölməsi isə hələ də işləyir. İndiyə kimi də hər həftənin şənbə-bazar günləri məktəblərdən şagirdlər teatra gəlir. Bunun üçün biz bəzi nəqliyyat şirkətləri ilə müqavilə bağlamışıq. Uşaqların Bakı şəhəri və Bakıətrafı qəsəbələrdən teatra təhlükəsiz gəlib-getməsi üçün avtobuslardan istifadə edirik. Həmin avtobuslar uşaqları teatra gətirir, tamaşa bitəndən sonra isə yenidən geri aparır. Biz, əsasən, məktəblilərin ədəbiyyat dərsində keçdikləri əsərləri səhnələşdiririk.

- Niyə məhz həmin əsərləri?

— Məqsədimiz şagirdlərin təhsillərinə kömək etməkdir. Yəni ki, əgər şagird hər hansı bir əsəri oxuyur və yaddaşına o qədər də həkk olmursa, teatr həmin əsəri əyani şəkildə şagirdə göstərir. Bu da əsərlərin onların yaddaşlarına daha yaxşı həkk olmasına kömək edir. Eyni zamanda, məktəblilərin teatra gəlməsi mütləqdir. Onların intellektlərinin inkişafına, dünya görüşlərinin artmasına böyük kömək edir.

Biz bununla kifayətlənmirik, böyüklər üçün də tamaşalar təqdim edirik. Bir sözlə, hər yaş qrupu üçün teatrımızın qapıları açıqdır.

- Teatrda rejissorlara əsər seçmək imkanı verilir?

— İndiki dövrdə hər bir teatrın repertuar siyasəti var. Tamaşaçını maraqlandıran və səhnədə görmək istədiyi əsərlər səhnəyə qoyulur. Əsəri əvvəlcə teatrın baş rejissoru və bədii şura üzvləri müzakirə edirlər. Bir il ərzində hansı əsərin səhnəyə qoyulması müzakirə olunaraq qəbul edilir. Eyni zamanda bizim tənqid və təklif kitabımız mövcuddur. Tamaşaçılar istər məktəblilər, istər böyüklər olsun. Hər bir tamaşaçı tamaşadan sonra təklif və tənqidlərini jurnala yazır. Biz hər həftənin sonunda bədii şurada yazılanları müzakirə edirik. İradlardan qaçmaq lazım deyil. Əksinə, lazım gələrsə, dəyişikliklər edirik. Çünki biz tamaşaçı üçün çalışırıq. Onun fikri bizim üçün vacibdir.

- Maraqlıdır, tamaşaçı hansı dəyişikləri istəyir?

— Teatrın mətbəxini bilmədikləri üçün bəzi tənqidlər olur. 7, 8 və daha yuxarı sinif şagirdləri fikirlərini sərbəst şəkildə ifadə edirlər. Məsələn, tamaşada səsin çox olması ilə bağlı. Daha sonra aktyorun kulisdən gələn zaman görünməsi ilə bağlı şikayətlər yazılır. Bura teatrdır. Aktyor kulisdən gələn zaman yan tərəfdə oturan tamaşaçının onu görməsi normal haldır.

Biz yeganə teatrıq ki, alternativ bədii şura fəaliyyət göstərir. Bu şurada şəhərin bir çox məktəblərində əla qiymətlərlə oxuyan şagirdlər yer alır. Onlar tamaşaların premyeralarında iştirak edirlər. Şagirdlər premyeradan sonra gördükləri qüsurları bizə bildirirlər. Bu şuranın olması aktyorlar üçün də məsuliyyət yaradır. Çünki uşaqlar həmişə doğrunu danışır. Ona görə də aktyor tam yaxşı oynamağa çalışır ki, uşaqlar onlarda səhv görməsin. Uşaqlar ən düz və obyektiv fikirləri bildirir. Bədii şura 4 ildir fəaliyyət göstərir və aktyorların oyunlarına xeyli dərəcədə təsir edib.

- Bəzi teatrlarda rejissorlar tamaşalara müasirlik qatır. Siz də bunu edirsiniz?

— Elə klassik əsərlər var ki, o dövrü olduğu kimi saxlamaq lazımdır. Amma əsər bu günümüzlə uyğunlaşırsa, bunun özü artıq müasirlikdir.

- Aktyorları necə seçirsiniz?

— Mən 6 ildir təhsil nazirinin əmri ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Buraxılış üzrə dövlət imtahan komissiyasının sədriyəm. Orada həm təhvil verilən işlərə qiymət verirəm, həm də gənclərə "müştəri" gözü ilə baxıram. Gənc Tamaşaçılar Teatrına uyğun olan gəncləri teatra dəvət edirəm. Bir neçə ay sınaqdan sonra işə qəbul edirik. Bir sözlə, mən potensial alıcıyam. Bizim üçün diplomsuz aktyor işə qəbul edilə bilməz.

- Başqa teatrlar ilə əlaqəniz var?

— Əlbəttə. MDB ölkələrinin teatrları ilə sıx əməkdaşlıq edirik. Tez-tez səfərlərimiz olur, onlar da bizə gəlirlər. Rusiya Federasiyasının Kalmık milli teatrı ilə sıx əməkdaşlıq edirik. Bəzi tamaşalar Kalmık teatrının aktyorları ilə bizim aktyorların birlikdə iştirakı ilə oynanılıb. Sevindirici haldır ki, Azərbaycanın 4 teatr xadimi Rusiyanın fəxri adını daşıyır. Azərbaycan və Rusiya əlaqələrinin inkişafına görə mən Mübariz Həmidovu və teatrın baş rejissoru Bəhram Osmanovu Rusiyanın Əməkdar incəsənət xadimi adına layiq görüblər. 2016-cı ildə sonra İlham Əsədov və Şövqü Hüseynov Rusiyanın Kalmıkiya Respublikasının Əməkdar artisti adına layiq görülüb. Bu da nəinki Gənc Tamaşaçılar teatrının, Azərbaycan teatrının uğurudur.

- Bu il teatrın 90 yaşı tamam olur…

— Bəli. 90 yaşımızı noyabr ayında tamam olacaq. Bu il ərzində keçirdiyimiz bütün tədbirlər, tamaşalar yubiley tamaşalarıdır. İlin sonuna yaxın oktyabr-noyabr aylarında isə yubileyimiz olacaq. Əlimizdən gələni edirik ki, tamaşaçılarımızı sevindirək.

416
Teqlər:
Mübariz Həmidov, Gənc Tamaşaçılar Teatrı, yubiley, tamaşa