İDİF MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar

Bakıda müəmma, sakinlər təlaşda kimsə baş verdiyinə aydınlıq gətirmir

12270
(Yenilənib 17:28 19.02.2018)
Ərazidə dövlət tərəfindən park, uşaq meydançası və hovuz tikiləcəyi vədi verildi, lakin sakinlər aldadıldı

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Uzun müddətdir ki, Nəsimi rayonunda sakinlərlə "İDİF" MTK tikinti şirkəti arasında qarşıdurma yaşanır. Tikinti şirkəti binaların həyətyanı sahəsində olan ağacları kəsərək məhv edib və əvəzində yeni tikiləcək binanın bünövrəsi qazılıb. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonu, 4-cü mikrorayon, Əliskəndər İskəndərov küçəsində yerləşən 5 mərtəbəli binaların sakinləri məlumat veriblər.

Ərazi sakini Sədrəddin Bədirxanovun sözlərinə görə, sakinlərin problemi bir müddət öncə başlayıb. Bir neçə ay bundan əvvəl bina sakinlərinin istirahət etdiyi bağ, Nigar Rəfibəyli adına kitabxananın ətrafında çox sayda ağac kəsilərək, məhv edilib. Səbəb kimi isə, sakinlərə bildirilib ki, ərazi dövlət planına düşüb. Orada dövlət tərəfindən park, uşaq meydançası və hovuz tikiləcək. Ancaq bir müddət sonra əraziyə tikinti materialları gətirilib.

"Bu da sakinlərin narazılığına səbəb oldu. Aldadıldığımızı anladıq və məhv edilmiş bağı bərpa etmək məqsədilə 120 Eldar şamı aldıq. Lakin bu dəfə 65 saylı MİS yaşıllığın salınmasına icazə vermədi. MİS-dən bildirildi ki, ərazidə dövlət planı çərçivəsində park salınacaq", — müsahibimiz deyib.

"Əraziyə tikinti materiallarının isə kim tərəfindən gətirildiyi bəlli deyil. Sonra əraziyə özlərini "İDİF" MTK-nın əməkdaşları kimi təqdim edən bir qrup şəxs gəldi və bu ərazinin onların mülkiyyəti olduğunu bildirdi", — deyə Sədrəddin Bədirxanov bildirib.

Şikayətçinin sözlərinə görə, bundan sonra sakinlərlə tikinti şirkəti nümayəndələri arasında qarşıdurma yaranıb və polisin müdaxiləsi ilə qarşıdurmanın qarşısı alınıb: "MİS-in müdaxiləsinə qədər ərazidə 40-a yaxın ağac əkilmişdi və tikinti şirkətinin nümayəndələri bizə ağacları çıxaracaqlarını bildirdilər".

"Həmin gecə 3 ağacı çıxara bildilər. Lakin sakinlər növbə çəkdiyi üçün digər ağaclara toxuna bilmədilər. Bir neçə gün sonra ərazi hasarlandı və çoxmərtəbəli binanın inşasına başlanıldı. Ağır texnika səhərə qədər işləyirdi, səsdən yatmaq da olmurdu. Dəfələrlə etiraz etsək də, bizi dinləyən olmadı", – şikayətçi qeyd edib.

  • İDİF MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar
    "İDİF" MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar
    © Sputnik / Irade JELIL
  • İDİF MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar
    "İDİF" MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar
    © Sputnik / Irade JELIL
  • İDİF MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar
    "İDİF" MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar
    © Sputnik / Irade JELIL
  • İDİF MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar
    "İDİF" MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar
    © Sputnik / Irade JELIL
1 / 4
© Sputnik / Irade JELIL
"İDİF" MTK tikinti şirkəti tərəfindən kəsilən ağaclar

Sakinlərinin sözlərinə görə, əvvəllər sözügedən ərazi zibilxana olub, sonradan sakinlərin səyi nəticəsində ora çox sayda müxtəlif növ dekorativ ağaclar əkilib. Sonradan əraziyə 150-ə yaxın meyvə ağacı da əkilib. Ərazi uzun illər bina sakinlərinin istirahət və gəzinti zonası olub. Ta ki, bir neçə ay əvvələ qədər.

Sakinlər onu da bildiriblər ki, məsələ ilə bağlı bir çox qurumlara müraciət ediblər. Amma təəssüf ki, onları eşidən olmayıb. Ancaq bir müddətdir ki, ərazidə tikinti işləri dayandırılıb. Sakinlər dəqiq səbəbini bilmirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələni araşdırmaq üçün bir neçə qurumla əlaqə saxlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev son aylar ərzində ərazidə dəfələrlə araşdırma aparıldığını bildirdi: "Həmin ərazidə aidiyyatı orqanlarla birlikdə araşdırma aparılıb. Heç bir ağac kəsintisinə rast gəlinməyib".

"Əraziyə Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib, layihə də təsdiqlənib. Ancaq ərazidə heç bir ağac kəsintisinə rast gəlinməyib. Düzdür, ərazi hasara alınıb. Bünövrə qazılıb, tikinti işləri aparılır. Sakinlər bilməlidir ki, torpaq mülkiyyətçiləri, icra hakimiyyətləri var və sərəncamı da verən onlardır. Onlara müraciət etmək lazımdır. Bizim Nazirliyin mövqeyi vahiddir. Qanunsuz ağac kəsənə cərimə tətbiq olunur", — qurum rəsmisi qeyd etdi.

R.Mirzəyev onu da əlavə etdi ki, ağac kəsintisi zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir: "Amma sakinlər də bilməlidir, ki, ərazidə olan ağaclara bilavasitə torpaq mülkiyyətçiləri məsuliyyət daşıyır. Əgər hər hansı bir ərazidə tikinti aparılırsa, bu, o deməkdir ki, torpaq mülkiyyətçisinin tikinti aparmaq üçün sərəncamı var".

Sözügedən ərazidə tikinti apardığı iddia edilən tikinti şirkətinin məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdıq. Təəssüf ki, "İDİF" MTK haqqında heç bir yerdən məlumat əldə etmək mümkün olmadı.

Həmçinin məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) də münasibətini ala bilmədik. Nəsimi RİH ilə dəfələrlə əlaqə saxlasaq da, suallarımızı cavablandıran olmadı.

Sputnik Azərbaycan yazıda adı çəkilən tərəflərə fikirlərini ifadə etmələri üçün yer ayırmağa hazırdır.

12270
Teqlər:
Nəsimi Rayon İcra Hakimiyyəti, 65 saylı MİS, "İDİF" MTK tikinti şirkəti, Raqub Mirzəyev, Nəsimi rayonu, Sputnik Azərbaycan, Bakı Şəhər İcra Hakimiyyəti, sakin, ağac, bina, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Bakıda yeni söküntü başlayır, 11 mindən çox sakin köçürüləcək
Bakıda "xruşşovka"lardan sonra sökülmə növbəsi "stalinka"lara çatıb
Bakıda plana düşən köhnə binalar sökülür
Yarımadada yeni söküntü xəbərdarlığı narazılığa səbəb olub
Bakı və Sumqayıtda böyük söküntü dalğası gözlənilir, üstəlik kompensasiya ödənilmədən
Primitiv üsulla inşa edilmiş tikililərin söküntüsünə başlanılıb
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

7
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

7
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

15
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

15

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0