Bakıda gəzişən adamlar

Cəmiyyətdə böyük qəzəb: O videonu çəkən yayan sərt şəkildə cəzalandırılsın!

859
(Yenilənib 17:37 13.02.2018)
"Həmin videonu çəkən və yayımlayan insanlar həbs olunmalıdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. 132-134 saylı Təhsil Kompleksində iki məktəbli arasında baş verən xoşagəlməz hadisənin videosunun yayılması son günlər sosial şəbəkələrdə əsas müzakirə mövzusudur. Sosial media istifadəçiləri hadisəyə müxtəlif yanaşma sərgiləyərək fərqli fikirlər bildirirlər.

Bir çoxları bu hadisədə oğlanı, müəyyən insanlar isə qızı günahkar bilirlər. Münasibət bildirənlər arasında valideynləri və məktəb direktorunu da günahkar sayanlar az deyil. Maraqlısı odur ki, fikir bildirənlər arasında, hətta gənclərə haqq qazandıranlar da var.

Etiraf edək ki, məlum hadisədə qəbahət sayılacaq ilk məsələ baş vermiş olayın videosunun sosial mediada yayımlanmasıdır. Sputnik Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında məlum videonun yayılması ilə bağlı sorğu keçirib. Onlara "İki məktəbli arasında baş verən məlum hadisənin videosunun ictimailəşdirilməsinə necə baxırsınız?" sualı ünvanlanıb.

Sorğumuzda iştirak edənlərin, demək olar ki, hamısı bu tip videoların yayılmasını doğru hesab etmədiklərini bildiriblər. Bu tip videoları yayan şəxslərin qanun qarşısında cəzalandırılmasını tələb ediblər. Sorğuda iştirak edənlərin fikirlərini olduğu kimi təqdim edirik:

Turan Əliyev: "Kiminsə eybini yaymaq olmaz. Nə insanlığa sığır, nə də müsəlmanlığa".

Gülşən Raufqızı: "Buna normal baxmağın özü anormallıq olar. Ən azından internetdən istifadə edən azyaşlılar və məktəblilər nəzərə alınmalıdır".

Ləman Bayramova: "Bu video iki yeniyetmənin gələcəyini puç etdi. Onlar yeniyetmə dövründə hislərini cilovlaya bilməyən uşaqlardır. Amma sağ olsun boynuyoğun "kişilər", bu videonu öz ehtiraslarına görə yayıb, uşaqların gələcəyinə ən ağır damğanı vurdular. Cəmiyyətimizdə bu cür problemlər cərəyan edirsə, bu, ən son olaraq o iki körpənin günahıdır. O uşaqlar aynadırlar. Təhsilsizliyin, maarifsizliyin, milliliyimizin (mentaliteti nəzərdə tutmuram) yox olduğunun aynasıdırlar, səbəbkarı deyillər. Xalqın içində özgələşmə gedir. Sovet hökuməti vaxtında yaşamamışam, amma zənn edirəm ki, Sovet dövründə daha şüurlu və əxlaqi çərçivədə baxılırdı bu məsələlərə, daha konstruktiv yanaşılırdı. Çünki təhsil var idi".

Vüqar Vəliyev: "O videoya baxmağa səbrim çatmır. Gənc qıza qarşı insanlığa sığmayan zorakılıq edilib. Bu qızın valideynlərini cəmiyyət qarşısına çıxarıb qınamaq lazımdır. Bu qızın bu dərəcəyə gəlməsində tək günahkarı valideynləridir. Heç kimi qınamaq lazım deyil".

Könül İbrahim: "Əlbəttə, normal baxmıram. Bu mövzu çox uzandı. Şərh belə, bildirməmişəm indiyə qədər. Hər kəs kimdəsə günah axtarır. Heç kim özündə günah görmür. Cəmiyyət olaraq dəyişikliklər etməliyik özümüzdə, təfəkkürümüzdə, tərbiyə üsulumuzda. O uşaqlara haqq qazandıranları da, qınayanları da anlamıram. Gəlin, birinci özümüzə baxaq. Düzdür, onlar düz addım atmayıb. Mən də 13-14 yaşlı qızımın sekslə məşğul olmasını istəmirəm. Bunun üçün isə uşağı normal istiqamətləndirməliyik. Özünü, cinsini tanıtmalıyıq. Uşaqdır, onu-bunu bilməsin, tərbiyəsi pozular deyib, hər şeydən məhrum etməməliyik. Başa salmalıyıq ki, erkən seks orqanizm üçün zərərlidir. Övladımızın səhv addım atmasını istəmiriksə, özümüz maariflənib, tərbiyələnib, normal uşaq böyütməliyik. Oğlumuza "sən kişisən, sənə hər şey olar" deməməliyik. Qızımızı başıqapazlı etməməliyik".

