Əli Həsənov

Əli Həsənov: “Müqaviməti ilk olaraq media göstərməlidir"

48
(Yenilənib 14:15 10.03.2018)
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yekun çıxış edib

BAKI, 10 mart — Sputnik. "Ailənizə rəva görmədiyiniz məsələni cəmiyyətə yaymayın, əksinə, belə edənlərə qarşı cəbhə açmalısınız". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan jurnalistlərinin VII qurultayının yekununda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O qeyd edib ki, ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın simvollarını təhqir edirlər: "Həmin şəxslər xaricdə olduqları ölkənin pasportlarını alaraq, Azərbaycana qarşı təlimatlandırılırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar.

Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət etməlidir. Mətbuat milli dəyərlərimizi, milli simvollarımızı müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina ediblər. Həmin adamlar "Facebook"un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır? Həmin adamlara qarşı müqaviməti ilk olaraq media göstərməlidir".

"Nə qədər ki cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq, sadəcə olaraq, onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın, istər bu dövlət olsun, istər ayrı-ayrı sizə oponentlik etmək istəyən həmkarlarınız olsun və yaxud da, xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun" – deyə Həsənov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında tərəfdaşlıq mühiti yaranıb: "Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyaları ki, bu gün Azərbaycanın qanunları çərçivəsində parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar, bunun nəyi pisdir? Amma o partiyalar ki, mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız".

Mətbuat Şurasının reket nəşrlərlə bağlı "qara siyahı" hazırladığını xatırladan Ə. Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət edib: "Olan və olmayan kompromatları toplayıb insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, "Mətbuat Şurası haqqında" qanun qəbul edilməsinin zamanı çatıb".

Həsənov həmçinin bildirib ki, bəzən reket jurnalistlər onu da təhdid edirlər.

"Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram".

Həsənov onu da qeyd etdi ki, Mətbuat Şurasının "qara siyahı"sında olan media orqanlarının əməkdaşlarının adları mənzil alan şəxslərin siyahısına da daxil edilməyəcək.

Prezidentin köməkçisi partiyaların dövlətdən dəstək almasına etiraz edilməsinin də düzgün olmadığını qeyd edib: "Təminatı olan siyasi partiyaların parlamentdə təmsil olunaraq, dövlətdən dəstək alan partiyaları ittiham etməyə haqları yoxdur".

48
Teqlər:
çıxış, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, qurultay
Əlaqədar
Azərbaycan jurnalistlərinin qurultayı başlayıb
Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi
MŞ sədri həbsdə olan jurnalistlərdən danışdı
Azərbaycan prezidenti jurnalistlərə təbrik məktubu ünvanlayıb

Qarabağdakı hava limanları ICAO reyestrinə daxil ediləcək

1
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

 

BAKI, 25 noyabr — Sputnik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Sputnik Azərbaycan bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq, AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

1
Teqlər:
Xocalı hava limanı, hava limanı, AZAL
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

10
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

10
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma