Bayram yarmarkası

Kişilərin hədiyyə qayğısı: "Artıq qadınları təkcə güllə sevindirmək mümkün deyil"

153
(Yenilənib 16:11 07.03.2018)
"Əvvəllər bayramlar daha sadə keçirilirdi, insanlar daha münasib hədiyyələrlə qane ola bilirdilər"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Artıq şəhərin bir çox yerlərində bayram yarmarkaları açılıb. Bu yarmarkalarda müxtəlif hədiyyələrlə yanaşı, Novruz çərəzləri də satılır. Satıcılar deyir ki, belə yarmarkalar hər il təşkil olunur. Bu il də "28 May", "Nərimanov", "İnşaatçılar", "Əhmədli" metrostansiyaları yaxınlığında yarmarkalar qurulub.

Bayram yarmarkası
© Sputnik / Irade JELIL
Bayram yarmarkası

Sputnik Azərbaycan-ın əməkdaşı bayram çadırlarına baş çəkərək qiymətlərlə tanış olub. "28 May" yaxınlığında qurulmuş çadırlarda qiymətlər münasib, alıcı kütləsi çox idi. Bu çadırlarda müxtəlif güllər, həmçinin dibçək gülləri, açıqcalar, fincanlar, şüşə qablar, yumşaq oyuncaqlar, müxtəlif suvenirlər, ətirlər satılırdı.

Satıcı Vüsal Əliyevin sözlərinə görə, əvvəllər Novruz öncəsi belə yarmarkalar çox təşkil edilib. Amma həmin yarmarkalar bir qədər Novruza yaxın günlərdə təşkil olunurdu. Bu yarmarkalar isə, həm də 8 Mart bayramı üçün nəzərdə tutulub.

Bayram yarmarkası
© Sputnik / Irade JELIL
Bayram yarmarkası

V.Əliyev bildirdi ki, yarmarkada satılan məhsulların qiyməti hər büdcəyə uyğundur: "Alıcı var. Nə qədər qəribə olsa da, alıcılar arasında qadınlar çoxluq təşkil edir. Yəqin məktəb müəllimləri üçün alırlar. Valideynlər daha çox ətir almağa üstünlük verirlər. Burada hər qiymətə ətir var: 5-manatdan 40 manata qədər. Buradan 2 manatlıq fincan da almaq olar, 5 manatlıq gül də. Yəni kim nə istəsə, var".

Digər satıcı Əhliman Səfərovun sözlərinə görə isə, bu yarmarkalar müvəqqətidir. Çərşənbə axşamından etibarən həmin yarmarkada Novruz bayramına aid olan ərzaqlar satılacaq: "Bizə deyiblər ki, ərzaq və digər məişət əşyaları, hədiyyələr sata bilərik. Buna görə də kim nə istəyir, satır".

Satıcı qeyd etdi ki, bu il qiymətlər münasib olsa da, satış aşağıdır: "Keçən il bu vaxt yaxşı alver var idi. Görünür, insanlar bir qədər də kasıblaşıb".

Yarmarkadakı alıcılar satılan məhsullardan narazı olmasalar da, pulun azlığından şikayətlənirlər. Poliklinikada tibb bacısı işləyən Aytən Məlikova dedi ki, aldığı maaş az olduğu üçün heç özünə belə, hədiyyə ala bilmir.

Bayram yarmarkası
© Sputnik / Irade JELIL
Bayram yarmarkası

Müəllim Əhməd Nəcəfov isə bayramları ötən illərlə müqayisə etdi: "Əvvəllər bayramlar daha sadə keçirilirdi. İnsanlar daha münasib hədiyyələrlə qane ola bilirdi. İndi vəziyyət dəyişib. Artıq hansısa qadını təkcə güllə sevindirmək mümkün deyil. Tək gül alıb verirsən, elə baxır ki, az qala alıb, başına çırpacaq. Məcbursan ki, heç olmasa bir 20 manatlıq hədiyyə də alasan. Ana var, bacı var, həyat yoldaşı, iş yoldaşı, hamısına hədiyyə verəndə, azı 100 manat xərcin çıxır".

Qiymətlərə gəldikdə isə, alıcılar yarmarkalardakı qiymətlərdən o qədər də narazı deyillər. Düşünürlər ki, əgər insanlar azla qane ola bilsələr, bazardakı qiymətlərin də fərqi olmaz.

Bayram yarmarkası
© Sputnik / Irade JELIL
Bayram yarmarkası

Xatırladaq ki, bazarda qızıl güllərin biri 2-5 manat, yumşaq oyuncaqlar 5-30 manat, balaca dibçəklər 3-5 manat, böyüklər 40 manata qədər, açıqcalar 1-5 manat, şəkil üçün çərçivə 2-8 manat satılırdı. Satıcılar bildirdilər ki, sabahdan etibarən yarmarkada münasib qiymətlərə hazır buketlər də satılacaq.

153
Teqlər:
bayram yarmarkaları, 8 Mart Beynəlxalq Qadınlar Günü, satıcı, Novruz bayramı, kişi, hədiyyə, alıcı, qadın
Əlaqədar
Bayram günü bu qurum da işləməyəcək
Bayram günlərində avtovağzalda nə baş verib? - AÇIQLAMA
Əhalinin nəzərinə: Bayram günlərində xüsusi rejimə keçiləcək
Bayram nigarançılığında olanlar üçün: Bakının "su" və "od" qiymətli bazarları