Zəli

Azərbaycandan İrana daşınan canlı: Qadınlar onu bədənlərində keçirirlər

860
(Yenilənib 21:44 02.02.2018)
Dövlət Gömrük Komitəsinin ölkədən çıxarılan zəlilərlə bağlı göstərdiyi rəqəmlər reallığı əks etdirmir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Tibbi zəlilər (lat.. Hirudo medicinalis) Masallı rayonunun Boradigah qəsəbəsinin bir neçə sakininə çox böyük gəlir gətirir. Onlar arasında elələri də var ki, bütün biznesini zəli üzərində qurub. Qəsəbə sakinləri bu həlqəvi qurdlardan ildə on minlərlə manat qazanır.

Bu barədə Sputnik Azərbaycan-a AR Dövlət Gömrük Xidmətinin zəli qaçaqmalçılığı ilə bağlı məlumatını şərh edərkən Masallı rayon Polis Şöbəsindən bildiriblər.

Qeyd edək ki, ötən il ərzində gömrükçülər dəyəri 301,2 min manat olan 300,4 min ədəd qaçaq yolla ölkədən çıxarılmağa cəhd edilən zəli ələ keçiriblər.

Lakin, hüquq-mühafizə orqanlarından bildiriblər ki, Gömrük Komitəsinin zəli qaçaqmalçılığı ilə bağlı açıqladığı rəqəmlər reallığı əks etdirmir. Real rəqəmlər rəsmi göstəricilərdən 8-10 dəfə çoxdur və zəliləri aşkarlamaq o qədər də asan məsələ deyil. Çünki rentgen cihazları zəliləri göstərmir. Ticarətlə məşğul olan qadınlar adi xırdavat malları kimi zəliləri ehtiyatla bağlamalara yığaraq özləri ilə aparırlar. Ya da zəlini bədənlərinə yapışdirib, sərhədi keçirlər.

"Boradigahın Mollaoba kəndi ərazisindəki su kanalında çox sayda zəli var. Yerli sakinlər onları tutaraq apteklərə satır, yaxud ölkədən çıxarırlar. Burada bu işlə məşğul olan konkret adamları tanıyırlar. İranda 1 zəlinin qiyməti 1 manata başa gəlir" — deyə polisdən bildiriblər.

Xatırladaq ki, 2017-ci ilin fevralında Astara rayonunun gömrükçüləri sərhəddə qaçaqmalçılıq yolu ilə Azərbaycandan 29 min tibbi zəli aparmağa cəhd edən İran İslam Respublikasının vətəndaşını saxlamışdı. Sərnişin avtobusunun sürücüsü Zahidi Qulamrza Əbülfəz maşının yük yerində 2 plastik vedrə zəlini gizlədərək İrana keçirməyə cəhd göstərib. Saxlanılmış zəlilər yenidən vəhşi təbiətə buraxılmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna verilib. Zəlilər Şirvan Milli Parkı ərazisində yerləşən və zəlilərin təbii areallarından biri olan Qızılqaz gölünə buraxılıb.

860
Teqlər:
biznes, İran, qaçaqmal, zəli