CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Az qala, bütün ömrü həbsdə keçmiş adam: "Üç aydan artıq azadlıqda olmamışam"

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vasif Mütəllimov: "Artıq kimsə mənə sataşsa da, özümü görməməzliyə vuraram"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Bəzən həyatda möhkəm tutunduğun, uğrunda yaşadığın insanı əlində olmayan səbəblərdən itirirsən. Ondan sonra nə etsən də, mənəvi yükün azalmır. Ruhun əzab çəkdikcə acısını ətrafında olan, qarşına çıxan insanlardan çıxırsan.

Bir də o zaman ayılırsan ki, ömür gedib. Sən yolun sonundasan. Saysız-hesabsız peşmançılıqların olur. Nəyisə düzəltməyə çalışdıqca, daha da batırsan. Gecələr isə ümidlərin bitmir. Həyatda kiməsə lazım olmayan varlıq kimi getmək istəmirsən. Amma əlindən də heç nə gəlmir…

Abdulla Qurbanov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gözlərini sevgisinə qurban verən gənc: "Yuxuda görə bilirəm"

Eynən bu dəfəki qəhrəmanımız kimi. Onunla sığınma evində tanış olmuşduq. Haqqında yazmaq istədiyimizi bildirəndə, razılaşdı. Hamını otaqdan çıxarıb həyatını danışmağa başladı, peşmanlıq və səhvlərlə dolu həyatını.

Vasif Mütəllimovun 54 yaşı var. Əslən Sabirabad rayonundan olsa da, gənc yaşlarından Rusiyaya gedib. Orada ailə həyatı qurub. Və nə olubsa, elə o ailə həyatından sonra olub.

"Bütün ömrüm həbsdə keçib. 1989-cu ildən 2016-cı ilə kimi həbs həyatı yaşamışam. Arada azadlığa çıxsam da, azadlıqda qalma müddətim 3 aydan artıq olmayıb. Sonuncu dəfə azadlıqda 26 gün qaldım. Həmişə eyni maddələrlə mühakimə edilmişəm: soyğunçuluq, xuliqanlıq, bıçaqlama. Sonuncu dəfə bir hərbçini bıçaqlamışdım" — o Sputnik Azərbaycan-a danışır.

Mütəllimovun sözlərinə görə, 1987-ci ildə Rusiyada Katya adlı bir qızla ailə qurub. Lakin övladı dünyaya gələn vaxt Katya 24 yaşında dünyasını dəyişib. Vasifin qara günləri də elə bundan sonra başlayıb.

"Mən Katyanı sevirdim. Onun üçün evdən də qaçmışdım. Valideynlərimiz ailə həyatı qurmağımıza razı deyildilər. Onu itirəndən sonra elə bildim ki, dünyam alt-üst oldu. Və mən həyatda yolumu itirdim" — deyir müsahibimiz.

Katya ilə rəsmən ailə həyatı qurduqlarını qeyd edir: "Elə-belə qız tapıb yaşamamışdım. Mən ailəmlə birlikdə Azərbaycana da gəlmişdim. O vaxtlar cavan idim. 1984-cü ildə əsgərlikdən gəlmişdim. 1985-ci ildə isə Rusiyaya getdim. 21 yaşım var idi. Mənimlə yaşıd idi Katya. Valideynləri çox imkanlı idi. Ruslar çox gözəl millətdir. Onlarla dost olmaq, onlarla bir yerdə yaşamaq gözəldir".

V.Mütəllimov bildirir ki, o, Katya ilə ailə həyatı qurmağa hazırlaşanda hər iki tərəfin valideynləri narazı olub bu izdivaca. Amma sonradan Vasifin anası ilə Katyanın anası rəfiqə olublar. Mütəllimov deyir ki, hazırda oğlu Rusiyada, Katyanın ata-anası ilə yaşayır, hətta nənəsigil ona ev də verib.

© Sputnik / Irade JELILVasif Mütəllimov
Vasif Mütəllimov - Sputnik Azərbaycan
Vasif Mütəllimov

Vasif son həbs cəzasını da Rusiyada çəkib. Həbsdən çıxandan sonra Azərbaycana deportasiya edilib və burada bir müddət kirayələrdə qalıb. Sonradan yaxınlarının məsləhəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan, 18 yaşından yuxarı şəxslər üçün müvəqqəti sığınma evinə pənah gətirib.

Dediyinə görə, bir arzusu var — Rusiyaya gedib ömrünün son günlərini oğlunun yanında keçirmək: "Mən bu gün onun yanına getmək istəyirəm. Amma təəssüf ki, Rusiyaya girişimə 2022-ci ilə qədər qadağa qoyulub. Neçə vaxtdır oğluma teleqram göndərmək istəyirəm ki, "oğlum, mən varam". Amma imkan tapa bilmirəm".

"Oğlumu 29 ildə cəmi bir dəfə görmüşəm. 2009-cu ildə Azərbaycanda azadlığa çıxıb oğlumun yanına getdim və orada həbs edildim. Onda oğlumun 20-21 yaşı var idi", — deyən həmsöhbətimiz kədərli gözlərini bizdən gizlətməyə çalışır.

Deyir ki, "içəridə" həyatın necə keçməsi insanın özündən asılıdır: "Azadlıqda normal yaşayan adam həbsdə də yaşaya bilir. Bircə fərqi var ki, azad olmursan. Hər şeyi icazə ilə edirsənsə, bu, yaxşı ola bilməz. Həbsxana heç də yaxşı yer deyil. Həyatda o qədər peşmançılıqlarım var ki. Bütün cavanlığım gedib. Mən cəmi 3-5 il gün görmüşəm".

Həyatın hər üzünü görmüş müsahibimiz bu gününə də şükür edir: "Azərbaycana qayıdanda ölkəmizin necə dəyişdiyini gördüm. Mən Azərbaycanı belə görməmişdim, ancaq sovet dövrünün Azərbaycanını görmüşdüm. İndi küçədə qalmadığım üçün şükür edirəm".

Gülay oğlu ilə birlikdə Təmiz Dünya İctimai Birliyinə sığınıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...

Sığınacaq sakini gecələr daha çox düşündüyünü dilə gətirir: "Düşünürəm ki, görəsən, nə qədər vaxtım qalıb? Görəsən, oğlumu görə biləcəyəmmi? Mən var ola-ola ölmək istəmirəm. İstəmirəm ki, öləndə ardımca "türemşik olub da" desinlər. Mən normal yaşamaq istəyirəm. Rusiyaya gedə bilsəm, bu dəfə halal yolla qazanmağa çalışacağam".

O, bizi bir daha cinayət törətməyəcəyinə də ianandırmağa çalışır: "Kimsə mənə sataşsa da, özümü görməməzliyə vuraram. Görsəm belə, üstünə getmərəm ki, "mən türmədə yatmışam mənə, ilişmə". Çalışaram ki, uzaq olum cinayət aləmindən. Kimsə soruşsa, düzünü deyərəm. Çünki yalan danışa bilmirəm".

Demək olar ki, bütün ömrünü həbsdə keçirən Vasif Mütəllimov azadlığın nə demək olduğunu da başa düşə bilmir. Arzuları var, ümidləri var. Deyir ki, "Bəlkə ailə quraram, bəlkə oğlumun yanına gedərəm, heç kim heç vaxt həbs həyatı yaşaması ilə fəxr etməməlidir. İnsan dünyaya bir dəfə gəlir, o həyatı da azadlıqda insan kimi yaşamaq lazımdır…"

P.S. Öz istəyinə uyğun olaraq V.Mütəllimovun fotolarını təqdim etmirik.

Xəbər lenti
0