BAKI, 27 fevral — Sputnik. Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.
Nəticədə oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:
"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.
BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:
"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".