Qəbələ rayonunun Tikanlı kəndindəki körpü

Azərbaycanda qorxulu bölgə: Orada insanlar bir-birilərinə "yaxşı yol" arzulamırlar

22740
(Yenilənib 11:22 15.02.2018)
Tikanlıya və ondan sonra gələn digər kəndlərə getmək üçün, sözün həqiqi mənasında, qıl körpüsündən keçmək lazımdır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Deyirlər, bu kəndə gələn qonaq-qara bir də oraya ayaq basmaq istəmir. Söhbət Qəbələ rayonunun Tikanlı kəndindən gedir. Belə deyilməsinə səbəb isə kəndin körpüsüdür. Məhz bu körpü rayonla 10 kəndi birləşdirir. Ancaq buna körpü demək mümkündürsə…

Kənd sakini Məmməd Zeynalov Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, bu şəraitdə yaşamaq olduqca çətindir: "Hətta mümkün deyil. Xəstələrimiz olduqda isə, qorxu içində qalırıq. Çünki heç bir təcili yardım və digər qurumlar körpüsü olmayan bu kəndə gəlmək istəmir. Hamı problem ucbatından gəlməkdən imtina edir".

Alternativ yol isə, nə az-nə çox, düz 50 kilometrlik məsafədə yerləşir. Çayın üzərində körpü olmadığına görə rayon mərkəzinə gediş-gəliş çətindir. 10 kəndin sakinləri bu çayın üstündən keçib gedirlər.

  • Qəbələ rayonunun Tikanlı kəndindəki körpü
    Qəbələ rayonunun Tikanlı kəndindəki körpü
    © Sputnik / Ilham Ahmadov
  • Qəbələ rayonunun Tikanlı kəndindəki körpü
    Qəbələ rayonunun Tikanlı kəndindəki körpü
    © Sputnik / Ilham Ahmadov
  • Qəbələ rayonunun Tikanlı kəndindəki körpü
    Qəbələ rayonunun Tikanlı kəndindəki körpü
    © Sputnik / Ilham Ahmadov
  • Qəbələ rayonunun Tikanlı kəndindəki körpü
    Qəbələ rayonunun Tikanlı kəndindəki körpü
    © Sputnik / Ilham Ahmadov
1 / 4
© Sputnik / Ilham Ahmadov
Qəbələ rayonunun Tikanlı kəndindəki körpü

Kəndlilər rayon mərkəzinə gəlmək üçün çay üzərindən ağır yük maşınları ilə keçirlər. Yük maşını ilə çayı keçməyin qiyməti 1 manatdır. Pul vermək istəməyənlər, verə bilməyənlər isə sürətlə axan suyu yalın ayaqla keçmək məcburiyyətindədirlər.

Sağollaşanda bir-birinə "Yaxşı yol" mənasında "Güllü-çiçəkli yollar!" arzulayan camaatın yaşadığı bu kəndin yolu yoxdur. Daha doğrusu, Tikanlıya və ondan sonra gələn digər kəndlərə getmək üçün, sözün həqiqi mənasında, qıl körpüsündən keçmək lazımdır.

Qəbələnin özü ilə bu kəndin arası vur-tut 9 kilometrdir. Tikanlı kəndi ilə ondan sonra gələn kəndin arasında da normal gediş-gəliş var. Qara çayın üzərində tikilən körpü rayon sakinlərinin bir-biri ilə hal-əhval tutmalarına imkan yaradır. Yeganə problem odur ki, Tikanlı-Bum yolunun üzərinə bir körpü salınmalıdır.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Qəbələ Rayon İcra Hakimiyyətindən bildirildi ki, Tikanlı çayının yatağının daha geniş olmasına görə orada böyük körpü salınmalıdır: "Bu məsələ müvafiq qaydada işlənib və tikintisi Dövlət Proqramına salınıb. Proqram əsasında həmin çayın üzərində körpü quraşdırılması nəzərdə tutulur".

22740
Teqlər:
Tikanlı kəndi, Qəbələ rayonu, məsafə, Sputnik Azərbaycan, kənd, sakin, əhali, rayon, körpü
Əlaqədar
Bakıda sərxoş körpüyə çıxaraq intihara cəhd etdi
Məktəblilərin əziyyətinə son qoyuldu, yeni körpü istifadəyə verildi
Körpü uçdu, insanlar 280 metr dərinliyində dərəyə düşdü
Bakıda körpünün üzərində iki zəncirvari qəza - FOTOLAR
Memarı inşa etdiyi körpünün altına qoyub üstündən qatar keçiriblər — Azərbaycanda
Goranboyda pambıqçıları daşıyan avtobus körpüdən aşıb, xeyli yaralı var
Bu körpü dünya rekordu vurdu
Dəmiryol Xətti, arxiv şəkli

Bərdədən Ağdama qatarlar işləyəcək

2
Ümumi uzunluğu 45 km olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları”na ilkin olaraq 5,0 (beş) milyon manat ayrılacaq

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda deyilir: “2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

2
Teqlər:
Sərəncam, Prezident İlham Əliyev, layihə, tikinti, dəmiryolu, Ağdam, Bərdə
Azərbaycan bayrağı, arxiv şəkli

İşğaldan azad edilmiş ərazilərdə məsələlərə mərkəzləşdirilmiş qurum baxacaq

4
(Yenilənib 16:58 24.11.2020)
Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılıb.

Qərargahın rəhbəri

Dağıdılmış Ağdama mənzərə
© Official website of President of Azerbaijan Republic

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Qərargahın üzvləri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri 

Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Kamran Əliyev – Azərbayan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Orxan Sultanov – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi

Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini

Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

4
Teqlər:
işğaldan azad edilmiş ərazilər, Azərbaycan

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

0
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0