Şəhər əhalisi

Azərbaycanda yeni güzəşt qərarı: İnsanlar ciddi sıxıntıdan xilas olacaq

1202
(Yenilənib 16:12 20.02.2018)
"Onlar hər hansı bir dövlətin himayəsindən və müdafiəsindən məhrum olurlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. 2006-cı il yanvarın 1-dək Azərbaycana gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan vətəndaşlığına qəbul olunması imkanı yaradılır. Bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 14-cü maddəsinə (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) dəyişikliklər edilib.

Vəkil Elyar Həsənov
© E.Həsənovun şəxsi arxivindən
Vəkil Elyar Həsənov

14-cü maddəyə edilən əlavəyə görə, 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Sputnik Azərbaycan-a məsələ ilə bağlı açıqlama verən hüquqşünas Elyar Həsənov dünya ölkələrində vətəndaşlığın əldə edilməsinin müxtəlif qaydalarının olduğunu deyib: "Dünyada vahid standart olmadığına görə bəzən bir şəxs 2 və daha çox dövlətin tələbinə cavab verə bilməyəndə vətəndaşlığı olmayan şəxs statusunda qalır. Yəni heç bir dövlətin vətəndaşı ola bilmir".

"Həmçinin, müəyyən siyasi proseslər zamanı belə məqamlar yaranır. Bu siyasi proseslərdən biri də SSRİ-nin dağılmasıdır. Son illər təcrübədə qanunvericilikdə ciddi rejim müəyyən edildiyinə görə, bir sıra kateqoriyadan olan şəxslər nə Azərbaycanın, nə də qeyri-dövlətin vətəndaşlığını əldə edə bilirlər. Halbuki həmin şəxslər uzun müddətdir fasiləsiz olaraq Azərbaycanda yaşayırlar. Lakin vətəndaşlıq ala bilmirlər. Bu da onlar üçün ciddi çətinliklər yaradır" — hüquqşünas bildirib.

Həsənovun sözlərinə görə, qanuna sözügedən dəyişiklik bu kateqoriyadan olan şəxslərin vəziyyətini yaxşılaşdırmaq üçün edilib: "Dəyişiklik 2006-cı il yanvarın 1-ə qədər Azərbaycana gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərə Azərbaycan vətəndaşlığının verilməsi ilə bağlıdır. Həmin şəxslərin Azərbaycanda daimi yaşayıb-yaşamaması məsələsinin qiymətləndirilməsi bəzən subyektiv fikir ayrılıqları yaradır. Məsələn, kimsə bunu daimi yaşamaq hesab edir, kimsə isə yox. Bu mübahisələrə son qoymaq üçün nəzərə alınıb ki, qoy, bunu məhkəmələr müəyyən etsin".

Həmsöhbətimiz bu yeniliyi çox mütərəqqi və doğru qərar hesab edir: "Yəni məhkəmələr şəxsin müvafiq meyarlara cavab verib-vermədiyini müəyyən etdikdən sonra meyarlara cavab verən şəxsə Azərbaycan vətəndaşlığı verilə bilsin. Yəni bu dəyişikliklər müəyyən kateqoriyadan olan şəxslərin vətəndaşlıq almaq probleminin həll edilməsi ilə bağlı edilib".

E.Həsənov iş prosesində mövcud qanundan qaynaqlanan problemlərlə üzləşdiyini də vurğulayıb: "Mənim özümə vəkil olaraq mütəmadi müraciət edirlər və mövcud qanunvericiliyi araşdıranda iş dalana dirənir. Şəxs vətəndaşlıq almaq istəyir, dövlət orqanları da formal və haqlı əsaslara söykənərək vətəndaşlıq vermək istəmir".

"Elə şəxslər olur ki, keçmiş SSRİ pasportu var, Azərbaycanda yaşayır, amma bu və ya digər səbəbdən ölkə vətəndaşlığını ala bilmirdi. Həmin şəxslər seçki hüququnu həyata keçirə, xarici pasport alıb ölkədən çıxa bilmir, öz övladına pasport almaqda, pensiya hüququnu həyata keçirməkdə çətinlik çəkirdilər. Bu dəyişiklik də bu cür problemlərin aradan qaldırılmasına yönəlib" — ekspert vurğulayıb.