Günel Cəlilova: "Bu tip videoların yayılması düzgün deyil. Videonu çəkən şəxs və onu yayan məsuliyyətə cəlb olunmalıdır. Ümumiyyətlə, belə videoların ictimailəşməsi düzgün deyil. Çünki sosial şəbəkədən başqa uşaqlar da istifadə edir. Bu hal onların tərbiyəsinə və psixologiyasına təsir edir. Həmçinin, bu videonun yayılması məlum şəxslərin gələcəyini də məhv edir".

Sərdar Yusifoğlu: "Həmin videonu çəkən və yayımlayan insanlar birinci növbədə həbs olunmalıdır. Çünki özünü ölüm həddinə çatdırmaq hadisəsi var. Gəncləri isə qınaq obyektinə çevirmək lazım deyil".

Nigar Məhərrəmova: "Videogörüntülər olmadan baş verənləri ictimailəşdirmək normaldır. Amma video ilə hadisəni ictimailəşdirəndə müəyyən detallara fikir vermək lazımdır ki, əks təbliğat olmasın".

Nemət Orucov: "Bu cür hadisələrə mətbuat diqqət etməlidir. Lakin bu diqqət ictimai qınaq konteksində olmalı, sensasiya naminə əndazəni aşmamalıdır. Lakin bizim bəzi saytlar bu haqda videonu tirajlayıb, az qala hadisə barədə detallı informasiya veriblər. Halbuki bu informasiyanı verərkən ictimai maraqlar baxımından onun nə dərəcədə xeyirli olub-olmayacağına diqqət edilməyib. Nəticədə ictimai əxlaq qaydalarına zərər vurulub, jurnalist etikası pozulub. Məncə, belə hallarla bağlı media həssaslıq nümayiş etdirməli, informasiyanı oxucuya çatdırmalıdır, lakin bu halda qurban və onun ailəsinin nüfuzu nəzərə alınmalıdır".

Savalan Talıblı: "O videonun yayılması heç nəyi dəyişmədi və dəyişməyəcək də. Cəmiyyəti bu cür tərbiyə etmək mümkün deyil. O videodan sonra o videoya aid olanların yaxınları, məktəb yoldaşları da nəticə çıxarmadı. Əksinə, onlar tərəfindən qınanan sadə oxucular və izləyicilər oldu".

Mülkədar Rüstəmov: "Utancverici bir hadisədir. Videonu çəkib paylaşan məsuliyyətə cəlb olunmalıdır".

Aygün Quliyeva: "Videonu çəkib yayan cəzalandırılsa, bir daha heç kim bu hərəkəti təkrarlamaz".

Pünhan Şükür: "İnternetdə uşaqların tərbiyəsini pozacaq ünvanlar çoxdur və onlara rastlaşmaqdan heç kəsin övladı sığortalanmayıb. Bu kimi videoları müşayiət edən assosiasiyalar isə özündə daha çox pis əmələ görə rüsvayçılıq və cəza ehtiva etdiyindən, yayılması əhəmiyyətlidir".

859
Teqlər:
132-134 saylı Təhsil Kompleksi, video, oğlan, məktəbli, məktəb, gənc, qız
Əlaqədar
Təhsil Nazirliyi orta məktəbdə yaşanan qalmaqala aydınlıq gətirdi
Bakıda məktəbdə zorlanan qız damarlarını kəsib
Bakı məktəbində dəhşət: Azyaşlını zorlayan yeniyetmə tutuldu
Bakı məktəbində şok: Şagird sinif yoldaşlarını qorxunc xəstəliyə yoluxdururmuş
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanın xoşbəxtlər arasında yeri açıqlanıb

3
(Yenilənib 18:34 26.11.2020)
Xoşbəxtlik indeksinə görə, Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

BAKI, 26 noyabr — Sputnik. Dünya ölkələrinin xoşbəxtlik indeksi açıqlanıb.  

Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, xoşbəxtlik indeksinə görə, Azərbaycan 5.16 indeksi ilə 150 ölkə sırasında 87-ci olub.

Rusiya bu siyahıda 71, Türkiyə 91, Ermənistan 114, Gürcüstan 115, İran 116-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, xoşbəxtlərin siyahısında ilk üçlükdə ardıcıl olaraq Finlandiya, Danimarka və İsveçrə qərarlaşıb.

3
Teqlər:
Gürcüstan, Ermənistan, Türkiyə, İsveçrə, Danimarka, Finlandiya, Azərbaycan, Rusiya
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

5
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

5
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK