İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 30 yanvar — Sputnik. Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığının yaşı iki əsrədək gedib çıxır. Məzarlıq rayon mərkəzinə yaxın yerləşdiyindən burada şəhər sakinləri də dəfn edilir.
Bu qəbiristanlığı digərlərindən fərqləndirən isə buradakı qəbirlərin bir-birinə əks istiqamətə baxmasıdır. Kənd sakinlərinin sözlərinə görə, dəfn edilənlərin hamısı müsəlman olmasına baxmayaraq, 70-dək qəbir digərlərindən fərqlənir. Hətta elə ər-arvad qəbirləri var ki, onlardan birinin üzü qibləyə, digərinin üzü isə başqa istiqamətə basdırılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən məsələ ilə bağlı Yuxarı Qarxun kəndində yaşayan molla Zaməddin Salahovla söhbətləşib. Molla üzü qiblə istiqamətinə olmayan qəbirlərin Yevlaxda yaşayan qaraçı tayfalarına aid olduğunu deyib.
"Yevlaxda bir-birindən fərqli iki qaraçı tayfası var ki, onların hər ikisi müsəlmandır, xeyirləri-şərləri, bir qayda olaraq, şəriətə uyğun aparılır. Bu tayfalar ötən əsrin ortalarında Yevlax ərazisinə gələrək Yuxarı Qarxun kəndi yaxınlığında çadırlar quraraq yerləşiblər və ölülərini də bu məzarlıqda dəfn ediblər", — o danışıb.
Z.Salahovun sözlərinə görə, Xruşşovun (1953-1964-cü illərdə Sov.İKP MK Baş katibi) qaraçıların köçəri yaşamalarını qadağan etməsi və onlara istədikləri yerdə məskunlaşa bilmək ixtiyarı verilməsindən sonra qaraçılar Yevlax şəhəri ərazisində məskunlaşıblar: "Bundan sonra da ölülərini yenə Yuxarı Qarxun məzarlığında dəfn ediblər".
Qəbirlərin əks istiqamətlərdə basdırılmasına gəlincə isə, molla bunun onların başqa dinlərə sitayişdən irəli gəlmədiyini, sadəcə bilməməzlikdən, vaxtında düzgün istiqamət verilmədiyindən olduğunu bildirib: "Əvvəllər onlara göstərib, başa salan olmayıb və nəticədə bir neçə qəbir düzgün qazılmayıb. Sonradan tayfadan ölən olduqca əvvəlki qəbirlərə uyğun dəfn edilib".
"İndi isə başa salırıq ki, belə qəbir forması şəriətə uyğun deyil. Qəbir elə qazılmalıdır ki, ölü sağ çiyni üzərinə qoyularkən üzü qibləyə baxsın. Bunların isə başlarının arxası qibləyə baxır", — deyə molla əlavə edib.
Müsahibimiz əksər insanların dediklərinə əməl etdiyini bildirsə də, bəzilərinin "mənim atam bu istiqamətdə dəfn edilib, mən də belə edirəm deyib" öz bildiklərini edənlərin də olduğunu deyib.
BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:
“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.
Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:
“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.
BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.
Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:
"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".
"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.
BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.