BAKI, 20 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə (MM) əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı MM-ə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi təqdim edib.
Qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
Sənədə əsasən sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.
Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:
— sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə — maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;
— sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə — maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;
— sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə — maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;
Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.
BAKI, 22 yanvar — Sputnik. "Tövsiyəmiz ondan ibarətdir ki, fiziki tərbiyə dərslərinin keçirilməsində fiziki təmasların çoxluğu nəzərə alınaraq bu dərslərin əyani keçirilməsi dayandırılsın".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib. Onun sözlərinə görə, yoluxma ehtimalına görə fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır.
V.Yaqublu məktəblərdə mərhələli təhsilə başlanıldıqdan sonra virtual dərslərin davam etdirilməsi və teledərslərin keçirilməsi məsələsinə də toxunub. O bildirib ki, övladını əyani təhsilə göndərməyən valideynlər uşaqların teledərsləri izləməsini təmin etməlidirlər: "Qeyd edim ki, əgər valideynlər fevralın 1-dən övladlarını məktəbə əyani təhsilə göndərməyəcəklərsə, bu zaman onların təhsili ilə bağlı məsuliyyəti də öz üzərlərinə götürürlər".
Təhsil naziri Emin Əmrullayev isə əlavə edib ki, valideynlər uşaqlarını məktəblərə göndərməkdən ehtiyat edirlərsə, teledərslərdən faydalana bilərlər. Nazir təhsil ilinin sonuna kimi teledərslərin davam etdiriləcəyini bildirib.
BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda yanvarın 23-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Yanvarın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 23-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.