Hüquqşünas dəyişiklikdə qeyd olunan "Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir" bəndini də şərh edib: "Bu, sui-istifadə hallarının qarşısını almaq üçün edilib. Bu ifadə olmazsa, kimsə hansısa ölkənin vətəndaşlığından imtina edib Azərbaycan vətəndaşlığı almaq istəyər. Yəni bu güzəşt yalnız heç bir ölkənin vətəndaşlığını ala bilməyən insanlar üçün nəzərdə tutulur. Çünki onlar hər hansı bir dövlətin himayəsindən və müdafiəsindən məhrum olurlar".

Fazil Mustafa
© Photo : APA
Fazil Mustafa

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, ciddi araşdırmalı məsələdir: "Bu məsələ ətrafında müzakirələr aparılmalıdır. Hələ ki, ikili vətəndaşlıq yoxdur və bu məsələdə şəxslər xeyli əziyyət çəkəcəklər. Ona görə də onların əziyyət çəkməməsi üçün bu istiqamətdə müəyyən addımların atılması vacibdir".

"Məncə, keçmiş SSRİ pasportları ilə Azərbaycanda yaşayanlar çoxluq təşkil etmir. Ümid edirəm ki, bu, müəyyən kateqoriyadan olan şəxslərin hüquqlarına müsbət təsirini göstərəcək" — deputat bildirib.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin fevralın 1-də keçirilən plenar iclasında layihə barədə danışarkən deyib ki, Azərbaycanda vətəndaşlığı naməlum olan şəxslər də yaşayırlar: "Vətəndaşlığı naməlum şəxslər dedikdə, uzun müddət Azərbaycanda yaşayan, lakin, vətəndaşlığını təsdiq edən və ya digər etibarlı sənədləri olmayan şəxslər başa düşülür. Bunlar, əsasən vaxtilə köhnə SSRİ pasportu ilə SSRİ-nin digər respublikalarından Azərbaycana gəlmiş və indiyədək sənədləşdirilməmiş şəxslərdir".

"Dəyişikliklərin də əsas məqsədi birincisi, vətəndaşlığı naməlum şəxslərin heç bir ölkənin vətəndaşlığına mənsub olmaması və ikincisi uzun müddət Azərbaycan ərazisində yaşaması məhkəmə tərəfindən təsdiq edildikdə, sənədlərin toplanılıb Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim olunmasına bir mexanizm yaratmaqdır" — Ə.Hüseynli bildirib.

Komitə sədri qeyd edib ki, layihədə bu müddətin 2006-cı il yanvarın 1-dək qoyulmasının səbəbi ona görədir ki, 2005-ci ilin sonunadək köhnə SSRİ pasportlarını Azərbaycanda sərhədkeçmə sənədi kimi istifadə etmək olurdu: "2005-ci ildən sonra isə hər hansı bir keçid olubsa, bu, artıq həmin ölkələrin milli pasportları ilə həyata keçirilib. Onu da qeyd edim ki, bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Amma ümumilikdə isə bu, çox mütərəqqi bir sənəddir və bu kateqoriyadan olan şəxslərin sənədlərlə təmin olunması, Azərbaycanda rahat yaşaması üçün hüquqi bir mexanizm yaradır".

Layihədə deyilir ki, 2006-cı il yanvarın 1-ə qədər Azərbaycan Respublikasına gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması imkanını yaratmaq məqsədi ilə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna bu dəyişikliklər təklif edilib.

Parlamentin plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişikliklər səsə qoyularaq qəbul edilib.

1202
Teqlər:
qanun, Azərbaycan, Azərbaycan Respublikası, millət vəkili Fazil Mustafa, dövlət, Sputnik Azərbaycan, Elyar Həsənov, vətəndaşlığı olmayan şəxs, hüquqşünas, şəxs, keçmiş SSRİ pasportları, Azərbaycan vətəndaşlığı, yaşama hüququ
Əlaqədar
Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə "yaşıl işıq"
Eks-prezidenti vətəndaşlıqdan məhrum etdilər
Fətullah Gülən vətəndaşlıqdan çıxarıldı
Rusiya vətəndaşlığı almaq istəyənlərin nəzərinə
Vergi və kredit borcu olanlar vətəndaşlıqdan məhrum edilirlər
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

10
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

10
Teqlər:
futbol, Türkiyə, milli
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

9
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

9