BAKI, 28 fevral — Sputnik. İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, 322.0.2-ci maddəyə "olmadan" sözündən sonra ", habelə nasaz və ya plombası pozulmuş taksometrlə" sözləri əlavə edilib.
Təklif olunan mətndə deyilir ki, "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombası pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.
Mövcud mətndə isə göstərilir ki, "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: "Mütəxəssislər qərara gəliblər ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".
BAKI, 18 yanvar — Sputnik. Yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.
Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.
Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.