Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin hərbi rəhbəri Həbib Həbibov

Ömrünü hərbə həsr etmiş şəxs: “1990-cı ildə silahları yığdılar...”

379
(Yenilənib 10:46 22.02.2018)
"Hazırda əyani vəsaitlərimiz olmadığından hərbi hissələrə üz tuturuq"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Respublikada hərbiyə diqqət və qayğının yüksək səviyyədə olması hər kəsə məlumdur. Bundan əlavə, şagirdlər arasında ruh yüksəkliyi və vətənpərvərlik ideyalarının aşılanması istiqamətində də güclü işlər aparılır. Buna "Şahin" və "Sərhədçi" hərbi oyunlarının yüksək səviyyədə keçirilməsini nümunə göstərmək olar.

Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin hərbi komandası 2013, 2014, 2015, 2016 və 2017-ci illər ərzində "Şahin" hərbi idman oyunlarında həm rayon, həm də zona üzrə birincilik qazanaraq Respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb. Bu nəticələri əldə etməkdə, şagirdlərin hərbi ruhda böyümələrində, hərbi biliklərə yiyələnmələrində Həbib müəllimin rolu çox böyükdür.

Budəfəki həmsöhbətimiz də elə Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbin hərbi rəhbəri Həbib Həbibov oldu. Həbib müəllimin şagirdləri 5 min məktəbli arasından seçilərək 18 komanda ilə rəqabət aparıb.

Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin hərbi rəhbəri Həbib Həbibov
© Sputnik / Rahim Murad
Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin hərbi rəhbəri Həbib Həbibov

Həbib müəllim söhbətimizə şagirdlərinin qələbəsindən danışmaqla başlayır: "Bunlardan biri də Yalçın Nəsirov adına Astara komandası idi. Biz Astara komandasını təmsil edirdik və sevindirici haldır ki, 2017-ci ildə "Şahin" və "Sərhədçi" hərbi idman oyunlarında 6-cı yeri tutduq. Zəhmətimiz hədər getmədi. Gənclər və idman naziri Azad Rəhimov həm komandamızın üzvlərini, həm də məni qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif etdi".

Həbib müəllim danışır ki, 1974-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirib, daha sonra isə Azərbaycan Pedaqoji İnstitutundan məzun olub: "Lənkəranda Zabitlər məktəbini bitirdim. İşlədiyim dövrdə ikinci dəfədir məktəbdə hərbi rəhbər vəzifəsində çalışıram. Bir dəfə 6 il hərbi rəhbər işlədim, sonra dərs hissə rəhbəri, məktəb direktoru oldum".

Müsahibimiz şagirdlərinin əksəriyyətinin hərbi qulluqçu kimi vətənə xidmət etdiyini deyir: "Şagirdlərimin çoxu hərbi məktəblərdə təhsil alıb və vətənin keşiyində duran hərbi qulluqçulardır. Keçmiş şagirdlərimlə daima görüşürük və onların çoxu mənə minnətdarlıq edirlər, deyirlər ki, "Çox sağ olun, Həbib müəllim, məktəbdə öyrətdiyiniz hərbi biliklər bizə əsgərlikdə çox kömək etdi".

Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin hərbi rəhbəri Həbib Həbibov
© Sputnik / Rahim Murad
Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin hərbi rəhbəri Həbib Həbibov

Həbib müəllim bu sahədə olduğuna görə fəxr etdiyini bildirir: "Həmişə fəxr etmişəm ki, hərbi mənim həyatımdır. Çünki atam Böyük Vətən Müharibəsi veteranı olub. Əmim Həbibov Bayram Almaniyada 4 may 1945-ci ildə həlak olub və Berdov şəhərinin "Qardaşlıq məzarlığı"nda dəfn edilib. Buna görə də hərbi mənim üçün önəmlidir. Torpaqlarımızın 20%-nin işğal altında olduğu vaxtı biz hamımız hərbi biliyə mükəmməl şəkildə sahib olmalıyıq".

Həbib Həbibov dərs prosesində qarşılaşdığı problemlərdən də söz açır: "İlk dəfə hərbi rəhbər işlədiyim vaxt təlim avtomatlarımız da var idi, təlim əl qumbaramız da və digər əyani dərs vəsaitləri də, əleyhqazlarımız da. Bizə o dərs vəsaitləri hesabına əyani şəkildə dərs demək rahat idi. 1990-cı ildə silahları yığdılar və bu günə kimi məktəbimizdə hərbi təlim dərs vəsaitləri yoxdur".

Həmsöhbətimiz silahların, əl qumbaralarının və digər hərbi sursatların TTX-larını divarlardakı plakatlarının hesabına öyrətdiyini deyir. Əyani şəkildə öyrənmələri üçün isə şagirdləri Lənkəran və Astara ərazisində olan hərbi hissələrə apardığını vurğulayır: "Orada ordumuzun arsenalında olan silah və sursatlarla yaxından tanış edirəm. Onlar orada zabitlərin köməkliyi ilə silahla davranış qaydalarını, avtomatı söküb-yığma qaydalarını və əleyhqazla davranışı öyrənirlər. Sinifdə özümüzün təlim silahımız və qumbaramız olsa, daha yaxşı olar".

Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin hərbi rəhbəri Həbib Həbibov
© Sputnik / Rahim Murad
Astara rayonu Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin hərbi rəhbəri Həbib Həbibov

"Bir vətəndaş və müəllim kimi məndən sonra hərbi müəllim işləmək istəyənlərə öz dəstəyimi verəcəyəm. Dərsdən kənar vaxtlarda da şagirdlərimlə məşğul oluram və çalışıram ki, onlara vətən sevgisini təbliğ edim", – deyə Həbib müəllim söhbətimizi yekunlaşdırır.

Məlumat üçün bildirək ki, Həbib müəllim qazandığı uğurlara görə 2015-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. Onun rəhbərlik etdiyi komandaya Astara Rayonu Gənclər və İdman İdarəsi tərəfindən yarışlarda iştirak etmək üçün "Şahin" hərbi idman geyimi hədiyyə olunub.

379
Teqlər:
"Şahin" hərbi idman oyunları, Şiyəkəran kəndi, Astara rayonu, hərbçi, müəllim
Uşaq əllərini yuyur, arxiv şəkli

Bakı Abşeronun bəzi ərazilərində iki gün su olmayacaq

4
(Yenilənib 17:28 25.11.2020)
Noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

BAKI, 25 noyabr — Sputnik. Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmir yolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

4
Teqlər:
Abşeron, Bakı, su
Polis postu, arxiv şəkli

Qubada postda saxlanılan şəxsdən narkotik vasitə aşkarlanıb

3
(Yenilənib 17:26 25.11.2020)
Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

BAKI, 25 noyabr — Sputnik. Quba rayonunda postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Verilən məlumata görə, Quba rayon sakini Kamal İskəndərov özünə məxsus "Niva" markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılmış müvəqqəti stasionar postda Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman ondan və nəqliyyat vasitəsindən kibrit qutusunda və sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

3
Teqlər:
narkotik vasitə, post, Quba